10.05.2022 16:00
Azərbaycan Respublikasında XX əsrin sonu milli şüurun oyanışının yeni mərhələsi ilə xarakterizə olunur. Soykökünə, milli tarixə qayıdış tarixi tədqiqatların istiqamətinə də təsir göstərdi. Yeni tarixi tədqiqatlar dalğası başladı. Elmi və publisistik yazılarda tarixə olan yad münasibət tənqid olunur, təhrif və saxtalaşdırılmalar arxiv sənədlərinə əsasən təhlil edilirdi. Azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət də yeni məzmun aldı. Sistemsiz, dağınıq elmi araşdırmalara baxmayaraq, mövzunun tədqiqi dövrün ictimai-siyasi axarı ilə uzlaşırdı. Qafqazın geosiyasi durumu tarixə nəzər salmağı, Azərbaycan-türk xalqının aborigen xalq olaraq regionda əsas etnik amil kimi varlığının isbatını vacib edirdi. Soyqırımı və deportasiyalar tarixinə müraciət təkcə elmi müstəvidə deyil, dövlət səviyyəsində də aktuallaşdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi yeni mərhələyə qədəm qoydu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova deyib.
O qeyd edib ki, tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə sədr seçiləndən sonrakı ilk çıxışında demişdir: “Ali sovetin sədri kimi xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bu çıxışdan sonrakı tarixi dövrə nəzər saldıqda bu ifadələrin müasir Azərbaycan cəmiyyətinin, dövlətinin simasında reallaşdırılmasının əyani şahidi oluruq.
Şübhəsiz, bu qayıdışın məna və əhəmiyyəti ondadır ki, Heydər Əliyevin qayıdışdan əvvəlki 24 illik fəaliyyəti dövründə və qayıdışdan sonra gördüyü işlər tarixçi nəsillərin həmişəlik tədqiqat obyekti olacaq. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
XIX-XX əsrlərdə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin icraçısı olan ermənilərin əli ilə azərbaycanlılara qarşı dəfələrlə etnik təmizləmə və soyqırımı törədilib, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar ediblər. Yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib, öz ata-baba yurdundan didərgin salınıb, Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilib. Məlumdur ki, Rusiya və İran imperiyaları arasında Azərbaycana sahib olmaq uğrunda XIX əsrin birinci rübündə amansız və uzun sürən işğalçılıq müharibələrinin nəticəsi olaraq Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan iki yerə bölündü. Üstəlik Çar Rusiyası və İran imperiyaları arasında bölüşdürülmədən sonra da Azərbaycan 4-5 yerə parçalanıb: Şimali Azərbaycanın böyük bir hissəsi olan Zəngəzur Ermənistana verilib, qalan hissəsi də Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan Muxtar Respublikası və s.
Akademik Yaqub Mahmudov bu haqda yazır: “Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı”.
Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının bir formasına çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Sonralar tarixi dövr 30-cu illərin ağır repressiyaları ilə müşayiət olunub. 1948-53-cü illər azərbaycanlıların kütləvi deportasiya dalğası, 80-ci illərdən başlayaraq Dağlıq Qarabağ probleminin yenidən süni şəkildə qızışdırılması, 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı demək olar ki, bu faciələrin pik nöqtəsi oldu.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti Fərman imzalayıb. Azərbaycan xalqının xilaskarı Heydər Əliyev nəinki yaxın tarixi dövrdə, eləcə də əsrin əvvəllərində törədilmiş faciələrin hüquqi-siyasi qiymətini alması istiqamətində fəaliyyətini davam etdirdi.
Keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində növbəti vacib addımlardan biri 1918-ci il mart soyqırımını öz siyasi qiymətini tapması oldu. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Heydər Əliyev 1998-ci il martın 26-da “31 martın Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi haqqında” fərman verib. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
“Müasir Azərbaycan tarixinin təqribən yarım əsrə bərabər bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyətinə nəzər saldıqda müxtəlif tarixi məqamlarda şəraiti düzgün qiymətləndirib, siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında reaksiya verməsinin, xalq və dövlət naminə düzgün qərarlar qəbul etməsinin şahidi oluruq. Həmin qərarlar bugünkü Azərbaycan dövlətinin də siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rola malikdir. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də apardığı xarici siyasətin əsas amalı Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının xalqımıza qarşı törətdikləri cinayətlərin cəzasını almasına nail olmaqdır”, - deyə tarixçi alim Leyla Hüseynova qeyd edib.