AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ağdam - tarixin güzgüsündə

22.11.2021 09:53

Ağdamın azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti 9 noyabr 2020-ci il Bəyənnaməsini - kapituliyasiya aktını imzalayaraq Ağdam rayonunu öz gerçək sahiblərinə geri qaytarmalı oldu. Tarixlər boyu öz strateji və geosiyasi əhəmiyyətinə görə Qarabağ bölgəsinin olduqca əhəmiyyətli hissəsi olan Ağdamın düşmən işğalından azad olunması olduqca əhəmiyyətli hadisə idi. Bir il öncə Ağdam düşmən işğalından azad olunsa da, təəssüflər olsun ki, erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb...

Tarix boyu Qarabağ bölgəsi və bu bölgənin siyasi və mədəniyyət mərkəzlərindən biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli məkanlardandı. Strateji əhəmiyyət daşıyan bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, səyyahların diqqət mərkəzində olmuş, bir çox tarixi və ədəbi əsərlərin mövzusuna çevrilib. Qaynaqlarda Qarabağın ağ incisi Ağdam haqqında verilən məlumatlar bölgənin tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Tarixi qaynaqlar Ağdam bölgəsi və bu bölgənin siyasi və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatlar verməkdədir. 

Tədqiqatçıların qənaətinə görə, “Ağdam” sözünün mənası qədim türk dilində “kiçik qala” mənasını verir. 

Bəzi tədqiqatçılar isə “Qarabağnamələr”ə əsaslanaraq “Ağdam” toponiminin mənasını XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın bu şəhərdə ağ daşdan tikdirdiyi imarətlə əlaqələndirərək, həmin imarətin uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrildiyini, “Ağdam”ın – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını ifədə etdiyini yazırlar. 

Pənahəli xanın Ağdamda böyük bir imarətinin olması haqqında Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” əsərində də məlumat verir. Müəllif yazır: “Mərhum Pənah xan az bir müddət Kərim xanın paytaxtı оlan Şirazda qaldıqdan sоnra əcəli çatıb Şirazda Allahın rəhmətinə gеtdi.

Cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur оlan, özünün satın aldığı halal mülkündə dəfn еtdilər. Allah оna rəhmət еləsin”.

Bu məlumatı Həsənəli Qaradaği özünün 1880-ci ildə qələmə aldığı “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri” adlı əsərində belə şərh edir: “Pənah xanın əsil və nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı oymağındandır ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəlibdir. Mirzə Adıgözəl belə rəvayət edir ki, Pənah xanın əsil-nəsəbi Arqun xan Çingizə yetişib. Belə ki, dudmani-Çingiziyyənin padşahlığı dağıldıqdan sonra o nəsildən biri Gürcüstanın Lori qalasına gəlib gizli yaşayır. Gəncə xanlarının işləri tərəqqi edən zaman isə gəlib Gəncədə xidmət edirmiş. Sonradan daha o xanlara xidmət etmək istəməyib Qarabağa gəlir və Cavanşir oymağında olur. Burada yaxşı dövlət qazanır. Bir oğlu olur, çox gözəl, adını Əli qoyur. Bunu çox sevərmiş. Və Sarıca Əli deyərmiş. Burada dövləti, naxırı, sürüsü, çoban və nökər, muzdurları artırıb bir böyük oba olurlar. Bu obanın adını o vaxtdan Sarıca Əli (Ağdamın Sarıcalı kəndi) qoyurlar. Pənah xan həmin bu nəsildən əmələ gəlmişdir. Pənah xanın atasının adı İbrahimxəlil ağa imiş. Bu İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. Damın üstü ağ olduğu üçün, yer Ağdam adını bu damdan götürmüşdür”. Həsənəli Qaradağinin verdiyi məlumatdan bu qənaətə gəlmək olur ki, Ağdamda ağ daşdan tikilən imarəti Pənahəli xan deyil, onun atası İbrahimxəlil ağa tikdirmişdir. 

Digər bir ehtimala görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Qarabağ tarixinin görkəmli tədqiqatçılarından biri Rəşid Göyüşova istinad etsək, bütün tarixi ədəbiyyatda Aquenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. 

Ağdam toponiminin ilkin forması hesab olunan Aquen (Aluen) haqqında erkən orta əsr Alban tarixçisi Musa Kalankatuklu “Alban tarixi” əsərində yazır: “Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə əyanlar, keşişlər, rəiyyət arasında çoxlu mübahisələr baş verirdi. Buna görə çar qərara gəldi ki, Aquendə böyük məclis çağırılsın... Mən Albaniya çarı Vaçaqan və Bərdənin baş yepiskopu Şulhalişo, Qəbələnin yepiskopu Manase, Uti vilayətinin yepiskopu Sahaq, Kalankatuk kəndinin keşişi İosif... və başqaları hamılıqla mənim məclisimə - Aquen adlı yaylağıma gəldilər”. 

Bəzi tədqiqatçılar Ağdam ərazisində yerləşən erkən orta əsr şəhərlərindən biri olan Govurqalanın yaxınlığında yerləşən “Əlvənd” adlı dərənin Aluen sözünün qismən dəyişilmiş forması olduğunu qeyd edirlər. 

Araşdırmalarına görə, Aquen (Aluen) yaşayış məskəni X-XI əsrlərə qədər tarix səhnəsində mövcud olub və sonralar mənbələrdə şəhərin həm özü, həm də adı haqqında heç bir məlumat verilməyib: “Bu da onunla bağlıdır ki, artıq şəhər Xaçın çayı sahilində deyil, başqa bir ərazidə, Qarqar çayı yaxınlığında bina edilmişdi. Artıq şəhərin adı Aquen deyil, Ağdam olmuşdu”.

Xüsusilə vurğulamaq lazımdır ki, 498-ci ildə Ağdam bölgəsində keçirilən Aquen məclisində erkən orta əsr Azərbaycan dövləti olan Albaniyanın siyasi, sosial-iqtisadi və dini-mənəvi həyatında olduqca əhəmiyyətli qanunlar qəbul olunmuş, bu qanunlar ölkənin ictimai-siyasi həyatında nəzərəçarpacaq dərəcədə nizam yaratmışdı. Həmçinin bu mötəbər məclisin bu bölgədə keçirilməsi, Ağdamın erkən orta əsrlər dövründə strateji əhəmiyyətindən xəbər verir.

Orta əsr mənbələrində Ağdam haqqında geniş məlumatlara rast gəlinməsə də, bəzi qaynaqlarda “Ağdam” toponiminə epizodik olaraq rast gəlinir. XV əsr tarixçisi Nizaməddin Şaminin “Zəfərnamə” əsərində Əmir Teymurun yürüşü vaxtı Qarabağda dayandığı məntəqələrdən birinin də Ağdam olduğu əks olunmuşdur. Mənbədə qeyd olunur ki, “Əmir Teymur Dərbənd qalasını təmir edib möhkəm bir hala gətirilməsi üçün əmr verdi. Oradan qayıdaraq Şirvana gəldi. Buranın məliki əvvəldən adı çəkilən Şeyx İbrahim idi. Səfərlərdə çox böyük mərdlik və fədakarlıq göstərdiyindən Əmirin iltifatına məzhər oldu. Əmir şərəfinə toylar etdi, sonra da oradan köçərək Kür çayının kənarına gəlib orada dayandı. Əmir Şeyx İbrahimə çoxlu ənamlarla ehsanlarda bulundu. Xələtlər, qızıl, ziynət şeyləri, papaq, kəmər verdi və vilayətin idarəsini keçmişdə olduğu kimi özünə tapşırdı. Bir neçə gün orada istirahət etdikdən sonra, oradan köçüb Ağdama gəldi...” Mənbədə verilən məlumatdan bu qənaətə gəlmək olar ki, Əmir Teymurun qərb istiqamətində yürüşləri dövründə Qarabağda hərbi düşərgə saldığı yerlərdən biri də Ağdam olub. 

Orta əsrlər dövrü qaynaqlarında verilən bu məlumatlardan aydın olur ki, Ağdam strateji əhəmiyyətli bölgə kimi XVIII əsrdən daha əvvəllər Qarabağın siyasi və mədəni həyatında əhəmiyyətli rol oynamışdı. 

Tarixi qaynaqlarda Ağdamın sosial-iqtisadi həyatı, memarlıq abidələri və tikililəri haqqında da əhəmiyyətli məlumatlar vardır. Mirzə Camal Cavanşir öz əsərində Ağdamın sosial-iqtisadi həyatını təsvir edərək yazır: “Qarabağ xanlığında iri mеyvə bağları xana, xan nəslindən оlanlara və bəylərə məxsus idi. Ağdamda Qarabağ xanına yеddi bağ - Güllü bağ, Ərikli bağ, Kətan bağı, Çirayuş bağı, Bala bağ, Barlı bağ və Narlı bağ məxsus idi. Sоnuncu iki bağ istisna оlmaqla, qalanları xan tərəfindən iltizama vеrilirdi. Xanların ata-babalarının dəfn оlunduqları Barlı bağ və Narlı bağın bütün məhsulu, Pənahəli xanın vəsiyyəti üzrə, satılmır, xеyrat, еhsan kimi havayı camaata paylanılırdı. Bağbanlar kəndindəki iri mеyvə bağları da xana məxsus idi. Kəndin adamları bu bağları bеcərməyə, qоrumağa və səliqəli saxlamağa bоrclu idilər...”

Müəllif həmçinin qeyd edir ki, “Bağbanlar kəndində xan sarayı, at tövləsi, hamam, buzxana və başqa tikililər var idi. Fеоdalların bоstanları da kəndlilər tərəfindən bеcərilir və qоrunurdu. İbrahimxəlil xana məxsus оlan Hindarxı kəndindəki bоstanlardan kəndin sakinləri hər il xana 50 tay qоvun-qarpız gətirirdilər...”

“Qarabağnamələr”də İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın Ağdamda apardığı abadlıq işləri haqqında maraqlı məlumatlar vardır. Bu mənbələrdə qeyd olunur ki, “Mərhum İbrahimxəlil xanın Qarabağda apardığı tikinti-abadlıq işlərindən biri də Ağdam bağının hasarı və oranın böyük günbəzləridir. Bu günbəzlər mərhum Pənah xanın və onun vəfat etmiş başqa övladlarının qəbirlərinin üzərində tikilmişdir. Orada qəşəng otaqlar, imarətlər və böyük üstüörtülü bazar tikilmişdir. Bura mərhum Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı idi. Evləri yonulmuş daşdan tikilib, səqfi taqbənd idi. Ağa Məhəmməd şah burada ordu qurduğu və Tiflis şəhərinə getdiyi zaman evləri və günbəzləri xarab etmişdi. Rəhmətlik İbrahim xanın oğlu və varisi mərhum general-mayor Mehdiqulu xan o yerləri yenidən təmir edib əvvəlkindən daha zinətli bir şəklə saldı...”

Tarixi qaynaqlarda verilən bu məlumatlar bir daha deməyə əsas verir ki, zaman-zaman Ağdam bölgəsi Qarabağın siyasi, iqtisadi və mədəni həyatında olduqca əhəmiyyətli rol oynayan bölgələrindən biri olmuşdur.

Artıq İkinci Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq. Beləliklə, tarixən Qarabağın ağ incisi hesab olunan Ağdam bölgəsi, nəinki Qarabağın, bütün Azərbaycanın siyasi və mədəniyyət incisinə çevriləcək. 

Mübariz AĞALARLI

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: