AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda AXC-nin tarixinə dair dissertasiya müdafiə olunub

01.12.2017 15:46

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb.

Tədbirlər planına uyğun olaraq, institutda “Azərbaycan Xalq Cümhuriyyəti – Osmanlı münasibətlərinin öyrənilməsində Osmanlı mənbələrinin rolu” adlı namizədlik dissertasiyasının müdafiəsi olub. Dissertasiya işinin müəllifi Rəşad Qasımov, elmi rəhbər isə tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovdur.

Dissertasiya işində tarixşünaslıqda ilk dəfə olaraq Osmanlı arxiv sənədləri və materialları mənbəşünaslıq təhlilinə cəlb edilib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyev Tarix İnstitutuna Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir cildlik ensiklopediya lüğəti buraxmağı vəsiyyət etmişdi: “Tarix İnstitutu isə 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirdi. Hazırda həmin ensiklopediyanın yeni nəşri çapdan çıxıb. Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Dissertasiya tədqiqatında ensiklopediya barəsində bu sözlər yazılıb: “Azərbaycan tarixinin 1918-1920-ci illər dövründə baş vermiş hadisə və proseslərə obyektiv qiymət verilməsi baxımından iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası xüsusi əhəmiyyətə malikdir”.

Yaqub Mahmudov qeyd edib ki, böyük dövlətlərin və erməniləri Anadoludan uzaqlaşdırmaq siyasəti yeridən Osmanlı Türkiyəsinin təzyiqi ilə Azərbaycan Xalq Cumhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kv. km ərazi ilə birlikdə ermənilərə güzəştə gedib və Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb: “Ermənilər İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri pozduqlarına və işğalçılıq siyasətini davam etdirdiklərinə görə, İrəvanın verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib”.

Rəşad Qasımovla yanaşı, Tarix İnstitutunda “Azərbaycan XI-XIV əsrlərdə (“İranın Kembric tarixi” əsasında)” adlı namizədlik dissertasiyasının müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Sevda Abdullayeva, elmi rəhbər isə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Qeyd edək ki, son illərdə xarici ölkələrdə Azərbaycan tarixi ilə bağlı yazılmış əsərlər xüsusi dissertasiya mövzuları kimi tədqiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: