19.02.2021 09:50
AMEA Tarix institutunun 2021-ci il 17 fevral tarixli Elmi şurasında Tarix institutunda elmi-tədqiqat şöbələrinin strukturunun təkmilləşdirilməsi haqqında məsələ müzakirə edilib. Müzakirələr nəticəsində qeyd edilib ki, müasir dünyada tarix elminin inkişaf prioritetləri AMEA Tarix institutu qarşısında da ciddi vəzifələr qoyur. Bu vəzifələrin həyata keçirilməsi üçün əsaslandırılmış elmi-tədqiqat strukturunun olması vacib şərtdir. Hazırda Tarix institutunda 28 struktur vahidi vardır. Onlardan 19-u elmi-tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. Şöbələrin istiqamətlərilə birgə, sayları da çox olduğundan belə bir struktur ilə Tarix institutunun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində müəyyən çətinliklər yaranır. Bunu nəzərə alaraq, Elmi şura Tarix institutunda bəzi struktur dəyişikliyinin həyata keçirilməsilə bağlı qərar qəbul edib və bu barədə AMEA-nın İctimai və humanitar elmlər bölməsinə müraciət edib. Bəzi şöbələrin AMEA-nın strukturundakı digər institutlarda və ya bilavasitə, institutun özündə olan digər şöbələr ilə qismən təkrar olduğu üçün ləğv edilib, yaxud digər şöbələr ilə birləşdirilərək yenidən təşkil olunub. Belə ki, müasir Azərbaycan Respublikası üçün siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və tövsiyələr verilməsi üçün yeni Siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsi yaradılması barədə təklif irəli sürülüb. Mövcud tarixşünaslıq və mənbəşünaslıq şöbəsi Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixi demoqrafiya, Qarabağ tarixi şöbəsi Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi, Beynəlxalq münasibətlər tarixi şöbəsinin isə Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsi kimi təşkil edilməsi daha münasib hesab edilib.
Təklif olunan dəyişikliklərdən sonra Tarix institutunun elmi-tədqiqat şöbələrinin yeni strukturunun aşağıdakı kimi olması nəzərdə tutulur:
1. Qədim dövr tarixi şöbəsi;
2. Orta əsrlər tarixi şöbəsi;
3. Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi;
4. Yeni tarix şöbəsi;
5. Xalq Cümhuriyyəti tarixi şöbəsi;
6. Azərbaycanın sovet dövrü tarixi şöbəsi;
7. Azərbaycan Respublikasının tarixi şöbəsi;
8. Əliyevşünaslıq şöbəsi;
9. Azərbaycanın tarixi coğrafiyası şöbəsi;
10. Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixi demoqrafiya şöbəsi;
11. Siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsi;
12. Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsi.
Bu struktur dəyişikliklərinə uyğun olaraq şöbələrin sayı 19-dan 12-yə enməlidir.
Ləğv edilən və ya yenidən təşkil edilən şöbələrin əməkdaşlarının müvafiq qaydada yerləşdirilməsinin təşkili məqsədilə baş direktor və yeni struktur üzrə şöbələrin rəhbərlərindən ibarət komissiya yaradılmalıdır. Bu zaman həm yeni, həm də mövcud şöbələrdə əməkdaşların elmi-tədqiqat dövrləri və problemlər əsasında yerləşdirilməsi və ya yerdəyişməsi əsas götürüləcəkdir.
Bu dəyişikliklərin şəffaf və aşkarlıq şəraitində aparılmasının təmin edilməsi üçün tədbirlər də görülməlidir. Hər bir əməkdaşın arzu və təklifinə qayğı ilə yanaşılmalı və qərar mütləq şəkildə onlarla razılaşdırılmalıdır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, AMEA da qəbul edilmiş qaydalara uyğun olaraq Tarix institutu Elmi şurasında qəbul edilmiş qərarlar yalnız, müvafiq strukturlar tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsi
18 fevral 2021-ci il