30.11.2021 14:24
Zəngəzur adı ilk dəfə III əsrdə “Kəbeyi-Zərdüşt” kitabəsinin arameycə mətnində Sakan, yəni türksoylu “Sakların yurdu” kimi çəkilib. VII əsrdə alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində, həmçinin Siraklı Ananiya “Coğrafiya” əsərində Qarabağın və Zəngəzurun qədim əhalisinin hunlar və peçeneqlər olduğunu yazıblar. XVIII əsrdə mxitaristlər (erməni katolikləri) tərəfindən tarixi faktların təhrif edildiyi qondarma “erməni mənbələri”ndə Zəngəzur adı saxta Sünik adı ilə əvəz edilib.
O bildirib ki, XVI-XVII əsrlərdə Avropa coğrafiyaçıları tərəfindən hazırlanan xəritələrdə Qarabağ və Zəngəzur ərazisində yer-yurd adları Azərbaycan türkcəsində qeyd olunub. Avropa coğrafiyaçıları Zəngəzuru Sak yurdu adı ilə öz xəritələrində qeyd ediblər. Məşhur italyan coğrafiyaçısı Cakomo Qastaldi 1559-1561-ci illərdə hazırladığı “Asiyanın birinci hissəsinin təsviri” xəritəsində Zəngəzurun adı “Zaka” (Saka), Laçın rayonunda yerləşən Hoçaz dağının adı “Koçias”, Göyçə gölü isə “Gyöççe” kimi çəkilib. Bu xəritədə həm Qarabağ, həm də Zəngəzur ərazisində ermənilərə aid heç bir yer-yurd adı qeyd edilməyib. Ermənilərin qondarma Sevan, Sünik, Artsax adları isə heç bir qədim xəritədə əks olunmayıb. Bunun başlıca səbəbi həm Cənubi Qafqazın, həm də Şərqi Anadolunun yerli əhalisinin ermənilər deyil, türk tayfaları olmasıdır: “1571-ci ildə brabant coğrafiyaçısı Abraham Orteliusun “Avropa” başlıqlı xəritəsində bütün Şərqi Anadolu və Azərbaycan ərazisi Türkman boylarının yurdu – Turcomani adlandırılıb. XIII əsrin sonu – XIV əsrin əvvəllərində Elxani hökmdarı Qazan xanın vəziri olmuş Fəzlullah Rəşidəddin “Came ət-Təvarix” əsərində, XV əsrin əvvəlində Əmir Teymurun yürüşlərində onu müşayiət etmiş ispan səfiri R.Q.Klavixo öz səyahətnaməsində, 1459-cu ildə venesiyalı coğrafiyaçı Fra Mauro “Mappa Mundo” dünya xəritəsində Qarabağ adını çəkəndə ermənilərin nəinki Azərbaycan ərazisində, hətta bütün Qafqaz regionunda tarixi keçmişini sübut edən heç bir fakt mövcud deyildi. Qeyd edək ki, Fra Mauro bütün Cənubi Qafqaz regionunu Turcomani, yəni türk boylarının ölkəsi adlandırırdı. II əsrdə Klavdi Ptolemey öz xəritəsində Cənubi Qafqaz regionunda yalnız iki dövlətdən – Albaniya və İberiyadan bəhs edir. K.Ptolemeyin xəritəsində Qafqaz regionunda Armeniya adlı ölkədən bəhs edilmir”.
Tarixçi alim Ramin Əlizadə diqqətə çatdırıb ki, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda sonuncu Elxani hökmdarı Ənuşirvanın hicri 750-ci ildə, yəni miladi təqvimlə 1349-cu ildə Qarabağda zərb etdirdiyi gümüş pulu saxlanılır. Bu gümüş pulun üst tərəfində ərəbcə “sultan”, ikinci sətirdə uyğur türkcəsində “Ənuşirvan” yazılıb. Onun üzərində yuxarı hissədə ərəbcə “hicri 750-ci ildə Qarabağda zərb edilib” ifadəsi qeyd olunub.
© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://