10.05.2020 01:34
Azərbaycanın XX əsr tarixinin böyük bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını – Yeni Azərbaycan Partiyasını o yaratmışdır. Ömrünün on ili ərzində Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət yaratmışdır. Müstəqil dövlətimiz – Azərbaycan Respublikası ulu öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.
Xalqımızın qədim və zəngin dövlətçilik tarixi bugünkü nəsillərə dahi şəxsiyyətlərimizin – Atropatlar, Cavanşirlər, Babəklər, Şəmsəddin Eldənizlər, Uzun Həsənlər, Xətailər, Şah Abbaslar, Nadir şahların müqəddəs əmanətidir. XX yüzillikdə son dərəcə ağır tarixi şəraitdə SSRİ kimi nəhəng bir imperiyanın tərkibinə daxil olan Azərbaycan SSR adlı asılı müttəfiq respublikanı müstəqil idarə etməklə, Sovet İmperiyası kimi nəhəng dünya dövlətinin başçılarından biri səviyyəsinə ucalmaqla Heydər Əliyev xalqımızın qədim dövlətçilik mədəniyyətini qoruyub saxlaya bildi. Bu, dünyanın heç bir dahi şəxsiyyətinin fəaliyyətində rast gəlinməyən misilsiz dövlət idarəçiliyidir. Ulu öndər bunun ardınca Sovet imperiyası dövründə qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsinə və doğma xalqının tükənməz sevgisinə arxalanaraq Azərbaycan tarixində ən müasir respublika tipli müstəqil bir dövlətin də banisi oldu.
Apardığımız tədqiqatlar sübut edir ki, ulu öndərin ömür yolunun hər bir səhifəsi daha dərindən araşdırılmalıdır. Bu dahi şəxsiyyətimizin mübarizə yolu araşdırıldıqca nəsillərə nümunə olan yeni faktlar üzə çıxır, olduqca zəngin, mənəvi sərvətlər xəzinəsinin sirləri açılır.
Fikrimcə, ulu öndərin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət quruculuğu fəaliyyəti, bir-biri ilə üzvi surətdə bağlı olan aşağıdakı dövrləri əhatə edir:
Birinci dövr – XX əsrin 40-cı illərindən 1969-cu ilədək, yəni Azərbaycanın rəhbərliyinə gəlişinə qədərki dövrü əhatə edir. Həmin illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışan Heydər Əliyev son dərəcə ağır maneələri və çətinlikləri dəf edərək, SSRİ-nin ölkəmizdə əsas dayağı olan Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldi. Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə – hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb. Bu gün bütün azərbaycanlılar, o cümlədən, xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. Onlar Dövlət Təhlükəsizliyi Komitəsində və Xalq Daxili İşlər Komissarlığında əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Hüseyn Cavidləri, Mikayıl Müşfiqləri, Salman Mümtazları, Əhməd Cavadları – Azərbaycan xalqının ziyalı qaymağını məhv etdilər. Bu baxımdan, Heydər Əliyevin DTK-nı azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil!
Heydər Əliyev qeyrətli və milli əhval-ruhiyyəli Vətən oğullarını DTK-ya işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı. Hazırda akademiyamızın Tarix İnstitutunda ulu öndərin bu dövrdəki dövlətçilik fəaliyyətinin daha dərindən tədqiq olunması diqqət mərkəzində saxlanılır.
İkinci dövr – 1969-1982-ci illəri əhatə edir. 1969-cu ildə – Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, həm də Sovet rejiminin bütün eybəcərliklərini – korrupsiyanı, süründürməçiliyi, rüşvətxorluğu cəsarətlə tənqid edərək Azərbaycanımızın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının önündə gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək, Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti xeyli artırıldı. Nəticədə 1970- 1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.
Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, emal müəssisələri, iri istehsal sahələri yaradıldı. Nəhəng sənaye kompleksləri işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə, Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə, bütövlükdə əvvəlki 50 ildəki nəticələrə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdı.
Ulu öndər bugünkü müstəqil Azərbaycanın Milli Ordusunun bünövrəsini hələ o zaman qoymağa başlamışdı. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Yaxşı yadımdadır. 70-ci illərin sonları idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşdum. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi və ona dərhal sual verdi: Tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirədə mən yenidən iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi.
Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
Beləliklə, Sovet rejiminin ağır əsarəti dövründə Heydər Əliyev Moskvadan asılı olan Şimali Azərbaycanı müstəqil idarə etməklə həm dövlət idarəçiliyi mədəniyyətimizi yaşatdı, həm də dövlətçilik tariximizin ən parlaq səhifəsini yazdı.
Üçüncü dövr – Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Moskva dönəmidir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi təmsil olunan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M. Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi.
Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçov nəhayət öz fitnəkar niyyətinə nail ola bildi. Xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində, bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Sevimli şairimiz Bəxtiyar Vahabzadə bu kədərli xəbəri eşitcək demişdi: “Ey vah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı!”. Böyük şair səhv etməmişdi. Xalqımızın Moskvada – sovet rəhbərliyində olan himayəçisi Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan qatı erməni millətçisi Aqanbekyan Dağlıq Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma siyasəti”nin iç üzü açıldı.
Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, soyqırımları başlandı. Çox keçmədən Ermənistanda, ata-baba etnik torpaqlarında yaşayan azərbaycanlılar doğma yurdlarından qovuldular.
Dağlıq Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə başladılar. Qorbaçov bu zaman öz əlaltıları olan Arutyunyanı Ermənistana, Vəzirovu isə Azərbaycana rəhbər göndərdi. Arutyunyan İrəvana çatan kimi “Miatsum” hərəkatı ilə birləşdi, Ermənistanın müstəqillik bayrağının qaldırılmasına nail oldu. Amma Azərbaycana göndərilən “azərbaycanlı” isə nəinki meydana düşüb xalqla birləşmədi, əksinə, Qorbaçova və sözün əsl mənasında, ermənilərə sədaqətlə xidmət etdi.
Heydər Əliyevin Böyük Vətən mücadiləsinin dördüncü dövrü 1987-1990- cı illəri əhatə edir. Bu illər Qorbaçovun başçılıq etdiyi Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Heydər Əliyev ömrünün bütün dövrlərində olduğu kimi, həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun tükənməz zəka potensialından məhrum edilmişdi.
Beşinci dövr – 1990-1993-cü illəri əhatə edir. Bu dövr Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi.
1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının qurtuluş mübarizəsi başlandı. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra – 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsini davam etdirdi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılıb atılması, Naxçıvan “Ali Sovet”inin “Ali Məclis” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və qaldırılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunması, 1990-cı ilin Yanvar qırğınına siyasi qiymət verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması barədə tarixi qərar çıxarılması, yeni iqtisadi-təsərrüfat sisteminin qurulmasına başlanması, habelə bir çox digər cəsarətli addımlar Naxçıvanı qurtuluş mücadiləmizin önünə çıxardı.
1992-ci ildə xalqımızın dahi oğlu Heydər Əliyevə qarşı təqiblər və zorakılıqlar kampaniyası keçirilərkən, partiya üzvləri pərən-pərən salınarkən, bir ziyalı kimi mən də haqqın müdafiəsinə qalxmış, konkret əməli addımlar atmış və mətbuatda öz mövqeyimi belə bir başlıqla açıq bildirmişdim: “Əgər Yeni Azərbaycan Partiyası elan etdiyi yolla gedərsə, onun tezliklə ən kütləvi partiya olacağına şübhəm yoxdur!” Bu gün mən dərin iftixar hissi keçirirəm ki, ilk üzvlərindən biri olduğum Yeni Azərbaycan Partiyası elan etdiyi yolla getdi, ötən dövr ərzində xalqımızın taleyüklü problemlərinin həllində misilsiz rol oynadı, nəhayət, müasir Azərbaycan cəmiyyətinin aparıcı və istiqamətverici qüvvəsinə çevrildi.
90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən, doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin şimal bölgəsində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: “Allah Heydər Əliyevə cansağlığı versin, bizi o, xilas edəcək”. Mən bütün bunların şəxsən şahidiyəm...
O zamanın sərt tarixi həqiqəti belə idi: 1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girov götürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. 90-cı illərin əvvəlində Azərbaycanı “prezidentləri qaçıb aradan çıxan dövlət” kimi tanıyırdılar. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında – Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim “olum, ya ölüm” məsələmizdir. Ulu öndərin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!..
1992-ci ilin mayında Xalq Cəbhəsinin rəhbərliyi Bakıda hakimiyyəti ələ keçirdi. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi hökuməti də böyük siyasətçi Heydər Əliyevi dövlətin idarə olunmasına yaxın buraxmadı, onun zəngin təcrübəsindən istifadə etmədi. Əksinə, onu Naxçıvana rəhbərlikdən kənar etmək üçün silahlı cəhd də göstərirdi. Lakin Naxçıvan əhalisi sevimli rəhbəri müdafiə etdi, onu Vətənimizin daha ağır günləri üçün qoruyub saxladı. 1993-cü ilin iyun günlərində müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsi yarandıqda xalqımız qəti hərəkət edərək dövlətimizin idarə olunmasını müdrik siyasətçi Heydər Əliyevə etibar etdi. Beləliklə, ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Onun Azərbaycanın rəhbərliyinə qayıdışı 1993-cü il iyunun 15-də oldu. Həmin gün o, Azərbaycan Respublikası Parlamentinin Sədri seçildi. Bir neçə aydan sonra isə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.
Altıncı dövr – 1993-2003-cü illəri əhatə edir. Bu, Heydər Əliyevin Böyük Vətən mücadiləsində onun öz şah əsərini – Azərbaycan Respublikası adlanan bugünkü müstəqil dövlətimizi yaratdığı dövrdür. Bu dövrdə ulu öndər son dərəcə mürəkkəb daxili çətinliklərin – ağır siyasi sınaqların, sui-qəsd təhlükələrinin, daxili və beynəlxalq irticanın birləşmiş qüvvələrinin bitib-tükənməyən fitnəkarlıqlarının, son dərəcə ağır iqtisadi-maliyyə çətinliklərinin üzərindən, dahi şəxsiyyətin özü demişkən, “incə siyasi tellərin üzərindən” keçərək müstəqil Azərbaycan dövlətini qurdu.
Bu ağlasığmaz dərəcədə çətin bir tarixi vəzifə idi. Bunu dərindən-dərinə qiymətləndirən ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyə qayıdan kimi, dərhal, bir neçə son dərəcə müdrik və cəsarətli tədbir gördü. Yurdumuzda vətəndaş müharibəsi qorxusunu aradan qaldırdı. Xalqımız rahat nəfəs aldı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb müstəqil dövlətimizi yox etmək planları pozuldu. Ulu öndərin bir sözü belə böyük bir problemin həlli üçün kifayət idi. Biz “Talış–Muğan Respublikası” ilə bağlı hadisələrdə bunu gördük. Bir bəyanat kifayət etdi ki, xalq həmin prosesin qarşısını alsın.
Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik, uzaqgörən dövlət xadiminin əlinə keçdi.
1993-cü ilin iyun günlərində, məhz o zaman, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bununla, artıq qeyd etdiyimiz kimi, Heydər Əliyevin Vətən naminə mücadiləsində altıncı dövr başlanmışdı. 1993-cü ilin iyununda başlanmış və 2003-cü ilədək davam etmiş bu dövr – mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə və Yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi. Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu.
Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti, maya qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bu tarixi nailiyyət idi. Çünki Xəzərin təkinin və səthinin bölüşdürülməsi ilə bağlı sahilyanı dövlətlər arasındakı problemlərin həll olunmadığı və bu dənizin taleyi ilə bağlı danışıqların bu gün də başa çatmadığı bir tarixi şəraitdə ulu öndər dünyanın nəhəng neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə cəlb edə bildi. Bu, Heydər Əliyev diplomatiyasının böyük nailiyyəti idi. Bu tarixi nailiyyətin ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi.
Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart sui-qəsdləri zamanı ağır sınaqlardan qələbə ilə çıxdı. Böyük azərbaycanlı Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan ölüm-dirim burulğanından çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur – sabitlikdir. Ölkəmizdə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Bununla 1993-cü ildə müdrik xalqımız ayağa qalxaraq, yekdilliklə və qəti şəkildə anarxiyaya, hərc-mərcliyə, ölkəni vətəndaş müharibəsinə, parçalanmağa doğru sürükləyənlərə “Yox!” dedi. Öz taleyini, Prezident sükanını Heydər Əliyevə etibar etdi. Millətimizin müdrik seçimi Azərbaycan xalqını, müstəqil dövlətimizi xilas etdi.
Azərbaycan xalqı on ildən sonra 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları “bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Xalq yenə seçim qarşısında qaldı və yenə də 1993-cü ildə olduğu kimi ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə yenidən “Yox!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti zorakılıqla ələ keçirmək düşüncəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu...
Bu gün Azərbaycanımız dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qafqazın lider dövlətidir. Artıq Vətənimiz dünyanın kosmik araşdırmalar aparan dövlətləri sırasına qoşulmuşdur. Yurdumuzun əldə etdiyi bütün tarixi nailiyyətlər zəmanəmizin böyük dövlət xadimi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirməsi nəticəsində əldə olunmuşdur. Ölkə başçısı dönə-dönə bəyan edir: Azərbaycan Heydər Əliyev yolundan dönməyəcəkdir.
Ölkə başçısının Heydər Əliyev ideyalarını sürətlə dəyişən tarixi şəraitə uyğun olaraq yaradıcılıqla zənginləşdirməsi, çevik, qətiyyətli və müdrik siyasəti yurdumuzu qələbələr ardınca yeni qələbələrə qovuşdurur.
Vaxtilə Heydər Əliyev korrupsiyaya, süründürməçiliyə, rüşvətxorluğa qarşı necə ardıcıl mübarizə aparırdısa, bugün İlham Əliyev eyni islahatları daha sərt ardıcıllıqla həyata keçirir.
Yaşadığımız günlərdə dövlətin, ölkə Prezidentinin etimadını doğrultmayan korrupsioner, süründürməçi, rüşvətxor məmurlar yenə, Heydər Əliyev dövründə olduğu kimi, təşviş içərisindədirlər. Xalq ölkə başçısının bu ardıcıl islahatçılıq tədbirlərini böyük rəğbətlə qarşılayır və öz gələcəyinə daha böyük ümidlə baxır. Bu, həm dahi Heydər Əliyev ideyalarının, həm də Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətinin böyük qələbəsidir.
Yaqub MAHMUDOV,
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi