26.10.2021 09:56
Son zamanlar Ermənistan və Rusiya mətbuatında noyabrda Azərbaycan və Ermənistan liderləri arasında yeni bir sənədin imzalanması xəbəri tirajlanır. Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində bildirib ki, iki ölkə arasında delimitasiya və demarkasiya üçün tələb olunan xəritələr Rusiya Ordusunun Baş Qərargahında saxlanılır.
Müxtəlif illərdə dərc olunan Sovet xəritələrində Azərbaycan-Ermənistan ərazilərinin fərqli sərhədlərə malik olduğunu, bir çox yaşayış məntəqələrimizin Ermənistana verildiyini nəzərə aldıqda sərhədlərin hansı xəritə əsasında müəyyənləşdiriləcəyi maraq doğurur.
İndiki vəziyyətdə belə bir sənəd imzalana bilərmi, sərhədlərin müəyyənləşməsində şərtlər nədən ibarət olacaq?
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun İcraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, Cəbi Bəhramov bildirib ki, sərhədlər müəyyən olunanda, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülməlidir:
“Azərbaycan ərazisinin parçlanması prosesi 1920-ci ilin mayın 12-dən 1929-cu ilə qədər davam edib. İyirminci illər sözü təsadüfi işlədilməyib. Azərbaycan neftini əldə etmək üçün bizim millətin başına bu oyunları gətiriblər. Azərbaycanın işğalı Bakı nefti ilə bağlı məsələdir. Məsələ burasındadır ki, bu sərhədlər hərbçilər tərəfindən müəyyənləşdirilib. Ermənistana verilən Azərbaycan torpaqları 1918-ci ildə 9 min kv/km, 1920-ci ildən 1929-cu ilə qədər 20,08 min kv/km (ümumilikdə, 100,16 min kvadrat kilometr) olub. Bu qərar Azərbaycan hakimiyyət dairələri, SSRİ höküməti tərəfindən verilib. Hər ikisi də qeyri-qanunidir. Nəyə görə Azərbaycan xalqının fikri soruşulmayıb, referendum keçirilməyib. Sərhədlərin müəyyənləşməsi məsələsinə gəldikdə isə, Azərbaycanın qarşısında duran ən böyük problem təzminat məsələsinin qaldırılmasıdır. Yəni dəyən zərərə görə, Ermənistan tərəfi təzminat ödəməlidir. Hansı ki Ermənistan adlı dövlətin varlığı qeyri-qanunidir. Bu ərazilərin verilməsi məsələsi qeyri-qanuni edilsin və bunun üçün də referendum keçirilsin, hər şey öz qaydasına düşəcək. Referendum nəticəsi Milli Məclis tərəfindən müzakirə edilib, qəbul olunmalıdır ki, İrəvan şəhəri və ətraf ərazilərin verilməsi qanuni deyil. Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən olunarsa, birinci Cümhuriyyət xəritəsi əsas götürülməlidir. Bizdən soruşmalı idilər ki, sən razısanmı, torpaqların verilməsinə. Ona görə də deyirəm ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpağıdır, biz ora mütləq qayıdacağıq. Hazırkı reallığı biz yaradırıq. İyirminci illərin xəritələrini biz qəbul edə bilmərik. Çünki xəritələrin təsdiqi bu deməkdir ki, Sovet hökümətinin Azərbaycan xalqının fikrini soruşmadan verdiyi torpaqları tanıyırıq”.
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://