13.12.2021 12:03
Tədbirdə Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Rzeszovski Universitetinin əməkdaşı, “Qafqaz” jurnalının baş redaktoru Dariuş Popek, Polşanın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi bölmə üzrə birinci müavini Bartosz Musialowicz, Tarix İnstitutunun “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin müdiri Tofiq Mustafazadə, Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin müdiri Tofiq Nəcəfli, Tarix İnstitutunun “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin əməkdaşı Şəhla Məmmədli iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tarix İnstitutunun baş direktoru Kərim Şükürov açıb. O, əvvəlcə qonaqlara institutun tarixi barədə məlumat verib. Kərim Şükürov bildirib ki, Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində böyük uğurlarla zəngin inkişaf yolu keçmişdir. Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək elmi tədqiqat institutunun – bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur.
Kərim Şükürov Azərbaycanın müstəqillik qazanmasından söz açaraq bildirib ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. Bundan sonra Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra ölkələrlə, o cümlədən Polşa ilə əlaqələri möhkəmləndirmişdir.Azərbaycan-Polşa əlaqələri barədə məlumat verən Kərim Şükürov polyakların Azərbaycanın elm, təhsil sahəsində fəaliyyətini xüsusi vurğulayıb.
Daha sonra söz Rzeszovski Universitetinin əməkdaşı, “Qafqaz” jurnalının baş redaktoru Dariuş Popekə verilib. O, bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan-Polşa münasibətlərindən də danışan D.Popek qeyd edib ki, imzalanan sənətdə qarşılıqlı fəaliyyətin təşkili, müştərək tədqiqat və layihələrin həyata keçirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi kimi məsələlər nəzərdə tutulur.
Daha sonra Polşanın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi bölmə üzrə birinci müavini Bartosz Musialowicz əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, əməkdaşlığın daha da inkişafı üçün səfirlik tərəfindən bütün imkanların yaradılacağını qeyd edib.
Sonda Tarix İnstitutu ilə Polşanın Rzeszovski Universiteti arasında Elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq.
Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://