AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu beynəlxalq əlaqələrini daha da inkişaf etdirir

01.12.2017 16:15

“Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın dəvətinə əsasən, institutun şöbə müdiri İlqar Niftəliyevlə birlikdə görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatında iştirak etdik”.

Bunu institut direktoru, akademik Yaqub Mahmudov Bolqarıstan səfərindən danışarkən bildirib.

Yaqub Mahmudov deyib: “10 ilə yaxındır ki, “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Dövlət Təhlükəsizliyi Xidməti, Tarix İnstitutu və AZƏRTAC-ın birgə layihəsi əsasında işıq üzü görən kitabı bolqarcaya Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev tərcümə edib”.

Bundan əlavə, tarixçi alimlər İradə Məmmədova və Arzu Məmmədova Türkiyənin Ankara şəhərində keçirilmiş “Türk Dili Danışan Ölkələr Qurultayı”nda iştirak ediblər. İ.Məmmədova “Azərbaycan və rus dillərindən türk dilinə tərcümədə hərbi termin məsələsi və xarici adların türk dilində yazılışı problemləri” və A.Məmmədova “Sovetlər Birliyində dil siyasəti və onun Türk dilinin mövqeyinə və inkişafına təsiri (Azərbaycan nümunəsində)” mövzusunda məruzələrlə çıxış ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş qurultayda 50-ə yaxın ölkədən 320 alim iştirak edib.

Qeyd edək ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) Macarıstanın Pannonia və Polşanın Vistula universitetlərində təşkil etdiyi kitab sərgilərində əsasən Tarix İnstitutunun ingilis dilində olan nəşrləri (Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabları və onun layihə rəhbəri olduğu İrəvan xanlığının tarixi ilə bağlı broşürlər) və Y.Mahmudovun baş məsləhətçisi olduğu “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi yer alıb və avropalı gənc alimlərin böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: