04.06.2021 12:49
AMEA Tarix İnstitutu mart ayının 30-da tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və Orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etmək üçün elan vermişdi. Elan verilən gündən müxtəlif yaş kateqoriyalarından 30-a yaxın müraciət daxil oldu. Müraciət edən şəxslərdən 23 nəfərin şəxsi məlumatları vakansiyaya uyğun olduğu üçün onların şəxsi məlumat blankları qəbul edildi və 2 mərhələdən ibarət olmaqla müsahibə keçirildi. Müsahibənin 1-ci mərhələsində iddiaçıların CV-də göstərdikləri xarici dillər üzrə dil bacarıqları yoxlanıldı, onlar elanda göstərilən mövzular üzrə esselər yazdılar. 2-ci mərhələdə isə seçilən iddiaçılarla yenə də elanda göstərilən dövrlər və problemlər üzrə fikir mübadiləsi aparıldı. Beləliklə, Azərbaycan tarixinin qədim və orta əsrlər tarixi istiqamətləri üzrə 5 gənc Tarix İnstitutuna işə qəbul edildi. Onlar göstərilən dövrlərin aktual problemləri ilə bağlı tədqiqat işlərinə cəlb olunacaqdırlar. Tarix İnstitutu tarixi tədqiqatlara marağı və müəyyən edilmiş dövrlər üzrə dil hazırlığı olan magistrantların işə qəbulunu davam etdirəcəkdir.