AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu Qarabağ tarixi ilə bağlı yeni kitab və sənədli filmlər hazırlayacaq

14.11.2020 20:27

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda ölkəmizin erməni faşizmi üzərində qazandığı tarixi qələbə ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq xalqımızı, o cümlədən tarixçi alimləri təbrik edib.

Akademik İsa Həbibbəyli çıxışında deyib ki, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə qalib Ali Baş Komandan kimi daxil oldu. Prezidentin dünyanın otuzdan çox ölkəsinin KİV-nə verdiyi müsahibələr və Azərbaycan xalqına müraciətləri müharibənin taleyini həll etməkdə mühüm rol oynadı. O, böyük hərbi komandandır. Şuşa azad olunanda ulu öndər Heydər Əliyevin məzarına getdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan 2 gün sonra təslim oldu. Beləliklə, Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Bununla bağlı olaraq Tarix İnstitutu qarşısında çox mühüm vəzifələr durur. Ümidvaram ki, institut bu vəzifələrin də öhdəsindən layiqincə gələcək.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, elmi müəssisə erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında hər zaman yaxından iştirak edib: “Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. Prezidentin çağırışlarını, tövsiyə və tapşırıqlarını rəhbər tutan institutda ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb. Bu tədqiqatların müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılmasına nail olmuşuq”.

Tədbirdə bildirilib ki, institut “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə, “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad olunması”,  “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabulaq - Füzuli”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” adlı kitablar və “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı sənədli televiziya filmləri hazırlayacaq.

Paylaş: