AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-nın tarixçi-alimləri ADPU tələbələri qarşısında çıxış ediblər

22.04.2022 10:12

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix – Coğrafiya fakültəsində “Azərbaycan tarixi tədqiqatçı nöqteyi nəzərində (Qədim və erkən orta əsrlər dövrü)” adlı elmi seminar keçirilib.

Elmi seminarı giriş sözü ilə açan Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova tədbirin əhəmiyyətindən danışaraq, qədim və erkən orta əsrlər dövrü Azərbaycan tarixinin mövcud problemlərindən, bu dövrün tədrisi prosesində tələbə və müəllimlərin qarşılaşdığı elmi çətinliklərdən, ali məktəbdə tədris olunan Azərbaycan tarixi kitablarında kok salmış elmi və metodoloji qüsurlardan danışıb. 

AMEA – nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı öz çıxışında AMEA alimlərinin ali təhsil müəssisələri ilə sıx şəkildə əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu təşəbbüsün elm və təhsil sahələrinin inteqrasiya prosesində vacib amil olduğunu qeyd edib.

AMEA – nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, Ramin Əlizadə “Azərbaycanın qədim dövr tarixi-siyasi coğrafiyası və etnik vəziyyətinə yeni metodoloji baxış” adlı geniş elmi məruzə ilə çıxış edərək, Azərbaycanın qədim dövr tarixinin mövcud metodoloji aspektlərini qeyd edərək, sovet tarix metodologiyasının artıq elmi tələblərə cavab vermədiyini, qədim dövr Azərbaycan tarixinə yeni elmi yanaşmaların vacib olduğunu vuğulayıbdır. 

AMEA – nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Ramil Ağayev “Ərəb mənbələri Azərbaycanın hüdudları və etnik tərkibi haqqında” adlı elmi məruzəsində ərəbdilli mənbələrə əsasında, erkən orta əsrlərdə Azərbaycanın tarixi-siyasi coğrafiyası, əhalinin etnik tərkibi, bölgənin yerli türk əhalisi və digər etnik qruplar haqqında geniş şəkildə məlumat verib. Tədbirin sonunda çoxsaylı suallara cavab verən AMEA-nın tarixçi alimləri Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünün qaranlıq tərəflərini mənbələr əsasında işıqlandırmağa çalışıblar.

Paylaş: