AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli tarixçi alim, Rusiya Yazıçılar İttifaqının üzvü, professor Rudolf İvanovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

20.11.2021 15:02

Konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq Rudolf İvanovun Azərbaycanla bağlı fəaliyyətindən danışıb. O deyib: “Rudolf İvanovun əsərləri bizim üçün çox etibarlı və zəngin mənbədir. Onun əsərləri tarixi salnamədir, nadir şəkillər və arxiv sənədləri saxlayırdı. Nəriman Nərimanova aid arxivdən səksən səhifəlik yeni material tapmışdı. Onları da əlavə edib N.Nərimanov haqqında iki kitab çap etdirdi. Rudolf İvanov Azərbaycan xalqının dostudur. Çoxcildlik Azərbaycan tarixi kitabı yazıb. Azərbaycan generalları haqqında çoxcildlik nəşrlər seriyasını bizə ərməğan edib. O, Azərbaycan tarixinin qaranlıq, çətin, mürəkkəb dövrlərini sənədlərlə işləməklə çoxlu məsələlərə aydınlıq gətirib. Bu gün Rudolf İvanovun əsərləri əsasında XIX-XX əsr, sovet dövrü tarixi yenidən yazılmalıdır. Onun Azərbaycanla əlaqələri təkcə əsərləri deyildir, görkəmli alim bir çox insanlarla yaxından dostluq edirdi. Dəfələrlə Naxçıvan Muxtar Respublikasında olub. Rudolf İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Bakıda ən mötəbər yerlərdə əsərlərinin təqdimatı keçirilib”.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, Azərbaycanda İsa müəllim kimi Rudolf İvanova yaxın insan olmayıb. Həmişə onların dostluğunun şahidi olmuşam. Ancaq elmi müzakirələr edərdilər. Səfir rus dilində “Görkəmli tarixçi Rudolf İvanov haqqında söz” adlı geniş məruzə edib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Rudolf İvanovun Naxçıvan səfərləri və Naxçıvana dair əsərləri”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Kalbalıxan Naxçıvanskinin həyatı və xidmətlərinə Rudolf İvanov baxışı”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Nəriman Nərimanov mövzusu Rudolf İvanovun tədqiqatlarında”,

AMEA Tarix İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev “Rudolf İvanovun əsərlərində Azərbaycanın 1920-ci illər tarixinin əksi” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda Rudolf İvanovun həyat yoldaşı Yekaterina Anisimova çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib

Paylaş: