AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şuşa bəyannaməsi: Qarabağ Zəfərinin beynəlxalq hüququ təsdiqi kimi

03.02.2022 20:22

Son 200 ildə Cənubi Qafqaza köçürülən ermənilərin  davamlı olaraq Azərbaycana qarşı ərazi iddiaları marağında olması, sonunda böyük münaqişələrə, faciələrə yol açdı. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Çar Rusiyası zamanı Qarabağ ərazisində baş verən qarşıdurmalar, daha sonra Sovet siyasi sistemində bu siyasətin davam etməsi imperiya maraqlarından irəli gəlirdi. Sovet dövründə Yuxarı Qarabağa Muxtariyyət verilməsi, 1948-1953-cü illər Qərbi Azərbaycandan  köçürülən soydaşlarımız, həmçinin hakimiyyətin yuxarı dairələrində ermənilərə üstünlük verilməsi ənənəvi xarakter almışdır. Sovet Ermənistanında ideoloji siyasətə çevrilən antitürk, antiazərbaycan təbliğat ermənilərdə həmişə ruh yüksəkliyi yaratmış, virtual güclərə arxayınlıq, “böyük ideyalar” uğrunda mübarizədə daima separatçılığa yol açmışdır. 

Çar Rusiyası tərəfindən Yuxarı Qarabağda yerləşdirilən ermənilər, əsasən, bölgənin daha çox strateji cəhətdən əhəmiyyəti olan ərazilərə maraq göstərir, gələcək planlarını həyata keçirmək üçün ideoloji-siyasi təbliğatlarını dayandırmırdılar. Məhz mədəni dəyərlərlə zəngin olan, böyük şəxsiyyətlər yetirmiş, Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinin bu baxımdan da düşmən qüvvələrin marağında olması səbəbsiz deyildi. Sovet hökuməti dövründə də separatçı meyllərə şərait yaradılmış, ermənilərin xeyrinə saxta statistik rəqəmlərə, demoqrafik dəyişikliklərə üstünlük verilmişdir. Elmi təhlillər onu göstərir ki, Sovet hökumətinin ikili siyasətini görən Ulu Öndər Heydər Əliyev Şuşa şəhərinin mədəni mərkəz kimi tanıdılmasında, onun bölgə üçün necə vacib strateji cəhətdən əhəmiyyətini tutarlı şəkildə cəmiyyətə çatdırmağın vacib olduğunu hakimiyyətdə olduğu dövrdə fəaliyyəti ilə sübut etməyə çalışırdı. Bu təkcə dövlət başçısı kimi deyil, eyni zamanda onun şəxsi keyfiyyətlərindən, mədəni , mənəvi dəyərlərə önəm verməsindən irəli gələn məsələ idi. 

1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.

1982-ci il yanvarın 14-də Heydər Əliyev Şuşaya səfər edir. Bu səfərdən sonra Şuşa haqqında fikirlər, elmi-siyasi düşüncələr, yaradıcılıq ideyalarında istiqamət dəyişikliyi yarandı.1982-ci il iyulun 29-da Heydər Əliyevin söylədiyi fikirlərə  "Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir"-deyə söyləməsi bu şəhərə verilən qiymət, onun necə bir strateji bölgə olmasını təsdiq edən  məsələdir. 

 1985-ci ildə Sovet rəhbərliyində hakimiyyətə gələn M.S.Qorbaçov demokratiya şüarları ilə pərdələnərək ikili siyasət yeridir, həmçinin çökməyə doğru gedən iqtisadiyyatın çatışmazlıqlarını cəmiyyətdən gizlətmək üçün fərqli manevrlər etməyə başladı. Eyni zamanda xarici dövlətlər qarşısında götürdüyü öhdəliklərin yerinə yetrirlməsi istiqamətində bəzi addımlar atıldı. Qeyd etmək lazımdır ki, SSRİ və ABŞ arasında razılaşdırılmış məsələ kimi, silahlanmanı dayandırmaq, kimyəvi silahların ləğv edilməsi barədə müzakirələr apararaq öhdəlik götürülmüşdü. Əslində silahlanmanın dayandırılması istiqamətində addımlar atılması təqdirəlayiq hal olsa da, hakimiyyətdə olan ermənipərəst güclər demokratik yönümlü addımların atılmasını əngəlləyərək Sovet siyasi sisteminin eybəcərliklərinə dəstək verməyə başladılar.  Münaqişənin başlanması, ərazi iddialarının birdən–birə alovlanması deyil, onun üçün müəyyən hazırlıqlar getməyə başladı. Digər bir məsələyə münasibət bildirmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevə qarşı SSRİ rəhbəri M. S. Qorbaçov başda olmaqla ermənilərin xüsusi bir kompaniyaya başlamaları Siyasi Büroda atılmış ən təhlükəli və səhv addımlardan biri oldu. Hətta Heydər Əliyevin iqtisadiyyat sahəsində, aqrar sahədə səhv siyasətə qarşı olması, əsaslandırılmış şəkildə gələcəyə hesablanmış istiqamətlər göstərsə də, bu məsələdə SSRİ rəhbərliyinin qeyri-konstruktiv addımlarının şahidi oluruq. 1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

Bundan sonra ideoloji-siyasi sistemdə müəyyən boşluqlar yarandı. Azərbaycan SSR-ə qarşı yeni münasibətlər formalaşaraq antimüsəlman, antiazərbaycan fikirlər dövlətin aparıcı mətbuatında vaxtaşırı səslənməyə başladı. Bununla da Azərbaycan əleyhinə informasiya müharibəsi başladı. Azərbaycan həqiqətlərini artıq mərkəzi mətbuat orqanlarında verməməməklə ikili siyasətin dərinləşməsinə yol açdı. Ermənistanın çox ədalətsiz, əsassız ərazi iddialarına qarşı Sovet rəhbərliyi heç bir zəruri tədbirlər görmədi. Əksinə bu əsassız iddialara qarşı olanları öz vəzifələrindən uzaqlaşdırmağa başladı. Araşdırmada hadisələrin xronoloji ardıcıllığı qorunaraq əsas elementlərə münasibət bildirməyə çalışmaq, münaqişəni bir neçə mərhələdən ibarət olaraq xarakterizə etsək 1988-1991-ci illər, 1991-1993-cü illər, 1994-2016-cı ilər, nəhayət son mərhələ 2020-ci il 27 sentyabrdan başlayaraq İkinci Qarabağ müharibəsi adını almış Vətən müharibəsinin gedişi, xarakteri, nəticəsi barədə təhlili xarakteri məsələlər xüsusi yer tutur. 

Qeyd etmək yerinə düşər ki, bəhs etdiyimiz tarixi şəraiti elmi-siyasi cəhətdən təhlil etmək, baş verən proseslərə aydınlıq gətirmək daha məqsədəuyğun olardı. Şuşa şəhərinin 1992-ci il mayın 8-də işğala məruz qalmasını nəzərdən keçirsək, həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olması, o vaxta qədər Qaradağlı kəndi və Xocalı şəhərinin dağıdılması, əhalisinin soyqırıma, əsir götürülənlərin ağlagəlməz işgəncələrə məruz qalması, müharibə qanunlarına sığmayan addımların atılması, ətraf ərazilərdə qorxu xofu yaratmaq, eyni zamanda respublikada ictima-siyasi vəziyyəti gərginləşdirməyə hesablanmışdır.  Bütün bu cinayətlər dünyanın qloballaşmağa doğru getdiyi, beynəlxalq konvensiyaların, insan haqlarının qorunması ilə məşğul olan təşkilatların fəaliyyəti dövründə baş verir və bəşəriyyətə qarşı yönəlik cinayət cəzasız qalır. 

Respublikanın ağır vaxtında müvəqqəti rəhbərliyi həyata keçirən Ali Sovetin Sədri Yaqub Məmmədovun İran İslam Respublikasına böyük bir heyətlə dəvət olunaraq, guya, Ermənistan və Azərbaycan arasında atəşkəsə nail olunması, barışıq məsələsini müzakirə etdikləri vaxt, həmçinin, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin “nizamlanması məqsədilə” özünün təyin etdiyi səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovun   Qarabağda olması və düşmənin əlverişli vaxt seçərək hücuma keçməsi ağır olan vəziyyəti bir daha gərginləşdirərək mürəkkəb vəziyyət yaratdı. Danışıqların getdiyi və səlahiyyətli nümayəndənin fəaliyyəti zamanı belə bir hadisənin baş verməsi ən azından adı çəkilən dövlətlərin məsuliyyət məsələsi olsa da, onlar bu məsələdə “laqeyd qaldılar”. Bu işğalda həmin dövlətlərin nə qədər payı olması da sual olaraq bizi düşündürən məsələlərdəndir. Bundan sonra silsilə işğallar davam etdi. Eyni zamanda dünya dövlətləri bu məsləyə laqeyd qalaraq ikili münasibət göstərdilər.

2020-ci ilə qədər aparılan danışıqlar, təklif olunan həll modelləri, “Soçi”, “Madrid prinsipləri”, “Praqa posesi”, “Kazan”, “Ki-Uyest” və digər müzakirələrə ermənilərin məhəl qoymaması və Azərbaycan dövlətinə qarşı dayanmadan təhdid xarakterli çıxışların davam etməsi müharibəni qaçılmaz etdi. İkinci Qarabağ müharibəsində dövlət başçısının qələbənin necə qurtaracağı barədə fikirləri, həmçinin müharibəyə qədər bölgənin mərkəzi, Azərbaycanın mədəniyyət beşiyi, Qafqazın musiqi məbədi olan Şuşanın qaytarılması əsas hədəflərdən olması haqqında Cənab Ali Baş Komandanın fikirləri çox ciddi qələbədən xəbər verirdi. Beynəlxalq güclər, əsasən ATƏT-in Minsk Qrupuna aid olan dövlətlər Qarabağda tez-tez status məsələsinə toxunur, lazımsız şəkildə əsassız iddialara rəvac verirdilər. Uzun müddət həm əsası olmayan status, həm də həll yollarına aid qeyri-müəyyən həll formalarrını ortalığa gətirirdilər. Qeyd etmək lazımdır ki, “Dəmir Yumruq” əməliyyatının uğurla başa çatmasından sonra yeni bir reallıq yarandı. Həmçinin status-kvonun dəyişməsi, heç bir statusun olmayacağı birmənalı şəkildə Şuşa Bəyannaməsi ilə təsdiqləndi. 

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl Ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zaman gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Prezident İlham Əliyev bildirib ki, Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Azərbaycan Prezidenti bəyan edib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

“Dəmir Yumruq” əməliyyatının yaratdığı tarixi reallıqlar nəticəsində geosiyasi məqamlarda Azərbaycanın təhlükəsizliyi baxımından, həmçinin müstəqilliyi, gerçək regional güc kimi meydana çıxması üçün bir sıra addımların atılması  və Ermənistanın kapitulyasiya aktı imzalaması böyük əhəmiyyət kəsb etdi. Bu baxımdan Azərbaycanın qələbəsində siyasi və mənəvi dəyər verən Türkiyə Cümhuriyyətinin geosiyasi maraqlara qarşı atdığı və regional gücləri zərərsizləşdirmək üçün müəyyən cəhdlərin olması baxımından diqqət cəlb edir. Məhz bu baxımdan Azərbaycan –Türkiyə arasında bağlanmış, özündə beynəlxalq təhlükəsizliyin  qaydalarını ehtiva edən “Müttəfiqlik bəyannaməsi”nin hüquqi aspektlərinin nədən ibarət olmasına münasibət bildirək :

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələri yerinə yetirilməmiş,  30 ilə yaxın aparılan danışıqlar heç bir fayda verməmiş, nəticədə Azərbaycan Ordusunun qəti və inamlı hərəkət edərək ərazi bütövlüyümüzün bərpası, dünya erməni lobbisi və böyük dövlətlərə arxayın olan Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasına nail olmuş, düşmən dövləti kapitulyasiya aktı imzalamağa məcbur etmişlər. Beynəlxalq təhlükəsizlik qarantı olmaq üçün ikitərəfli bəyannamə vacib bir məqam kimi gündəmə gəlmişdir.

İlk növbədə qeyd etməliyəm ki, bu bəyannamədən sonra Azərbaycanın təhlükəsizliyi iki dövlət arasında humanist məqsədlərlə bağlanmış, mənəvi dəyərləri özündə ehtiva edən, iki dövlətin regional sülhə töhfə verməsi kimi dəyərləndirmək yerinə düşər. 

Bunlardan fərqli olaraq Azərbaycan-Türkiyə Cümhuriyyəti arasında ikitərəfli əməkdaşlığı yaradan zərurət ondan ibarətdir ki, bu xalqlar arasında tarixi bağlılıq, eyni millətə mənsub olmasıdır. Türk düşmənçiliyi ideologiyasına sahib olan, xristian həmrəyliyindən yararlanan ermənilərin daima  regionda pozuculuq marağında olmasını zərərsizləşdirmək üçün birgə addımlar  nəticəsində milli maraqlara söykənən dəyərli sənəd kimi qəbul etmək olar. 

Sənədin əsas məğzinə diqqət etsək görərik ki, İki dövlət arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq;

Tərəflərdən hər hansı birinin fikrincə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış bəyannamənin bütün bəndlərinin təhlil etdikdə bu sənədin beynəlxalq hüquqi əhəmiyyət kəsb edən dəyərli sənəd kimi qiymətləndirmək olar.

Nəticədə 2021-ci il Şuşada bağlanmış müttəfiqlik bəyannaməsinin böyük əhəmiyyəti həm region üçün, həmdə geosiyasi maraqlar kontekstində beynəlxalq hüququn aspektlərini özündə ehtiva edir. 2022-ci il fevralın 1-də Azərbaycan parlamentində “Şuşa Bəyannaməsi”nin ratifikasiya olunması, bu sənədin beynəlxalq qanunlara əsaslanması, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində göstərilən sənədin ratifikasiya olunması gözlənilir. Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsindən irəli gələn müxtəlif  bəndlərə zərurət yarandığı zaman əlavələrin olunması ehtimalı üçün şərait yaranmış olur.

Beləliklə professor Eynulla Mədətlinin qeyd etdiyi kimi, Azərbaycan- Türkiyə münasibətlərində Ulu Öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” konsepsiyasının dəqiqliyi, inkişaf dinamikası, tarixi köklərə əsaslanmış dövlətçilik ənənəsi və müasir birliyimizin əməldə əks olunması tarixi qələbəni şərtləndirmişdir.


Ədalət Mustafayev

Tarix üzrə fəlsəfə doktoru
 

Paylaş: