22.07.2020 13:00
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan mətbuatının yaranmasının 145-ci ildönümü ilə əlaqədar jurnalistlərə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“22 iyul, 2020-ci il Azərbaycan mətbuatının yaranmasının 145-ci ildönümüdür. Bu xoş fürsətdən istifadə edərək Sizləri peşə bayramı münasibətilə təbrik edirəm!
Biz milli mətbuatımızın şanlı tarixi ilə fəxr edir və qürur hissi keçiririk. 1875-ci il iyulun 22-də böyük ziyalımız Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. “Əkinçi” dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları cəhalətə qarşı mübarizəyə çağırmışdır. Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur və yüksək peşəkarlıq nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin mətbuat üzərində senzuranı ləğv etməsi çağdaş milli jurnalistikamızın inkişafına böyük təkan verdi. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalır və Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.
Fikrimcə, jurnalistlərimiz ağır pandemiya dövrünün əsas qəhrəmanlarından biridir. Sizlər həyatınızı təhlükə qarşısında qoyaraq koronaviruslu xəstələrlə görüşür və ictimaiyyəti maarifləndirirsiniz. Azərbaycanın media nümayəndələri cəbhə bölgəsində olur, erməni yalanlarını ifşa edir və xalqımıza doğru-düzgün informasiyaları çatdırırlar. Bu çətin dövrdə xalqımıza könüldən-candan xidmət edən Sizlərə cansağlığı arzu edirik!
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu KİV ilə sıx əməkdaşlıq edir. Mediamız institutun gördüyü işləri müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətlərinə çatdırır. Əgər Sizin dəstəyiniz olmasa, bizim gördüyümüz işlərdən nə xalqımızın, nə də dünyanın xəbəri olmaz! Jurnalistlərimizin işi tarixçilərimizin işi qədər şərəflidir. Bu şərəfli işinizdə Sizlərə böyük uğurlar arzu edirəm.
Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas vəzifəsidir. Tarix İnstitutu ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır. Alimlərimiz sübut etmişlər ki, ermənilər Qafqaza gəlmədirlər. Biz ASAN Radio ilə birgə “Azərbaycan tarixi” layihəsini həyata keçiririk. İnstitutumuzun saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytımızda daim yenilənən elektron kitablar bölməsi mövcuddur. Elmi müəssisəmiz sosial şəbəkələrdə fəaldır, onun Feysbuk səhifəsi və Yutub kanalı var.
Əziz dostlar, institutun verdiyi məlumatları müntəzəm olaraq yayımladığınıza görə Sizlərə kollektivimiz adından və şəxsən öz adımdan ən dərin minnətdarlığımızı yetirirəm. Bayramınız mübarək!”