21.10.2021 10:07
Keçmişdə işğal altında olan ərazilərimizdə ermənilər bütün abidələrimizi saxtalaşdırıblar, bu azmış kimi, bütün abidələrin qanunsuz olaraq siyahıya alınmasını həyata keçiriblər. Ermənilərin siyahıya aldığı abidələrin sayı ilə bizim siyahıya aldığımız abidələrin sayında xeyli fərq var. Şübhəsiz ki, ermənilər öz xislətlərinə uyğun olaraq şişirtməyə yol veriblər. Yəni onların siyahısında daha çox abidə adı var.
Ekspertlər deyir ki, ermənilər abidələrin sayını özlərindən artırır. Heç şübhəsiz, onların siyahısında yer alan abidələr Azərbaycanın mədəni irsidir və ermənilər o irsi mənimsəməyə və saxtalaşdırmağa çalışır.
- “...Bir siyahılarında 5 minə, digər siyahılarında isə 10 minə yaxın tarix və mədəniyyət abidələri əks olunub”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Qarabağ abidələrinin siyahıyaalınması prosesində yaxından iştirak edən Faiq İsmayılov qeyd etdi ki, biz işğaldan azad edilən abidələrin tam olaraq siyahıyaalınmasını həyata keçirməmişik. “Siyahıyaalınma prosesinin tam başa çatmamasının səbəbi isə odur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə Ermənistanın torpaqlarımıza təcavüzü üst-üstə düşdü. Bu o dövrə düşdü ki, onda Qarabağda və onun ətrafındakı abidələrin qeydiyyatını aparmaq mümkün deyildi. 2001-ci ildə Nazirlər Kabinetinin 320 saylı sərəncamı ilə təsdiq olunmuş abidələrin siyahısında biz Sovet dövründən qalma siyahıya istinad etmişik. Həmin siyahını da keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayət”inin erməni rəhbərliyi Sovet dövründə təqdim etmişdi və orada çox böyük sayda abidələri qeydiyyatdan kənarda qoymuşdular. Ümumiyyətlə, son 28 ildə ermənilərin həyata keçirdiyi siyahıyaalınmanın iki formatı var və hər iki format da məndə var. Bunlar həm erməni, həm də rus dilindədir. Ermənilərin 2010-cu ildə 800 abidə, 2011-ci ildə 1200 abidə, 2012-ci ildə 600 abidə, 2014-cü ildə 1800 abidə qeydiyyata aldıqları göstərilirdi. Onların təqdim etdiyi siyahı kifayət qədər ziddiyyətlidir. Yəni ermənilərin bir siyahılarında 5 minə, digər siyahılarında isə 10 minə yaxın tarix və mədəniyyət abidələri əks olunub.
Mən uzun illər bu sahə ilə məşğul oldum və ermənilərin təqdim etdiyi həmin siyahıda 1645 tarix mədəniyyət abidəsi gördüm, bundan 1880-i memarlıq abidəsidir, 790-ı arxeoloji abidə, 67 abidə isə monomental heykəltəraşlıq abidələri idi. Yəni bunları müəyyənləşdirə bildim. Onların abidə adı ilə təqdim etdiklərinin bir çoxu da özlərinin yonub hazırladığı və bizim ərazilərdə yerləşdirdiləri xaçkarlardır, digər monomental qurğulardır ki, bunları da abidə kimi təqdim edirdilər”.
F.İsmayılovun sözlərinə görə, əlində olan abidələrin siyahısını adı, yerləşdiyi coğrafi ərazi, ünvanı ilə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin indiki rəhbərinə təqdim edib: “Eyni zamanda onlar məndən həmin abidələrin görüntülərini istəyiblər və həmin görüntülərini təqdim etmişəm. Amma bu abidələrin nədən dövlət qeydiyyatına alınmasının bu qədər çətinlik yaratdığı mənə məıum deyil. Onlar mənimlə məsləhətləşmələrdə burada çətinliklərin olmadığını deyirdilər. Bizim o abidələrimizin faktiki olaraq qeydiyyatdan kənarda qalması beynəlxalq təbliğat məsələsində ermənilərin bizi üstələməsinə səbəb olur. Bir çox məşhur abidələrimiz var ki, faktiki olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dövlət qeydiyyatında yoxdur. Bu çox ağrılı məsələdir və bunu aradan qaldırmağa çalışmaq lazımdır”-deyə F.İsmayılov qeyd etdi.
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp