AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar

01.12.2017 15:49

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov tarixçi-alimlərə ətraflı məlumat verib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.

Akademik Yaqub Mahmudov iclasda Quba məzarlığının son durumunun müzakirəsi zamanı bu sözləri deyib: “Qubadakı “Soyqırımı memorial kompleksi” şok təsiri bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu təlqin etdikləri “zavallı, genosidlərə məruz qalan xalq” obrazını darmadağın edir”.

Toplantıda bildirilib ki, “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə insan sümüklərinin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Buna görə də sərəncama əsasən, muzey kompleksindəki cəsəd qalıqlarını qorumaq məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov rəhbərlik edir.

İnstitut direktoru çıxışında qeyd edib ki, Qubadakı abidə tarixi həqiqətləri dünyaya yaymağa kömək edir: “Biz prinsipial olaraq öz tariximizi dünyaya qəbul etdirməliyik. Dünyanın bəzi dairələri bizi eşitmək istəmir, özlərini karlığa, korluğa vururlar. Qubadakı məzarlığı qorumaq lazımdır. Oradakı qalıqların çürüməsinin qarşısı alınmalı və sümüklər xüsusi mühitdə, şüşənin altında saxlanmalıdır”.

“Biz, Tarix İnstitutu olaraq türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş dörd konfransdan ikisini Qubada keçirmişik”, - deyə Yaqub Mahmudov sonda bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: