05.11.2021 09:32
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansamblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi.
Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova bildirib.
O diqqətə çatdırıb ki, müharibənin başladığı ilk gündən bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların nəzəri Azərbaycan Respublikasına yönəldi. İlk gündə müşahidə mövqeyində duran beynəlxalq təşkilatlar hərbi əməliyyatların növbəti atəşkəs pozuntusu kimi qəbul etsə də, sentyabrın 27-də Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanata verdi: “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”. Məhz bundan sonra beynəlxalq institutlar bir-birinin ardınca bəyanatlarla çıxış etdilər: “Prezident İlham Əliyevin diplomatik gedişi gecikmədi. Bütün dünyanın gözünün Azərbaycana yönəldiyi bir vaxtda dünyanın nüfuzlu “CNN”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “TRT Haber” və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində Prezident İlham Əliyev status-kvo ilə bağlı həmsədrlərin öz mövqelərini dəyişmək istəməsi ilə bağlı maraqlı məqamları açıqladı. Uzun illər Qarabağda faktiki vəziyyəti saxlamaq üçün Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd təkliflərinin Minsk qrupu dövlətlərinin tərəfindən dəstəklənməsi müharibənin ilk günündən İlham Əliyevin çıxışlarında sərt dillə tənqid olundu”.
Beynəlxalq təzyiqlər fonunda 44 günlük Vətən müharibəsində Azərbaycana ilk diplomatik dəstək Türkiyədən gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini sərt dillə tənqid etməsi aidiyyəti dövlətlərin müharibəni dayandırmağa, sülh danışıqlarını yenidən başlamağa səsləyən bəyanatları ilə müşahidə olundu. Ermənistan tərəfinin Türkiyə Silahlı Qüvvələrinin Qarabağda Azərbaycan Ordusu ilə birgə döyüşməsi haqqında uydurma iddiaları da beynəlxalq mühitin çalxalanmasına səbəb oldu.
Cəbhədə və diplomatiyada mübarizə yüksələn xətlə davam edərkən dünya media nümayəndələri ölkə başçısı İlham Əliyevlə müsahibələrə can atır, bu müsahibələrdə isə bəzən qərəzli mövqe nümayiş etdirirdilər.
Prezident İlham Əliyevin müsahibələrində müharibənin gedişi, mümkün ola biləcək nəticələri, mülki əhalinin aqibəti, Dağlıq Qarabağ üçün nəzərdə tutulan ictimai-siyasi çıxış yolları, Türkiyə-Azərbaycan münasibətləri, müharibədən sonra Qafqazın iqtisadi-siyasi inkişafı diplomatik dillə təhlil edilirdi. Ölkə başçısı İlham Əliyev müsahibələrində, çıxışlarında dəfələrlə bəyan etdi ki, Azərbaycan Ordusu nəinki ərazi bütövlüyünü bərpa edir, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan Qarabağdakı beynəlxalq terror yuvasını təmizləyir. Azərbaycanın Vətən müharibəsi həm də beynəlxalq terrorizmlə mübarizə hesab edilməlidir.
Təkbaşına dünyanın anti-Azərbaycan qüvvələrinə duruş gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri 44 günlük müharibədə böyük hərbi uğurlara imza atdı. Hər qarışı tarixi Azərbaycan torpaqları Azərbaycan Ordusu tərəfindən azad edildi, Vətən tarixinə, dünyanın hərb tarixinə yeni səhifə açıldı.
Hərbi uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Artıq Azərbaycanın Ermənistanla sərhədi boyu üçrəngli bayrağımızın dalğalandığı sərhəd məntəqələri qurulub.
Diplomatik mübarizə isə davam edir. Erməni vandalizminin qurbanına çevrilmiş əzəli Qarabağ torpaqlarımızda bütün yaşayış imkanları, infrastruktur məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri təşkil olunur. Ermənistanın törədiyi vəhşiliklə, vandalizmi əyani şəkildə diqqətə çatdırılır.
Beləliklə, Qarabağ zəfərini şərtləndirən diplomatik amillər aşağıdakı kimi ümumiləşdirmək olar:
- Respublikada xarici və yerli mediaya şəffaf informasiya əldə etmək şəraiti yaradıldı;
- Ölkə başçısı tərəfindən ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini ən ali əsas olaraq irəli sürüldü;
- Xarici təzyiqlərə, bəyanatlara dərhal diplomatik cavab verildi və dünya mediasına bəyan edildi;
- Münaqişə tərəfləri arasında vasitəçi olmağa çalışan dövlətlərə Azərbaycan Respublikasının prioritet maraqları baxımından cavab verildi;
- Terror aktlarına (Gəncə və Bərdədə) maksimum dözümlü davranaraq yalnız diplomatik fəndlərlə cavab verildi.
“44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası tarixi qələbə qazandı. Dövlət başçısının prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru apardı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlətimizin başçısı tərəfindən yeridilən düşünülmüş siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dövlətə çevrildi”, - deyə Leyla Hüseynova qeyd edib.