AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885 illiyinə həsr olunan dəyirmi masa keçirilib

21.12.2021 11:49

Dekabrın 20-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov açaraq bildirib ki, bu il Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885 ili tamam olur və bu dövlətin Azərbaycanın milli tarixində müstəsna yeri var. Onun sözlərinə görə,    Azərbaycan Atabəyləri dövlətinin tarixi milli tarixşünaslıq elmində ilk dəfə akademik Ziya Bünyadov tərəfindən tədqiq olunub, 1978-ci ildə monoqrafiya şəklində nəşr etdirib və 1980-ci ildə bu əsər Dövlət mükafatına layiq görülüb. Cəbi Bəhramov qeyd edib ki, milli dövlətçilik tariximizin araşdırılması, o cümlədən tarixi Azərbaycan ərazilərində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin tarixlərinin tədqiq edilməsi bu gün mühüm əhəmiyyət kəsb edir.

Sonra institutun  Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa “Azərbaycan  Atabəyləri dövlətinin Azərbaycan milli dövlətçilik tarixində yeri” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, orta əsrlərdə Azərbaycan dövlətçilik tarixində Atabəylər dövləti mühüm yer tutur. “Akademik Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” monoqrafiyası Azərbaycanın XII-XIII əsrin əvvəli tarixində mövcud olmuş boşluğu doldurmaqla bərabər, həm də milli dövlətçilik tarixinə verilən böyük və əvəzsiz bir töhfədir”, - deyə məruzəçi söyləyib.

 

Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib, tədbir müəssisənin icraçı direktoru Cəbi Bəhramovun yekun sözləri ilə başa çatıb.

 

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: