04.04.2022 15:13
Xəbər veridiyimiz kimi, Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb. Bu qalıqların Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş əsgərlərimizə aid olduğu iddia edilir. Qalıqların ermənilər tərəfindən toplu şəkildə basdırılan mülki vətəndaşlarımıza aid olması barədə də söyləntilər var.
Bu barədə Axar.az-a açıqlama verən "Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayilov bildirib ki, hər iki versiyanın doğru olması mümkündür.
“Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsində Fərrux dağının zirvəsinə qədər qalxmamışdı. Tapılan qalıqlar arasında əsgərlərimizin də olması istisna deyil. İlkin analizdən sonra mütləq bütün suallara cavab tapacağıq”.
F.İsmayılov bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 5 minə yaxın soydaşımızın kiçik qisminin belə sağ qaldığına ümidi yoxdur:
“Onları kütləvi şəkildə öldürüb basdırıblar. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər. Xocavənd rayonunun Qaradağlı kəndində əvvəllər mal-qaranı yemləmək üçün silos tipli quyular qazılırdı. Bəzi söyləntilərə görə, həmin quyularda da insanlar basdırılıb. Bu baxımdan belə qənaətə gəlirəm ki, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə ermənilər Fərrux ərazisində tam sərbəst şəkildə bu cür kütləvi məzarlar yaradıblar. Orada əsgərlərlə bərabər mülki vətəndaşlarımızı da basdırıblar”.