AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə "Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımı" mövzusunda onlayn formatda konfrans keçirilib.

20.04.2022 11:03

Tədbirdə ilk olaraq AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü çıxış edərək Hərəkatın təsis olunduğu 2020-ci ildən bəri görülən işlər haqqında məlumat verib. O, AVH-nin önəmli mövzularda beynəlxalq və yerli səviyyəli konfranslar keçirdiyini, görüşlər təşkil etdiyini, Azərbaycan və Türk Dünyası üçün əhəmiyyət kəsb edən mövzularda açıqlamalarla, bəyanatlarla çıxış etdiyini vurğulayıb. Hərəkatın sıralarında əsasən ziyalıların birləşdiyini deyən M.Göyüşlü hər zaman Qarabağ mövzusuna həssas yanaşan təşkilatın təmsilçilərinin Qarabağdakı mədəniyyət abidələrinə qarşı ermənilərin törətdiyi soyqırımı ictimailəşdirməsinin önəmli olduğunu qeyd edib

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli "Füzuli rayonunun soyqırıma məruz qalmış tarixi mədəniyyət abidələri haqqında" mövzusunda çıxış edib. T.Nəcəfli çıxışında ermənilərin ən zəngin tarixi abidələrimizi məhv etdiklərini söyləyib. O, düşmənlərimiz tərəfindən məscidlərimizin, digər mədəniyyət abidələrimizin qalıqlarının yer üzündən silindiyini açıqlayıb. Şöbə müdiri Füzuli rayonu ilə bağlı ermənilərin törətdikləri haqqında ətraflı bəhs edib və 16 abidənin, körpünün, hamamın və s. məhv edildiyini söyləyib. O, daha sonra mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar haqqında faktlarla məlumat verib və onların bərpasının vacib olmasının qeyd edib.

Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov "İşğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə vurulan zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması" mövzusunda çıxış edib. F.İsmayılov bildirib ki, ermənilər abidələrimizi dağıdır və onları dəyişdiriblər. Çıxışçı xüsusən də xristianlıq dövrünə aid 50-yə qədər abidəmizin ermənilər tərəfindən dəyişdirildiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin əksəriyyətinin işğal vaxtında xaricə satıldığını deyən F.İsmayılov Laçın muzeyindən oğurlanan abidələrdən nümunələr sadalayıb.

Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli "Qarabağ: tarixi adlara və abidələrə qarşı erməni vandalizmi" mövzusunda çıxış edib. O, ermənilərin işğal siyasətindən danışaraq məqsədin əhalini məhv etməklə yanaşı tarixi abidələri dağıtmaq, ərazi iddialarını rəsmiləşdirmək olduğunu vurğulayıb. G.Nəcəfli çıxışında ermənilərin türk toponimlərinin izlərini də məhv etməyə çalışdıqlarını söyləyib. Alim Ağdamın, Füzulinin, Kəlbəcərin, Zəngilanın və oradakı toplonimlərin dəyişdirilməsindən söz açıb. G.Nəcəfli Qarabağdakı 300-dən çox toponimin hamısının Azərbaycan türkcəsində olduğunu söyləyib.

AVH-nin İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı "Dünya mədəni irsinin qorunmasının beynəlxalq hüquqi əsasları və Qarabağ abidələrinə qarşı soyqırım siyasəti" mövzusunda çıxış edib. O, beynəlxalq miqyasda mədəniyyət abidələri ilə bağlı qəbul edilmiş qətnamələrə toxunub. M.Ağalarlı təəssüflə bildirib ki, qəbul edilmiş beynəlxalq sənədlər belə ermənilərin vandal hərəkətlərini dayandıra bilməyib. AVH təmsilçisi ermənilərin mədəniyyət abidələrimizi özününküləşdirmək cəhdlərinin baş tutumamasını da diqqətə çatdırıb.

AVH-nin Məclis üzvü, Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov "Qarabağda dini-tarixi abidələr" mövzusunda çıxış edib. O, Qarabağdakı İslam abidələrinin ermənilər tərəfindən məhv edildiyini, xristian abidələrinin isə saxtalaşdırıldığını qeyd edib. B.Həsənov xüsusilə alban abidələrinə qarşı ermənilərin daha çox müdaxilə etdiklərini vurğulayıb. AVH təmsilçisi çıxışında məscidlərimizin əksəriyyətinin tamamilə dağıdılmasını təəssüflə bildirib.

Sonda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı Laureatı Hacı Həsənov yekun çıxışı edib. O, bu mövzuda tədbirlərin, müzakirə və araşdırmaların daha çox aparılmalı olduğunu qeyd edib. H.Həsənov düşmənə qarşı mübarizədə alimlərin aparıcı rola malik olduğunu deyərək ermənilərin mədəniyyət abidələrimizə qarşı törətdiyi soyqırımların araşdırılmasının önəmindən də bəhs edib.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: