AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” kitabı çap olunub

05.12.2020 20:05

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi-tədqiqat planına uyğun olaraq, bu günlərdə qurumun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” adlı kitabı çap olunub.

Qurumun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru, layihə rəhbəri və ön sözün müəllifi akademik Yaqub Mahmudovdur.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tarixşünaslığımızda ilk dəfə olaraq tədqiq olunub. Əsərdə XV əsrin sonlarında Hindistanın Dekan bölgəsində yaranan Adilşahlar, Nizamşahlar və Qütbşahlar dövlətləri barədə geniş məlumat verilib. Müəllif əsərində Səfəvi dövlətinin Dekanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələrini ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edərək tədqiq edib. Nəşrdə Səfəvilərin bəhs olunan türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələr tarixinə dair zəngin faktik materiallar verilib.

Monoqrafiyada ilk dəfə olaraq Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı siyasi-iqtisadi əlaqələrinin yaranması və inkişafı nəzərdən keçirilib və bu əlaqələrin inkişafına təsir göstərən amillər təhlil edilib. Müəllif əsaslandırır ki, Səfəvilərin Dekanın türk-müsəlman sultanlıqları ilə siyasi və diplomatik əlaqələri ilə yanaşı, sıx iqtisadi münasibətləri də mövcud olub. Səfəvi dövlətinin Dekan sultanlıqları ilə iqtisadi əlaqələrində dəniz yolu əsas ticarət marşrutu idi.

Monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tofiq Nəcəflinin bundan əvvəl “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında”, “Qaraqoyunlular və Ağqoyunlular”, “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Səfəvi-Osmanlı münasibətləri” və “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı monoqrafiyaları çap olunub.

Paylaş: