19.10.2021 09:33
Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda geosiyasi maraqlar kontekstində baş verən dəyişiklikləri qəbul etməyən, bütün mənalarda “Dəmir Yumruq” əməliyyatının yaratdığı siyasi mənzərəni qəbul etməyən, özünü “müsəlmanlara himayəçi” kimi təqdim etməyə çalışan dövlətin narahatlığı açıq-aydın görünür.
Son vaxtlar İran İslam Respublikasının bölgədə çılğın fəaliyyəti, sərt ritorikadan istifadə etməsi, sərhədboyu ərazilərdə hərbi təlimlər barədə əzələ nümayişi kimi fəaliyyətindən sonra bir sıra suallar meydana çıxır. Bütün parametrlərilə Azərbaycanın konstruktiv mövqe tutmasına baxmayaraq, İran İslam Respublikasının bölgədə yeritdiyi neqativ siyasəti mahiyyətcə dəyişmir.
Bir sıra məsələləri aydınlaşdırmaq üçün keçmiş tarixə ekskurs edərək, baş verən proseslərə aydınlıq gətirək. Qeyd etmək lazımdır ki, demokratik qanun-qaydalarla idarə olunmayan İranın ayrı-ayrı rəsmilərinin bəyanatlarından irəli gələn aqressiv davranışını dövlətin rəsmi mövqeyi kimi qəbul etmək olar. XX əsrin sonlarında postsovet məkanında gedən dəyişikliklərə İranın mənafeyi birmənalı olaraq dəyişməyib. Hətta Sovet dövründə İranda Azərbaycan əleyhinə məqalələrin mətbuat səhifələrində yer almasında İran dövlətinin həyata keçirdiyi siyasət pozitiv olmayıb, həmişə mənfi çalarları ilə yadda qalıb. Sovet dövrünə aid bir məsələni, Azərbaycan əleyhinə yazılmış bir kitab haqqında məlumat vermək istəyirəm. Bakıda yaşamış, milliyyətcə erməni olan Q. Xolopovun “Oqni i Buxte” əsəri sırf qərəzli mövqedə yazılıb və kitabın müəyən hissələri mərkəzi mətbuat orqanlarında -“Ədəbiyyat qəzeti”, “Oqonyok” və digər mətbuat orqanlarında ermənipərəst güclərin xidməti sayəsində işıq üzü görüb. Hətta özbaşınalıq o həddə çatmışdı ki, M.C.Bağırov İ.Stalinə Xolopovun anti-Azərbaycan mövqeyindən yazılmış kitabı haqqında şikayət məktubu göndərir.. Məktubda göstərilirdi ki, “Oqni i Buxte” kitabına etiraz olaraq 1948-ci il sentyabrın 30-da Q.M.Malenkova məktubla müraciət etsək də, görünür, yoldaşlar bizi başa düşməyiblər. “Müraciətdə əlavə olaraq vurğlanırdı ki, “yoldaş Stalin, düşünürəm ki, belə bir çətin məqamda sizdən başqa bizi başa düşən olmayacaq”. Bütünlüklə Azərbaycan əleyhinə olan bu kitab SSRİ ərazisi ilə məhdudlaşmayaraq 1948-ci ildə İranda nəşr olunan erməni mətbuat orqanı olan “Alik” qəzetinin müxtəlif nömrələrində, 18-19 fevral, 25-26 avqust buraxılışında nəşr olunan məqalələrlə Azərbaycanın ərazilərinə qarşı iddialar irəli sürülür və bu barədə heç bir ölçü götürülmürdü. Bu məqamda belə bir sual ortalığa çıxır. Tehranda 5-10 erməniyə belə şərait yaradılmasında hansı məqsədlər güdülürdü? Bəlkə o dövrdə də Zəngəzur məsələsi vardı?..
Xüsusilə qeyd etmək lazımdır ki, Birinci Qarabağ savaşında İran İslam dövlətinin regionda fəaliyyəti təhlil olunaraq belə nəticəyə gəlmək olur ki, İran nə dini, nə dünyəvi, nə qonşuluq prinsiplərini nəzərə almayaraq, müqəddəs dəyərlərə də önəm verməyib. Ermənistan tərəfindən dövlət siyasəti olaraq Azərbaycana məxsus bütün tarixi və dini abidələr dağıdılıb, məscidlər viran qalıb, hətta məscidlərdə heyvan saxlamaqdan belə çəkinməyiblər. Ermənilər bütün müharibə qanunlarını pozub, beynəlxalq hüququn qəbul etdiyi qərarlara məhəl qoymayıblar. Ermənilərin fəaliyyəti nəticəsində işğal olunan ərazilərdə maddi və mənəvi dəyərlərimiz məhv edilib, ekosistemə ağır zərbə vurulub. Üstəlik, Zəngilanda Məmər məscidində donuzların saxlanılması faktı belə özünü İslam dövləti adlandıran İran tərəfindən nəinki qınanıldı, hətta onlara göstərilən dəstək daha geniş və aşkar hal almağa başladı. Bu məsələdə İran İslam Respublikası təkcə öz üzərinə düşən dini dəyərlərin qorunması ilə yanaşı, 1954-cü ildə qəbul edilmiş HAAQA konvensiyasını əsas tutaraq etirazını bildirərək təzyiq göstərməliydi.
İran rəsmiləri ermənilərin Cənubi Qafqazın avtoxton əhalisi olması barədə yanlış fikirlər söyləyirlər. Buna cavab olaraq qeyd etmək lazımdır ki, axı ermənilərin nə vaxt, nə qədər haradan köçürülməsi ilə bağlı rəqəmlər, tarixi faktlar mövcuddur. 1828-ci il Türkmənçay müqaviləsi, 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqları ləğv edilərək Erməni vilayəti yaradılması, Türkmənçay müqaviləsinin XV maddəsi və Ədirnə sülh müqaviləsinin XIII maddəsi ilə İran və Türkiyədən ermənilərin Cənubi Qafqaza köçürülməsi sonrakı vaxtlarda regionun geosiyasi vəziyyətində dəyişiklik yaratması... Bu qədər sənədlər və şahidlər olduğu halda ermənilərin gəlmə olmalarını sübut etməyə görəsən hələ nə qədər vaxt lazımdır? Bu fikirlərə əlavə olaraq Sovet dövründə Qərbi Azərbaycandan azərbaycanlıları köçürərək onların yerinə xaricdən köçürülən ermənilərin yerləşdirilməsi faktları bəlkə sizlərə məlum deyil? Axı İslam haqqı deməyi, imana söykənməyi daha öncül məsələ hesab edir. Məhz həmin dövrdə 144.654 qərbi azərbaycanlı deportasiya edilərək, vətənlərindən didərgin salındılar. 1948-ci ildə bu torpaqlara İran, Suriya, Livan, Yunanıstan, Rumıniya və Bolqarıstandan 90 000 erməni köçürüldü. Bundan sonra toponimikanın dəyişdirilməsinin yeni dalğası başladı.
Bildiyimiz kimi, 1992-ci il fevralın 26-da Ermənistan dövlətinin həyata keçirdiyi qanlı cinayət, soyqırım siyasəti bəşər tarixinin ən qanlı cinayətlərindən sayılır. Dünyanın bir sıra dövlətlərindən bu qanlı cinayətə kəskin reaksiyalar gəlsə də, özünü bir sıra müqəddəs dəyərlərlə ört-basdır etməyə çalışan İran dövlətindən Ermənistana qarşı ciddi təhdid və yaxud sadə bəyanatını hiss etmədik. Axı bir şəhərin əhalisinə qarşı kütləvi qırğınlar törədərək soyqırım siyasəti həyata keçirən Sarkisyan-Köçəryan cütlüyünə qarşı Tehran rəsmiləri necə davrandı? Bəlkə hansısa Azərbaycanın marağını əks etdirən pozitiv mövqe nümayiş etdirmisiniz? 1992-ci il aprelin 1-də İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini M.Vazehinin Xankəndidə olması, separatçılarla bir araya gəlməsi, nələri müzakirə etməsi hələ də məlum olmayıb. Təkcə bir faktı Tehran rəsmilərinə xatırlamaq yaddaşlarının təzələnməsinə gətirib çıxara bilər. Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğu bir vaxtda, Prezidentin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün İran İslam Respublikasında danışıqlarda olduğu vaxt qədim mədəniyyət mərkəzimiz olan Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal olundu. Y.Məmmədov bu yanlış siyasi addımınının “düzgünlüyünü” belə əsaslandırır. ”İran bizi inandırmışdı ki, ermənilərlə danışmışıq, hücum etməyəcəklər. Bir də İran bizə hərbi kömək edəcəyini bildirirdi”. Y.Məmmədovla birlikdə İranda Ermənistan–Azərbaycan danışıqlarında iştirak etmiş Rəhim Hüseynov dindirilən zaman Tehran danışıqlarında ancaq Gorus-Laçın istiqamətində humanitar dəhlizin açılmasının müzakirə edildiyini bir daha təsdiq etdi. Azərbaycan rəhbərliyində İran İslam respublikasına olan dostluq və qonşuluq güvəni bir daha öz yerini tapmadı. Təbii ki həmin dövr üçün Tehran rəsmilərinin bu qədər ikili oyun oynaya biləcəkləri gözlənilməmişdi. Bütün bu sualların cavabı məhz indi, Azərbaycanın 44 günlük qələbəsindən sonra meydana çıxır. Əli Xamneyinin Sepahdakı sözçüsünün erməniləri nəzərdə tutaraq söylədiyi “Zəngəzur dəhlizini qoruya bilmirsinizsə biz qoruyarıq” ifadəsi birbaşa olaraq suveren Azərbaycan torpaqlarına qarşı seperatizim və terrorizm aktının İran tərəfindən açıq şəkildə dəstəkləndiyini göstərir.
Digər bir məsələyə münasibət bildirmək istəyirəm. Ermənistan baş naziri Paşinyanın Baltikyanı dövlətlərdə erməni icmaları ilə görüşdə qeyd edib ki, Ermənistan İranın dəstəyini heç vaxt unutmayacaq. Ermənistan məhz İranın sayəsində blokadadan çıxaraq problemlərini həll etdi. Əgər belədirsə Ermənistanın regionda apardığı soyqırım, vandalizm, transmilli cinayətlərinə dolayısı ilə dəstək verməklə regional və geosiyasi maraqlarda hansı məqsədlər güdülürdü?..
Bəzən İran rəsmilərinin dediyi müsbət fikirlərin də düşünülmüş, ictimai rəyə hesablanmış fikir kimi qəbul etmək daha düzgün olar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərgin zamanında hadisələrə münasibət bildirən İran rəhbərliyi Ayətulla Cənnəti “...Tehran universitetinin həyətində keçirilən çoxminli mitinqdə qeyd etmişdi ki, dünya ictimaiyyəti Azərbaycanda bir milyon insanın acınacaqlı taleyinə laqeyiddir”. Axı dünya ictimaiyyətinin bir milyon insanın didərgin düşməsinə laqeyd qalmasını özünüz təsdiq edirdiniz, yenə şübhə doğuran məsələ ondan ibarətdir ki, İran hansı zəruri addımların atılmasında iştirak etdi.
Son dövrlərdə İranın Azərbaycan sərhədi boyunca keçirdiyi hərbi təlimlər fonunda Birinci Qarabağ müharibəsinə qayıtmaq istərdim. Həmin dövrlərdə Azərbaycan Müdafiə nazirliyinin yüksək çinli zabitlərindən biri A.Vasyak tərəflərin malik olduqları qüvvələr nisbəti haqqında da məlumat verir: “Düşmən tankların sayına görə bizimkilərdən 5,1 dəfə, top və minaatanların sayına görə 2,5 dəfə PDM-lərin sayına görə isə 1,7 dəfə üstün idi. Sırf hücum silahı olan tankların çoxluğu bir daha onu sübut edir ki, Ermənistan ordusu hərbi əməliyyatları qabaqcadan hazırlamışdır. Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycan-İran sərhədinin 70 kilometrlik sahəsinə nəzarət edir. Artıq 18 gündür ki, 1000 ildən çox tarixə malik olan həmin abidənin - Xüdafərin körpüsünün müdafiəçiələri özlərindən qat-qat güclü olan düşmən qüvvələrinin həmlələrini dəf etməkdədir”. Ortalığa belə bir sual çıxır? Bəs onda hardaydı İranın sərhədboyu təlim keçən orduları? Zəngilanın yolu bağlanıb, əhalisi Araza töküləndə hardaydı bu gün yeri gəldi-gəlmədi bəyanat verib münasibətləri pisləşdirən İran rəsmiləri?
Son günlər İran islam dövlətinin hərbi təlimlər keçirməsi, əzələ nümayişi, Ermənistana qanunsuz olaraq yük daşımalar, Azərbaycan dövlətinin qanunlarına hörmət etməyərək dövlət rüsumundan yayınmalar, bilərəkdən vəziyyəti mürəkkəbləşdirmək anlamına gəlir. Bölgədə balanslı siyasət yeridən, qonşularla bütün mənalarda konstruktiv addımlar atan, heç bir qeyri konstruktiv addımların atılmasına imkan verməyən, iqtisadi-ticari əlaqələrin qorunmasına şərait yaradan Azərbaycan respublikasına qarşı bu münasibətdə olmaq nədən xəbər verir.
Bölgədə yaranmış şəraitdən qonşu dövlətlərin yararlanmasını, humanist addımlar, pozitiv mövqeni Azərbaycan Prezidentinin dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradından sonra bəyanatında görmək olar. Orada deyilir: “Bölgənin sülh şəraitində inkişafı üçün vahid bir platformanın yaradılmasını müzakirə etdik. Bu platforma Rusiya, Azərbaycan, Türkiyə və İran arasında əməkdaşlığı təmin edir. Əgər Ermənistan bitmiş müharibədən düzgün nəticə çıxarsa, biz Ermənistanla əməkdaşlıq edə bilərik. Bu düşmənçiliyə son qoymalı, yeni bir səhifə açmalıyıq ”, Cənab Prezidentin söylədiyi bu fikirlər dostluğu, dövlətlərarası əməkdaşlığı, strateji tərəfdaşlığı əks etdirir.
İranın vacib şəxslərindən birinin Kamal Xərrazinin söylədiyi “bölgədə sionist rejimi” hansı məqsədlər daşıdığını söyləyərək Azərbaycan rəhbərliyinə irad tutursa, bu əsassız ittihamlara nə ad vermək olar? İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “bölgəyə terrorçiuların gətirilməsi” ilə bağlı heç bir mənbəyə istinad etmədən böhtan xarakterli məlumatları iki dövlət arasında münasibətlərin korlanmasına hesablanmayıbmı?... Son dönəmlərdə, xüsusilə qanunsuz olaraq Azərbaycan ərazilərinə daşınan İran yükdaşımalarının qarşısı alındıqdan sonra İran islam dövlətində anti-Azərbaycan təbliğata start verilməsi, bir çox İran rəsmiləri, din alimləri və ya mollaların səsləndirdiyi absurd və planlı fikirlər illərdir yığılıb qalmış kinə və Şimal qorxusuna dəlalət edir. İranın Şimalda “zəif Azərbaycan” siyasi xətti İkinci Qarabağ zəfərindən sonra alt-üst olaraq yeni reallıqlar yaratdı.
Ədalət MUSTAFAYEV
AMEA A.A. Bakıxanov adına Tarix İnstitunun “Azərbaycanın xanlıqlar dövrü və Qarabağ Tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir