22.10.2021 09:46
Azərbaycanın intibah ədəbiyyatının zirvəsi hesab edilən klassik şair Nizami Gəncəvinin 880 illik yubiley ilini başa vurmaq üzrəyik. İl ərzində şairin yaradıcılığının çalarları və yaşadığı dovrün ictimai-siyasi vəziyyəti haqqında bir çox məqalələrlə tanış olduq. Bu məqalədə Nizami Gəncəvinin yaradıcılığına Ümummilli liderimiz Heydər Əliyevin verdiyi dəyəri təhlil etməyə çalışacağıq. Azərbaycan xalqının mədəniyyətinin hamisi Heydər Əliyevin təəssübkeş fəaliyyətini məhz bu aspektdən oxuculara çatdırmaq yerinə düşər.
XX əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin siyasi xadim kimi fəaliyyətə başlaması Azərbaycanın tarixində növbəti mədəni intibahın başlanğıcını qoydu. İqtisadi-siyasi həyatında baş verən dirçəliş respublikanın mədəni həyatına da öz təsirini göstərdi. Çoxşaxəli Azərbaycan mədəniyyəti XX əsrdə ən yüksək mərhələsinə məhz Ümummilli liderimiz Heydər Əliyevin dövründə çatmışdır. Heydər Əliyevin fəaliyyətində mədəniyyətə qayğı, mədəni irsimizi qoruyub gələcək nəsillərə ötürmək, tarixi və mədəni irsimizi öz yaradıcılığında ifadə edən şəxsiyyətləri yüksək şəkildə dəyərləndirmək mühüm yer tuturdu.
2020-ci il Azərbaycanın tarixində Zəfər ili oldu. 30 ilə yaxın işğal altında qalan tarixi-hüquqi Azərbaycan torpaqları azad edildi. Ölkə başçısı cənab İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etdi və bu, özünü sözün bütün mənalarında doğrultdu. Qürurverici məqamlardan biri odur ki, dünyanın dörd bir tərəfinə səpələnmiş əlli milyonluq Azərbaycan türkləri, Türkiyə Cümhuriyyəti xalqı və ümumilikdə türk dünyası xalqları Azərbaycan Respublikasının haqlı mübarizəsinə həmrəylik nümayiş etdirdi.
Ənənəvi olaraq, növbəti ilin ölkə başçıcı tərəfindən hansı mövzuya həsr ediləcəyi maraq doğurduğu halda, 2021-ci il “Nizami Gəncəvi ili” elan edildi. Yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Prezident İlham Əliyevin bu sərəncamı Ümumilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasətinin davamı kimi qiymətləndirilir. Heydər Əliyevin siyasi varisi kimi ölkə başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinə hamilik edilməsi, klassik və müasir mədəni irsin harmoniyasına münbit şərait yaradılması baxımından davamlı siyasət yeridir.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində milli mədəniyyətə aid təntənəli tədbirlər mərkəz Moskvada razılaşdırılmalı idi. Bu isə çox zaman əngəllərlə, müxtəlif bəhanələrlə təxirə salınırdı. Məhz N.Gəncəvinin 840 illik yubileyinin keçirilməsi də bəzi bəhanələrə məruz qalsa da, Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev maneələri özünəməxsus siyasi incəliklə dəf etmiş və yubileyin təntənəli şəkildə qeyd edilməsinə nail olmuşdur. 2000-ci ilin may ayında Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən Heydər Əliyev bu prosesi belə xatırlayır: “Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda, çünki onlarsız bu işi görə bilməzdik, dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, Çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847 və s... Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi - Suslov, Brejnevin dövründə ikinci katib idi, mənə dedi ki, bu, mümkün deyildir. Mən isə dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram. Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik.”
Ümummilli liderimiz göstərilənlərlə kifaytələnməyib Nizami irsinin daha yaxsı öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq şöbəsi yaratmış, respublikanın görkəmli nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur. Heydər Əliyev Nizaminin vətəni Gəncə şəhərində olarkən AMEA-nın Gəncə Elmi Mərkəzində də Nizamişünaslıq şöbəsinin açılması təşəbbüsündə bulunmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
Məlum məsələdir ki, Nizami Gəncəvinin fars şairi olması iddiaları uzun illərdir ki, ədəbiyyatımızın mübarizə mövzusudur. Əlbətdə, Nizami türk, fars və ərəb dillərini mükəmməl bildiyi üçün böyük poliqlot kimi bu xalqların ədəbiyyatı, tarixi ilə yaxından tanış idi. İlk olaraq biz, Nizamini araşdırmaqla onun türk olduğunu bir daha sübut etmiş oluruq ki, bu da Nizamini özünküləşdirməyə çalışanlara ən tutarlı cavabdır. Digər tərəfdən tədqiqatın predmeti Nizaminin əsərlərində farsca yazmasına baxmayaraq türkcə sözlər, idiomlar, atalar sözləri və Azərbaycan zərbi-məsələlərini sıx-sıx işlətməsidir. Fars dilli şairlərin ən məşhurlarından sayılan Firdovsi, Xəyyam, Hafiz, Sədidən fərqli olaraq Nizamidə türklük və ona bağlılıq vardır.
Nizamiyə qədərki şairlər ancaq Şərqdən yazmış və ondan kənara çıxmamışlar. İlk dəfə məhz Nizami bu tilsimi sındıraraq Qərbə çıxmışdır. Bunun nəticəsi olaraq o, Makedoniyalı İskəndərdən söhbət açmışdır. Elmi araşdırmalar onu göstərir ki, klassik yunan fəlsəfə və tarixini bilmədən bu haqda danışmaq mümkün deyildi. Nizami demək olar ki, Çin, Rusiya, Gürcüstan, Ərəb ölkələri, İran, Azərbaycan və Rumdan bəhs edib bu ölkələrin adət-ənənələri və məşğuliyyətlərindən danışırsa, bir daha biz bu mütəfəkkir insanın nə qədər yüksək bilik potensialı və fövqəladə zəka sahibi olduğunu görürük. Elə bunun nəticəsidir ki, Nizaminin “Xəmsə”sindəki hər bir poemasından bütün dünya şairlərinin ən yüksək məqamında dayananların on nəfəri çıxar. Elə bu səbəbdən də Azərbaycanın klassik ədəbiyyatının zirvəsi sayılan Nizami yaradıcılığının öyrənilməsi, təbliği Heydər Əliyev üçün dövlətin mədəniyyət siyasətinin bir hissəsinə çevrilmişdir.
1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev ölkənin gərgin siyasi vəziyyətinə rağmən mədəni, mənəvi irsin qorunması, tədqiqi və təbliği üçün təxirəsalınmaz işlər gördü. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
2002-ci ildə Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində Heydər Əliyev dahi şairin yaradıcılığını belə qiymətləndirmişdir: “Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların dərinliyi Qərbin dahi Höte kimi mütəfəkkirlərini heyran qoymuşdur. Zənnimcə, məhz Nizaminin bütün əsərlərində bəşər övladının misilsiz qüdrətinin tərənnüm edilməsi sayəsində Azərbaycan xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin ayrılmaz hissəsinə çevrilmək şərəfı qismət olmuşdur.”
Yubiley tədbirlərində, müxtəlif məzmunlu, məqsədli görüşlərdə, ədəbi–ictimai yığıncaqlarda çıxışları, verilən suallara təmkinli cavabları Heydər Əliyevin həyata baxışının fəlsəfiliyi heyranlıq doğurur, Azərbaycan və dünya ədəbiyyatına, eləcə də mədəniyyətinə dair fikirləri insanı düşündürürdü. O, ən qüdrətli söz ustaları haqqında fikir söyləyəndə istər-istəməz özünün də nəhəngliyini nümayiş etdirirdi. Elə buna görə də demək olar ki, Heydər Əliyevin tariiximiz, ədəbiyyatımız və mənəviyyatımız haqqında fikirlərini nəzəri cəhətdən öyrənmək və onu hər hansı bədii əsərin təhlilinə tədbiq etmək elmi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Leyla HÜSEYNOVA
AMEA A.A.Bakıxanov ad. Tarix institutu
“Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://