AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Akademik beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışıb

08.12.2017 11:20

“Qondarma “Dağlıq Qarabağ problemi”, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və bu gün Azərbaycanda yaşananlar Birinci Dünya müharibəsindən qalan miraslardır. Təəssüf edirəm ki, simpoziumun proqramında bu məsələlərə lazımınca yer ayrılmayıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Yaqub Mahmudov bildirib: “Birinci Dünya müharibəsinin tarixi araşdırılarkən qalib dövlətlərin tarixçiləri saxta tarix yaradıblar. Əsil tarix isə diqqətdən kənarda qalıb. Birinci Dünya müharibəsinin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan  başlayaraq, bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırımı həyata keçiriblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. İcraçılar və bu siyasəti yeridən qüvvələr dünya xalqlarına açıq bildirilməlidir”.

Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib: “1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddiaları irəli sürdülər. Bu məsələlər də hüquqi baxımdan araşdırılmalıdır”.

Yaqub Mahmudov çıxışının sonunda Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçasını və institutun soyqırımlar tarixinə həsr olunan çoxlu sayda nəşrlərini hədiyyə edib.

Qeyd edək ki, beynəlxalq simpozium Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: