Tarix İnstitutunda Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib
18.10.2021 19:57
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı açan Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salaraq deyib: “Həmin dövrdə ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi respublikanı iflic vəziyyətinə salmışdı. Siyasi və iqtisadi böhran xalqımızın həyat şəraitinə ağır zərbə vurmuşdu. Azərbaycan beynəlxalq müstəvidə ciddi qəbul olunmurdu. Torpaqlarımız işğal edilirdi. Təbii ki, vəziyyət dözülməz idi və belə bir şəraitdə müstəqilliyimizin gələcəyindən söhbət gedə bilməzdi. Ona görə də cəmiyyətin sağlam təbəqələrinin nümayəndələri vəziyyətdən çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Nəhayət, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev Bakıya qayıtdı və 15 iyunda Azərbaycan Ali Sovetinin sədri, həmin ilin oktyabr ayında isə Azərbaycan Prezidenti seçildi”. Cəbi Bəhramov vurğulayıb ki, Ulu Öndərin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinliklərdən uğurla çıxdı və Azərbaycan xalqı dövlət yaratmaq və idarə etmək iqtidarında olduğunu sübut etdi. Eyni zamanda, xalqımız ümummilli lider Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyini də sübut etdi. Məhz buna görə xalqımız haqlı olaraq ümummilli lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir.
Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix üzrə elmlər doktoru Ədalət Qasımov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir, millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur. Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firavan gələcəyə aparır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər bunu bir daha sübut etdi. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir.
İnstitutun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev isə qeyd edib ki, dövlət müstəqilliyinin qazanılmasına doğru gedən yolda Azərbaycan bir çox çətinliklərlə üz-üzə qalmışdı. 1991-ci ildən 1993-cü ilin payızına qədər vəziyyət çox ağır idi. Respublika dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə, 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ilin dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törətdi. Belə ki, Qərbi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma nə 1990-cı ildə törədilən 20 Yanvar faciəsi, nə də keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi.