21.09.2021 16:06
AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyətiylə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumun üçüncü günüdə iştirakçılar Ağdamın işğaldan azad olunmuş ərazilərində olublar. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi işğaldan olunmuş ərazilərə təşkil olunan səfərdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş Direktoru, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitunun Baş Direktoru professor Kərim Şükürov, Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri və Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edib. İştirakçılar Ağdam rayonunda Pənahəli xanın imarətini, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar. Burada çıxış edən akademik İsa Həbibbəyli Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumat verib. Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Ağdamda bərpa işlərinə start verilib və bu sahədə quruculuq işləri sürətlə davam etdirilir. AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov bildiribki Azərbaycan Respublikasının prezidenti Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi, Ağdamın isə Qarabağın iqtisadi mərkəzi olduğunu vurğulayaraq, onun müdrik siyasət yürüdərək döyüşlərin Ağdam istiqamətində deyil, Cəbrayıldan başlanmasının stratejı əhəmiyyətindən bəhs etdi. Kərim Şükürov simpoziumun məhz Ağdamda nə səbəbdən təşkil olunduğunu izah edərkən, onun rəmzi əhəmiyyətini vurğuladı. Azərbaycan tarixinin şanlı və bir o qədər də mürəkkəb yol keçdiyini, qazanılan zəfərin bu keşməkeşli yolun çətin, lakin qururverici səhifələrindən olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb. Kərim Şükürov Azərbaycan Və Türkiyə alimləri arasında gələcəkdə geniş formatda elmi əməkdaşlığın davam ediləcəyinə əminlik ifadə edərək, yeni perspektivlərin açılmasını, eləcə də elmi kadrların yetişdirilməsini qarşıda duran vəzifələr olaraq müəyyənləşdirdi. Bu yöndə birgə komissiyaların formalaşdırılması və gələcək fəaliyyətin planlaşdırılması təklif olundu. Qeyd edək ki, Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də daxil olmaqla Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edib.