AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alimin kitabı İtaliyada nəşr olunub

26.04.2022 09:34

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin “Safavids in Venetian and European Sources” (“Səfəvilər Venesiya və Avropa mənbələrində”) adlı monoqrafiyası Venesiyanın Ka’ Foskari Universitetinin “Edizioni Ca' Foscari” nəşriyyatında çap olunmuşdur. 

İngilis dilində işıq üzü görən kitab müəllifin Avropa Kommissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri Fərdi Təqaüd Proqramı çərçivəsində Venesiyanın Ka’ Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirmiş olduğu “SAFVEN-West meets East in Venice: Cross-cultural interactions and reciprocal influences between the Safavids and Venetians” (“Şərqlə Qərb Venesiyada qarşılaşır: Səfəvilər və venesiyalılar arasında  mədəni əlaqələr və qarşılıqlı təsirlər”) layihəsinin nəticələri əsasında yazılmışdır.

Kitabda Venesiya Dövlət Arxivinin materialları və dövrün digər mənbələri əsasında Səfəvilər dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərində Türk dilinin rolu, Səfəvi şahlarının Venesiya dojlarına göndərdikləri məktubların vizual və material cəhətləri, Venesiyaya göndərilmiş Səfəvi elçilikləri, diplomatik münasibətlərdə hədiyyələr mübadiləsinin əhəmiyyəti, Səfəvi-Venesiya münasibətlərində Osmanlı amilinin rolu və digər məsələlər tədqiq edilmişdir. Müəllifin Venesiya Dövlət Arxivində aşkar etdiyi I Şah Abbasın Venesiya doju Marino Qrimaniyə yazdığı məktubun italyan dilinə tərcümə nüsxəsi əsasında Şah Abbasın hakimiyyəti dövründə ilk Səfəvi elçiliyinin Venesiyaya 1600-cı ildə (Sücəddin Əsəd bəyin başçılığı ilə) deyil, 1597-ci ildə (Xoca İlyas və Mehmed Emin bəyin başçılığı ilə) göndərildiyi məlum olmuşdur. 

Arxiv materiallarının tədqiqi nəticəsində Venesiyada ticarətlə məşğul olmuş bir sıra yeni Səfəvi tacirlərinin, o cümlədən Qazi Əvəz, Məhəmməd Hüseyn, İlyas bəy, Şahverdi bəy, Xoca Dərviş, Xoca Hidayətulla, Xoca Musa, Xoca Qubad, Sahib ibn Murad, Məhəmməd bəy, Xəlil ibn Miri, Qaraxan ibn Hacı Bayram, Həsən ibn Hacı Əbülqasım, Hüseyn ibn Əli və digərlərinin adları aşkar olunmuşdur. 

Kitabın “Əlavələr” bölməsində Venesiya Dövlət Arxivinin müxtəlif fondlarında saxlanılan Səfəvi-Venesiya əlaqələrinə dair itayan dilində 13 əlyazma sənədinin müəllif tərəfindən transkripsiya olunmuş mətnləri verilmişdir. 

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: