AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İrəvandakı xalçaların Azərbaycana məxsusluğu UNESCO-da sübut olundu, lakin...

09.02.2022 11:05

Faiq İsmayılov: “UNESCO-nun Ermənistana təzyiq imkanları yoxdur”

 

“Ötən il ermənilər Şuşadan qeyri-qanuni çıxardıqları xalçaları İrəvanda sərgiləmişdilər, hətta xalçalarımızın Şuşadan çıxarıldığını həyasızcasına bəyan belə etmişdilər”. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bununla bağlı hələ o vaxt dərhal bəyanat verildiyini vurğulayıb: “Biz UNESCO-ya da müraciət etdik. Orada olan xalçaların Qarabağ xalçaları olduğu faktlarla sübuta yetirildi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO məsələ ilə bağlı konkret addımlar atmır. Bu da onun siyasiləşmiş təşkilat olmasından xəbər verir. Ancaq bu o demək deyil ki, biz dayanacağıq. Həmin xalçaların hazırda Azərbaycana qaytarılması mümkün olmasa da, qeyri-qanuni olan bir məsələnin pislənməsini gözləyirik”.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 1-də Ermənistan tərəfindən Şuşa şəhərindən çıxarılan xalçalarla bağlı Mədəniyyət Nazirliyi müfəssəl arayış hazırlayaraq Xarici İşlər Nazirliyinə təqdim edib.

Ekspertlərin sözlərinə görə, Azərbaycan indi deyil, uzun illərdir ki, UNESCO-ya da müraciət edir, lakin təşkilatın bu məsələyə ikili standartlarla yanaşır. Bunun nəticəsində də  ermənilər Qarabağ xalçalarını geri qaytarmaq istəmir. Eksperlərin bildirdiyinə görə, təəssüflər olsun ki, UNESCO öz üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. 

UNESCO-nun konkret addım atması üçün nə etmək lazımdır?

Tarixçilərin fikrincə, Azərbaycan tərəf UNESCO-ya mütamadi olaraq öz vəzifəsini xatırlatmalıdır. Azərbaycanla UNESCO arasında böyük əməkdaşlıq var və Azərbaycan dövləti öz öhtəliyini yerinə yetirirsə UNESCO da öz vəzifəsi ilə məşğul olmalıdır. Ekspertlərin bildirdiyinə görə, əgər UNESCO-nun Ermənistana təzyiq etmək imkanı, səlahiyyəti yoxdursa, heç olmasa ona tövsiyə verməlidir. Amma bunların heç birini etmirsə, onda Azərbaycan UNESCO ilə əlaqələri yenidən nəzərdən keçirməlidir.

  • “Nazirlik Beynəlxalq Məhkəmələrdə Ermənistana qarşı məhkəmə iddiası qaldırmalıdır”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, UNESCO-nun ermənipərəst mövqe tutduğu məlumdur, Azərbaycan bu işi ilə həll etməlidir. “Biz Qarabağdan, Şuşadan aparılan eksponatlarımıza, xalqa nümunələrimizə olduqda bəsit yanaşırıq. Azərbaycan Xalça Muzeyinin Şuşa filialında 1992-ci ilə qədər 163 tarixi əhəmiyyətli xalçalarımız olub. 1992-ci il may ayının 8-də ermənilər Şuşanı zəbt edərkən orada olan 8 xatirə və tarix-diyarşünaslıq muzeyləri dağıdıldı, həmin xalçalar oradan götürülüb aparıldı…Deyək ki, işğal dövründə Mehmandarovun evində ermənilər guya bir “xalça muzeyi” yaratdılar, həmin “muzey”də də 15-20 dənə xalça asmışdılar. Mən onun fotosunu sizə göndərmişəm. Orada ondan böyük eksponat nümunələri saxlamaq da mümkün deyildi. Çünki ev o qədər böyük ev deyil. Yəni onun ikinci mərtəbəsi onlar guya muzey etmişdilər”.

F.İsmayılov dedi ki, nazirliyin o xalçaların siyahısını hansı formada hazırladığından xəbəri yoxdur, çünki Mədəniyyət Naizrliyi bu siyahıtutmanı açıq şəkildə etmir və bu siyahını müzakirəsiz tutub. “Bu səbəbdən də onların nə iş gördüklərini də bilmirəm”.

UNESCO-nun reaksiyasız qalmasına və onun münasibət bildirməsi üçün nə etməli olduğumuza gəlincə, F.İsmayılov bildirdi ki, onsuz da UNESCO-nuin təzyiq imkanları yoxdur, problemi özümüz həll etməliyik: “Doğrudur razıyam. Bu gün hətta erməni xanımlarının toxuduqları bütün xalçalarda Qarabağ xalça məktəbinin ornamentləri var. Amma onu da əlavə edim ki, 1992-ci ildən Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinə kompleks yanaşma lazımdır. Bunu Şuşa, Kəlbəcər, Laçın və digər bölgələrin adıyla hissələrə parçalayıb məsuliyyəti azaltmağa ehtiyac yoxdur. Azərbaycandan çıxarılan eksponatların sayı təqribən 100 min çivarındadır. Bura toxuculuq, zərgərlik, saxsı və digər  məmulatlar daxildir. Bütün bunlar əvvəlcə komplektləşdirilməli, Bütün Beynəlxalq Təşkilatlar məlumatlandırılmalıdırlar. UNESCO İctimai təşkilatdır, hətta onun müsbət cavabı belə məsələni həll etməyəcəkdir. Çünki UNESCO-nun Ermənistana təzyiq imkanları yoxdur. Nazirlik Beynəlxalq Məhkəmələrdə Ermənistana qarşı məhkəmə iddiası qaldırmalıdır. Mədəniyyət Nazirliyinin bu istiqamətdə sərgilədiyi hazırkı mövqe məni qane etmir”.

Paylaş: