AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yaqub Mahmudov: “Tiqranın, ümumiyyətlə, Qafqaza dəxli yoxdur”

06.03.2020 17:16

Fevralın 15-də Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında tarixi bir debat baş tutdu. Dövlətimizin başçısı tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq erməni baş naziri debat zamanı çətin duruma saldı. Debatla bağlı AMEA-nın həqiqi üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Xalq qəzeti”nin əməkdaşı Anar Turana geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Yaqub müəllim, debatın gedişi, müzakirə edilən məsələlərin məzmunu və dövlət başçımızın ermənilərin liderinə tutarlı cavabları barədə sizin də tarixçi-alim kimi fikirlərinizi öyrənmək istərdik…

– Əvvəlcə, onu bildirim ki, bu debat mənim üçün xüsusən ürəkaçan oldu. Həqiqətən, dövlət başçımızla, onun tarixi bilgilərini sərrast ifadə etməsi ilə bir daha qürur duydum. Azərbaycanın dövlət başçısının çıxışı Ermənistanın baş nazirinin üzərində çox böyük qələbə idi. Bu, bütün millətimizin iradəsini əks etdirən cavablar idi. Azərbaycan bu məsələdə bir daha mövqeyini möhkəmləndirdi. Mən Prezident İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. O, bu debatla bir daha sübut etdi ki, təsadüfi lider deyil, böyük intellektə, mahir idarəçilik keyfiyyətlərinə malikdir və Qarabağ münaqişəsinin tarixi köklərini Paşinyandan dəfələrlə yaxşı bilir.

Tarixə ekskurs edən dövlət başçımız çox haqlı olaraq Kürəkçay müqaviləsinə toxundu. O, sübut etdi ki, ermənilər Cənubi Qafqazın, Dağlıq Qarabağın yerli əhalisi deyil. Bir faktı qeyd edim ki, 2005-ci ilə qədər onlar bu məsələ ilə bağlı xarici ölkələrdə, xüsusən Rusiyada konfranslar təşkil edirdilər. Biz elə həmin il “Qarabağ-Kürəkçay müqaviləsi” adlı kitabı nəşr etdik. Həmin ilə qədər erməni millətçiləri Moskvada toplaşıb dünyaya car çəkirdilər ki, bəs Qarabağın yerli əhalisi idik və ruslar gəlməsəydi, bizi müsəlmanlar, türklər məhv edəcəkdi. Biz qərara gəldik ki, bu kitabı buraxaq və dünyaya yaymaqla onlara sübut edək ki, bu müqavilədə, ümumiyyətlə, ermənilərin bir etnik qrup kimi adı belə çəkilmir. Müqavilədə iki ismin adı xüsusi göstərilir. Biri Qarabağ xanı İbrahimxəlil xan, digəri isə xanlarımızın qəddar düşməni olmuş general Sisianov idi. Yəni biz Kürəkçay müqaviləsinin bir neçə dildə mətnini tam vermişik. Bütün faktlar ortadadır. Müqavilədə də vəd olunur ki, Qarabağ xanlığı Rusiyanın himayəsinə daxil olur və xanlığın torpaqları da gələcəkdə İbrahimxəlil xanın ailəsinə məxsus olacaq. Ona görə də möhtərəm Prezidentimiz xüsusi olaraq bu məsələni qeyd etdi ki, Qarabağ torpaqlarında sizin mövcudluğunuz bu hadisələrdən sonra mümkün olmuşdur. İlk mənbələrdə sizin xalqınızın adı yoxdur. Ümumiyyətlə, Prezidentin Kürəkçay məsələsini qaldırması debatın taleyini həll etdi.

Lakin ermənilərin iddiaları yerə-göyə sığmır. Hər zaman sadə ermənilər də bu iddialarla zəhərləndirilib. Guya, onlar bu torpaqlarda ta qədimlərdən olublar və bu ərazilər onlara məxsus olub. I Pyotrun verdiyi fərmanda çox açıq deyilir ki, ermənilər bizim din qardaşlarımızdır. Onlar çətin vəziyyətdədirlər və onları Azərbaycan ərazisinə köçürmək lazımdır. Yəni bu Pyotrun göstərişidir. Ermənilərin bu torpaqlarda mövcud olmamasına dair bundan böyük sübut ola bilərmi? Hətta bir az da dərinə getsək, daha böyük faktlar var ortada. İndiki Ermənistan dövlətinin yerləşdiyi yerdə bizim İrəvan xanlığımız olub. Bu, təkzibolunmaz faktdır. İrəvan xanlığının tarixi ilə bağlı monumental kitab hazırladıq. Alman, italyan, ərəb, ingilis, ispan, rus dillərinə tərcümə olundu. Dünyanın bir sıra ölkələrində təqdimatını keçirdik. Heç bir erməni millətçisi də cəsarət edib tutarlı cavab verməyib bu işimizə. “İrəvan xanlığı” kitabında maraqlı rəsmlər və sənədlər təqdim etmişik. Burada məhşur rus rəssamı Maşkovun yaratdığı bir tablonu vermişik. Ermənilərin İrəvan ərazisinə köçürülməsini əks etdirən tablodan söhbət gedir. Tabloda Ağrı dağı da verilib. Biz bu kitabı dünya ölkələrinin əksəriyyətinə göndərmişik. Təkcə bu ciddi bir faktdır. Bu rəssam həmin hadisələrin iştirakçısı olub və gördüyünü çəkib.

İkinci bir qiymətli sənəd ermənilərin Ağdərədə ucaltdıqları abidənin fotosudur. Bu fotoda ermənilərin İranın Marağa şəhərindən bura köçürülməsinin 150 illiyi ilə bağlı qoyulan abidədən söhbət gedir. Hərçənd ki, sonralar ermənilər bu abidəni onların yalanlarını ifşa etdiyi üçün sökdülər. Bu abidə 1978-ci ildə açılmışdı. Lakin üstündən cəmi 10 il keçəndən sonra bu abidəni dağıtdılar. Amma abidənin əvvəlki şəkli də, dağıdılmış şəkli də əlimizdədir. Paşinyanın bu faktdan xəbəri varmı?

Paşinyana bildirmək istəyirəm ki, saxtakarlıq erməni millətçi yazarlarının əsas meyarı olub. Ermənilərin buralara köçürülməsi həm Türkmənçayda (1829) təsdiqlənir, həm də Ədirnə (1829) müqaviləsində öz əksini tapıb. Biri Qacar dövləti ilə Rusiyanın arasında bağlanılıb, digəri isə Osmanlı ilə Rusiya arasında. Yəni bunlar təkzibolunmaz beynəlxalq sənədlərdir.

Türkmənçay müqaviləsinin üçüncü maddəsində göstərilir ki, Rusiyaya qatılan ermənilərin köçürüldüyü ərazilər əsasən İrəvan, Naxçıvan xanlıqları olmalıdır. Bu müqavilədə Rusiya ərazisinə qatılan torpaqlarımız kimi konkret olaraq İrəvan, Naxçıvan xanlıqları və Ordubad mahalı göstərilir. Orada ermənilərdən bir kəlmə də söhbət açılmayıb. İrəvan qalası uzun müddət çar ordusuna müqavimət göstərib. Lakin 1828-ci ildə süqut etdikdən sonra bu proseslər baş verib. Bu xanlığın bayrağı, vahid pulu, sərhədləri, ordusu, dövlət atributlarına aid nə varsa, hər bir şeyi olmuşdur. Yəni bunu necə inkar etmək olar? Ermənilərin burada heç bir vaxt nə dövləti, nə sərhədləri, nə pulu, nə qoşunu, nə də əhalisi olub. Buranın aborigen əhalisi etnik azərbaycanlılardır. İrəvan xanlığının mübarizəsi böyük bir mövzudur. Bu, əsl qəhrəmanlıq tarixidir. Dünya tarixində az belə nüanslar var ki, bir qala-şəhər dörd dəfə mühasirəyə düşə, amma təslim olmaya. Bu mübarizəni kim aparırdı? Əlbəttə ki, Azərbaycan türkləri, Qacar tayfasından olan xanlarımız. Onlar bizim xalqın övladları idilər. Bu qəhrəmanlıq səhifəsini biz yazmışıq. Qalanın süqut etməsində şəhərin azsaylı erməni əhalisi xanın dəstələrinə zərbələr vurmuş, çar qüvvələrinə bələdçilik etmişdilər. Yəni ancaq xəyanət ! İrəvan xanlığının alınması ilə bağlı Rusiya imperatoru göstərişlər vermişdi. O bildirirdi ki, necə olursa-olsun, İrəvan alınmalıdır. Qalanın alınması xəbəri reallaşanda sənətkarlara medal hazırlatdırmışdı. O medallarda İrəvanın 8 məscidinin minarəsi görünür. Yəni İrəvan erməni torpağı idisə, orada 8 kilsə yox, niyə 8 məscidin minarəsi yer alıb bu medallarda. Yəni bunu inkar etmək mümkün deyil.

1911-ci ildə görkəmli rus alimi, etnoqraf Şavrov buranı tədqiq edəndən sonra “Zaqafqaziyada rus işinə yeni təhlükə” adlı kitab yazdı. Bu əsərdə əhalinin tərkibini verir və məlum olur ki, bu ərazidə - Cənubi Qafqazda 1,3 milyon erməni yaşayır. Onun bir milyondan çoxunun çar Rusiyasının köçürdüyünü qeyd edir. Bunu rus tarixçiləri və ekspertləri də dəfələrlə təsdiqləmişlər. Şavrov, eyni zamanda, bildirir ki, onlar yerli ermənilər deyil. Yəni bunu Paşinyan bilməlidir və açıb tarixi oxumalıdır. Hətta qeyd edim ki, biz İrəvan xanlığı kitabını yazarkən bir məsələni də xüsusi olaraq bura daxil etmişik. Deməli, 1827-28-ci illərdə Qacar dövləti Rusiyaya məğlub olduqdan sonra bağlanan müqavilələrin nəticəsində ermənilərin köçürülməsi həyata keçirilməyə başladı. Bu, təbii ki, həm Osmanlı, həm də Qacarların arasında ermənilərdən ibarət bufer zona hazırlanmasının ilkin və əsas mərhələsi idi. Bu köçə Lazarev qardaşları rəhbərlik edirdilər. Ermənilər köçə etirazlar edib və bununla razılaşmayıblar. Hətta onlara qarşı zor tətbiq edilib. Məcburi olaraq İrəvana, Qarabağ xanlığına köçürülüblər. Onların təhlükəsizliyinə təminat verilib və bildirilib ki, sizin qazancınız “Yeni vətən” olacaqdır. Bütün bu faktların hamısı əlimizdədir və onların hamısını Moskva arxivlərindən gətirmişik. Ermənilərin köçürülməsinə dair ən incə detallar belə nəzərə alınıb. Təsəvvür edin ki, dağda yaşayan erməni dağlıq zonaya, aranda yaşayan arana, şəhərli şəhərə, kəndli kəndə köçürülüb. Bəs bu kimi yüzlərlə faktları Paşinyan necə inkar edə bilər?

Cənab Prezident tam haqlı olaraq mövzunu məhz Kürəkçay müqaviləsindən başladı. Çünki ermənilərin bu torpaqlara kütləvi şəkildə gəlməsi məhz bu tarixdən sonra başlanır.

– İşğalçı ölkənin baş naziri çox uzaq “tarixə” baş vuraraq qədim dünya dövlətlərindən birinin başçısı olmuş Tiqranın adını çəkdi. Bu növbəti avantürizm idi. Sizin bir peşəkar tarixçi kimi münasibətiniz maraqlı olardı...

– Bəli, Paşinyanın növbəti sayıqlamalarından biri də bu idi. Əlbəttə ki, bu onun avantürist siyasətçi olduğunu göstərdi. O debat Tiqran məsələsinin yeri də deyildi. Bununla o, özünü rüsvay etdi. Hətta mənə göstərdilər ki, Ermənistanda belə Paşinyanın bu söhbəti qeyd etməsinə nə qədər erməni ciddi iradlar bildirib, onu lağa qoyublar. Axı Paşinyana demək lazımdır ki, 200 il bundan əvvəl bura köçürülən millətin burada necə dövləti ola bilərdi? Bu, sadəcə “böyük Ermənistan” xülyasından doğan bir iddiadır. Tarixdə belə dövlət heç zaman olmayıb. Bunların tarixi vətəni Balkan yarımadasında olub. Ermənilər Balkan yarımadasından Kiçik Asiya yarımadasına köç edən Frigiya etnoslarından biridirlər. Bunu tədqiqatçılar da araşdırıblar. Bu məsələni “Tarixin atası” adlandırılan antik müəllif Herodot da əsərində qeyd edib.

Bundan əlavə, görkəmli rus alimi Dyakonov da bu məsələyə toxunub. Ermənilər bura köçüb gələndən sonra Bizans kilsəsi ilə yola getməyib və Van tərəflərə qovulublar. Fərat çayının yuxarılarında iki vilayətdə yaşayıblar. Vilayətlərdən birini “kiçik Ermənistan”, digərini isə “böyük Ermənistan” adlandırıblar və bunu bu gün dünyaya “böyük Ermənistan” kimi sırımağa çalışırlar. Halbuki, araşdırmışıq ki, ümumiyyətlə, tarixdə belə bir dövlət mövcud olmayıb. Onların nə sərhədləri, nə vahid milli pulu, nə sülaləsi haqqında heç bir məlumat yoxdur. Makedoniyalı İskəndərin imperiyası dağıldıqdan sonra onun yerində bir sıra dövlətlər yarandı. Onlardan da biri kifayət qədər böyük əraziyə malik Selevki imperiyası idi. Həmin Ermənistan deyilən ərazilər bu imperiyanın ərazisinə daxil idi. Selevki imperiyası dağıldıqda iki selevki sərkərdəsi bu yerlərə yiyələndi. Bu iki sərkərdələrin də əsla erməni etnosuna aidiyyatı yoxdur. Onlardan biri Artaksi, digəri isə Zariadridir. Onların adını erməniləşdirib öz sərkərdələri kimi təqdim edirlər. Getsinlər alman mənbələrinə baxsınlar ki, elə bir dövlət yoxdur və tərcümədə də ciddi saxtakarlığa yol verilib.

Burada iki vilayət var, hansısa dövlət yoxdur. Bəhs olunan Frigiya etnosunun, yəni sonrakı ermənilərin Fəratın yuxarı axarlarında məskən saldığı dövrdə iranlılar bu vilayəti Armina adlandırırdılar. Deməli, bunlar həmin adı da özəlləşdiriblər və ediblər Armeniya. Bu, bütün mənbələrdə var. Hətta Anadolu yaylasının adı bir sıra elmi ədəbiyyatda “Erməni yaylası” kimi verilir. Təsəvvür edin ki, mən bunu araşdırdım və dünyanın bir sıra tarixçilərinə də bildirdim ki, bu, necə millətdir ki, dağdan da, yayladan da, ovalıqdan da öncə yaranır. Yəni bu yaylanın adı Anadolu yaylasıdır. Bəs bu necə “erməni yaylası” oldu? Əlbəttə, o alimlər də güldülər bu məsələyə və bunun qeyri-ciddi olduğunu bildirdilər.

Bunun da tarixi Osmanlının son dövrlərinə gedib çıxır. Deməli Osmanlı ərazisini bölüşdürmək istəyən Avropa imperialistlərinin nümayəndələrinin xəritələrində Anadolu yaylasının adını xristian təəssübkeşliyindən irəli gələrək ermənilərə görə “Erməni yaylası” adlandırıblar. Tiqranın da zamanında kiçik erməni çarlığı olub, amma heç vaxt böyük dövlətə çevrilməyib və romalıların hücumu nəticəsində məhv edilmişdir. Paşinyan isə deyir ki, Tiqranın zamanında biz elə olmuşuq, belə olmuşuq. Hətta Tiqran bir paytaxt qurmaq istəyirdi Tiqranakert. Onu da romalılar dağıtdı. Tiqranın, ümumiyyətlə, Qafqaza dəxli yoxdur. Tarixi mənbələrdə göstərilir ki, Tiqranın romalılarla müharibəsində onun köməyinə Azərbaycan - Atropatena hökmdarı çatıb. Baxın, bir dövlətin baş nazirinin tarixi bilik səviyyəsinə?! Bu insanın tarix elmindən, hadisələrin xronologiyasından ümumiyyətlə, xəbəri yoxdur.

– Cənab Prezident ermənilərin işğal etdikləri tarixi Azərbaycan torpaqlarında yer adlarının dəyişdirilməsi məsələsinə də toxundu. Bunlarla bağlı sizin fikirləriniz necədir?

– Prezident İlham Əliyev tamamilə haqlı qeyd edir bu məsələni, verilən sual, qaldırılan məsələ haqlıdır. Bəs hara getdi həmin Azərbaycan etnotoponimləri?! Əlbəttə ki, hamısını dəyişdiriblər, saxtarkarlıqla dəyişdiriblər. Paşinyan tarixi oxumalıdır və bilməlidir ki, biz İrəvan şəhərini 1918-ci ildə onlara müəyyən şərtlərlə güzəştə getdik. Şərtlərimiz sadə şərtlər deyildi. Onlardan ən vacibi o idi ki, ermənilər bir də Qarabağa, Zəngəzura iddia qaldırmasınlar. Əlbəttə, bu, strateji yanlışlıq idi. Çox keçməmiş ermənilər Qarabağa və Zəngəzura iddialarını irəli sürürlər. Bu məsələni biz hər zaman qaldırmalıyıq. Biz İrəvanı tərk edəndə müsəlman əhalinin orada qalmasını, əhaliyə, onların dini məbədlərinə toxunulmamasını ermənilərlə şərt kəsdik. Lakin sonra nə oldu ? Azərbaycanlılar soyqırımına məruz qaldı, dini abidələri dağıdıldı, azərbaycanlılar deportasiya edildi.

İrəvan şəhərinin adı böyük Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin sərkərdəsi Rəvan xan tərəfindən salınan qalanın adından götürülüb. Bunu ermənilər çox yaxşı bilirlər. İrəvan xanlarının sarayı o dövrün Şərq memarlığının şah əsərlərindən biri idi. Orada olan şəkillər hazırda əlimizdədir. Kitaba da daxil etmişik. Lakin indi, bu, yoxdur. Ermənilər bu sarayı niyə yox ediblər ? Bunları Paşinyan da, havadarları da bilməlidir.

Akademik Marr 1911-ci ildə gəlib görüb ki, bu qalanın bütün divarlarında olan rəsmlər, qeydlər hamısı dağıdılıb. Bu barədə hətta akademik öz yazılarında da məlumat verib. Qədim memarlıq abidələri olan İrəvanın səkkiz məscidi dağıdılıb. Bütün bu məscidlərin fotoları var. Yəni bu erməni barbarlığının nümunəsi deyilmi? Ermənilər özgə torpağında oturub, oranın sahibi olan bir millətin tarixi izini, irsini itirmək texnologiyasını həqiqətən də yaxşı bilirlər. Onlar İrəvan və yaxın hüdudlarında olan torpaqlarımızın bütün coğrafi adlarını dəyişdiriblər. Alban kilsələrinin hamısı erməniləşdirilib. Dağlıq Qarabağ vilayəti yaradılanda onun mərkəzi Şuşa şəhəri idi. Çünki xanlığın mərkəzi idi. Lakin onlar Şuşanın küçələrinin belə adlarını dəyişib, saxtalaşdırıblar.

– Yaqub müəllim, həm Nikol Paşinyan, həm də Prezident İlham Əliyev “Dağlıq Qarabağ” məsələsi ilə bağlı Qafqaz Bürosunun 1921-ci ildəki qərarı ilə bağlı məsələyə toxundular. Bu qərarı və Paşinyanın bu barədə fikirlərini necə dəyərləndirirsiniz?

– Paşinyan utanmadan saxtakarlığa yol verir və bu qərarda Qarabağın ermənilərə verilməsini qeyd edir. Burada Dağlıq Qarabağın Azərbaycanın tərkibinə verilməsindən söhbət getmir, onun bizim tərkibimizdə qalmasından söhbət gedir. Reallıq budur ki, Dağlıq Qarabağ erməniləri, daha doğrusu, haylaşmış, qriqorianlaşmış haylar, yəni ermənilər birləşmək istəmədilər Ermənistana. Çünki onlar tarixən Azərbaycanın tərkib hissəsi olublar. Sonradan ora köçürülən haylar sayca çoxalsalar da, orada ciddi bir dominantlıq əldə edə bilməmişdilər. Biz informasiya blokadasında olduğumuza görə ermənilər dünyanı aldatmışdılar. O zaman ümummilli lider Heydər Əliyev dünyanı gəzərək, bütün tədbir və görüşlərdə əlində xəritə tutaraq ermənilərin informasiya mühasirəsini yardı və dünyaya izah etdi ki, bu ərazilər Azərbaycanın tərkib hissəsi olub və Ermənistan dövləti olaraq öz qoşunlarını bura yeridərək torpaqlarımızı işğal edib. Paşinyan utanmadan növbəti yalana əl ataraq eks-prezident Ayaz Mütəllibovun müsahibəsində guya Xocalı soyqırımı ilə bağlı demədiyi sözləri də debatın mövzusuna əlavə etdi. Amma dövlət başçımız haqlı olaraq Paşinyanın cavabını verdi və bildirdi ki, Ayaz Mütəllibov sağ və salamatdır və o dəfələrlə bildirib ki, belə söz deməyib. Burada bir daha Paşinyanın Azərbaycanın keçmiş prezidentinin adından yalan danışdığı məlum oldu. Çünki debatdan dərhal sonra Ayaz Mütəllibov daha bir açıqlama verərək, Paşinyanın yalan danışdığını bildirdi. Xocalı soyqırımının günahını onun-bunun üzərinə atmaq istəyən Paşinyan bunun cavabını gedib sələfi Serj Sarkisyandan soruşsun. Çünki həmin Sarkisyan Tomas de Vala müsahibəsində bildirmişdi ki, azərbaycanlılar Xocalıya qədər elə bilirdilər ki, biz mülki əhaliyə güllə ata bimərik və biz zarafat edirik. Lakin biz bütün stereotipləri qırdıq və nəticə göz qabağındadır. Bunu ki, Serj Sarkisyan etiraf edib. Qaradan o yana rəng yoxdur. Bu söhbətdən sonra Paşinyan ümumiyyətlə Xocalı barədə danışmamalıdır. Sarkisyanı isə bu əməllərinə görə beynəlxalq məhkəmələr mühakimə etməlidir. Xocalıdan savayı, Qaradağlı qətliamı olub və digər işğal edilən bölgələrimizdə dinc sakinlərin öldürülməsi də soyqırımının bir hissəsi olmuşdur. Bunların hamısı faktdır.

– Yaqub müəllim, siz bu münaqişənin gələcək həlli yollarını necə görürsünüz?

– Beynəlxalq qətnamələr, qərarlar işə düşməlidir. Bütün bu qərarlar, qətnamələr bizim tərəfmizdədir. Lakin icra edilmir. Təcavüzkarların güclü lobbisi var. Dövlət başçımız haqlı olaraq bildirdi ki, biz bir dəfə ermənilərə dövlət yaratmaq üçün imkan vermişik. İkinci dəfə ermənilər dövlət yaratmaq istəyirlərsə dünyanın başqa yerini seçsinlər. Başa düşmək olmur ki, Azərbaycan neçə dəfə ermənilərə öz müqəddəratını təyin etmək üçün imkan verməlidir. Tarixi baxımdan biz bir dəfə buna getmişik, onlara bu şansı vermişik. Bundan sonra, hətta beynəlxalq təşkilatlar da onların tərəfində olsa belə, xalqımızın istəyinə qarşı haqsızlığa getsə, millətimizin iradəsini hər zaman fəaliyyətində əks etdirən Prezidentimiz buna imkan verməz. Bu məsələnin həlli yolu yalnız daha qüdrətli Azərbaycanın mövcud olmasıdır. Azərbaycan qüdrətli ölkə olduqca, xarici siyasəti də güclənəcək, ordusu da güclənəcək və o torpaqların azad edilməsi prosesi yaxın perspektivdə reallaşacaq. Çünki bu, bütün xalqımızın ən ümdə arzusu və istəyidir.

MənbəXalq qəzeti

Paylaş: