AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İSLAM MƏDƏNİYYƏTİNİN QƏRB MƏDƏNİYYƏTİNİN İNKIŞAFINA TƏSİRİ

18.05.2022 11:08

Qərb mədəniyyəti sözündən məqsədimiz bu gün dünyada hakim olan Qərb maarifi, elm və texnologiyasıdır. Bizcə, bunların meydana çıxmağında və inkişafında İslam maarif və mədəniyyəti böyük rol oynayıb. Avropa və İslam mədəniyyət tarixlərinə nəzər salmaq bizim görüş və fikirlərimizi sübut etməyə kafidir. Biz öz məruzəmizdə daha çox Qərb qaynaqlarına, qərbli müəllif və alimlərin yazılarına əsaslanmağa çalışacağıq.

Bildiyimiz kimi, bugünkü sivilizasiyanın əsası və təməli elmə dayanmaqdadır. Ona görə biz İslam dini və məktəbində elmin, alimlərin dəyərini, yerini Qurani-Kərim və Hz. Məhəmmədin (s) dilindən bəyan etdikdən sonra bugünkü Qərb sivilizasiyasının inkişafında müəssər olan İslam maarifindən və nümunə olaraq bəzi islami kəşflərdən bəhs edəcəyik.

İslam dinində bütün xalq və millətlər bir və bərabər sayıldığı halda, alim ilə cahil arasında fərq qoyulub. Qeyd edəcəyimiz ayə bu məsələni açıq şəkildə ifadə etməkdədir: “قل هل يستوى الذين يعلمون و الذين لا يعلمون انما يتذكر اولوا الالباب (“De: “Heç bilənlərlə bilməyənlər bir olarmı? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.)

Qurani-Kərimin nazil olan ilk ayəsi “Oxu” sözü ilə başlayır. Həmin ayədə belə buyurulur: “اقرا باسم ربك الذى خلق خلق الانسان من علق اقرا وربك الاكرم الذى علم بالقلم علم الانسان ما لم يعلم”. Gördüyümüz kimi Allah bu ayədə qələmə və qələmin yazısına and içir. Buna əsasən deyə bilərik ki, İslam yeganə dindir ki, elm və biliyi ibadətdən də üstün tutur, peyğəmbərimizə istinad edilən hədislər bu məsələni gözəl bir şəkildə bəyan etməkdədir. Məsələn:

“Təhsil müqəddəs cihaddır”; “Alimlər Allahın etimad etdiyi kimsələr və Peyğəmbərlərin varisləridir”; “Elmindən faydalanan alim min zahiddən üstündür”; “Elm dərəcəsi ən yüksək dərəcədir”; “Alimlərin mürəkkəbi və şəhidlərin qanı ölçüldü, birincisi daha ağır gəldi”; “Hər şeyin bir yolu var, cənnətin yolu elmdir”; “Övlad üçün ən qiymətli miras yaxşı təhsildir.”

Həzrət Əli (ə) bu barədə belə buyurub: “Ən nasu muallim av mutəllim və`lbaqi kalhiməc.” (Xalq ya müəllim və ya şagirddir, qalanı zir-zibildir). Buradan anlaşılır ki, Qərb dünyasının ərəb mədəniyyəti adı ilə adlandırdığı mədəniyyət əslində elə İslam mədəniyyətidir.

Bildiyimiz kimi, kağız elm və maarifin əsasını təşkil edən, insanların fikir və yaradıcılıqlarını əks etdirmək və çatdırmaq üçün ən əlverişli vasitədir. Kitab və məqalə yazmaq, onları xalqa çatdırmaq üçün çox miqdarda və ucuz qiymətdə kağız əldə etmək zəruridir. Bu gün ucuz və asan şəkildə avropalıların əlində olan bu qiymətli vəsilə (kağız) müsəlmanlar tərəfindən icad olub, Avropaya aparılıb. Əlbəttə, çinlilər miladi 105-ci ildən ipək və ya barama qozasından kağız istehsalını öyrəniblər. Lakin ipək sənətinin bahalı olması və Çin ilə Orta Asiyaya məxsus olduğu üçün həmin kağız Avropaya çatdırıla bilməyib. Fransız professor Jak Risler “Ərəb mədəniyyəti” adlı kitabında belə yazıb: “Şübhəsiz, ən yaxşı nemətlərdən biri olan kağızı İslam Avropaya gətirmişdi. Müsəlmanlar kətan xəmirindən kağız hazırlamaq sənətini Səmərqənddə öyrəndilər. Sonra Əlcəzair və Misirdə bol olan pambığı onun yerinə işlətdilər. Bu şəkildə Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik dövründə 712-ci ildə ərəblər tərəfindən baş tutan Səmərqənd fəthini dünyada kağızın yayılma tarixinin başlanğıcı hesab edə bilərik.”

İlk kağız istehsal fabriki Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə 794-cü ildə Bağdadda tikildi. Sonra Misirdə və XII əsrdə Əndəlüsdə kağız fabrikləri tikildi. Avropanın qərb məntəqəsi möhtac olduğu kağızı bu fabriklərdən təmin edirdi, lakin Şərqi Avropaya kağız Şamdan gətirilirdi.

Vil Dorant “Mədəniyyət tarixi” adlı kitabında bu barədə belə yazır: “İlk kağız fabriki – “kargah və atelye” 794-cü ildə Bağdadda Fəzl Bərməki tərəfindən tikildi və kağızqayırma texnikası müsəlmanlar vasitəsilə Siciliya və İspaniyaya aparıldı. Oradan İtaliya və Fransaya yol tapdı. Ucuz və çox miqdarda kağız istehsalı bol miqdarda kitab tədarükünü asanlaşdırdı. Belə ki, X əsrdə Deyləmilərin vəziri olan Sahib ibn İbadın şəxsi kitabxanasında Avropa kitabxanalarının məcmusu qədər kitab var idi. Fransanın məşhur şərqşünası Qustav Lebonun yazdığına görə, Kordovada Əndəlüs əmiri II Həkəmin (961-976) kitabxanasında altı yüz min kitab var idi. Halbuki, 400 il ondan sonra Fransa kralı olan V Karlın kitabxanasında ancaq 900 kitab var idi. Qustav Lebonun dediyinə görə, islam kağızı dünya mədəniyyət tarixində yeni bir dövr açıb. Əgər kağız, barıt və qütbnamə kimi islam mirasları olmasaydı, Renessans hərəkatı necə yarana bilərdi? Əgər müsəlmanlar olmasaydı, Qərbdə elmi renessans əsrlər boyu gecikəcəkdi.

Kitab çapının və mətbuatın da kökü islamidir. Professor Risler bu barədə belə yazır: “Xaçpərəstlər qumaş (parça) üzərinə vurulan taxta qəliblərlə basma çap texnikasını Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika Avropada çap texnikasının əsasını təşkil edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə də inkişaf etmişdi. Kardovada Əbdürrəhman Münşi rəsmi sənədləri bizə hələ də məchul qalan vasitələrlə hazırlayırdı.”

XIX əsrdən bəri Qərb alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki, bugünkü sivilizasiya əski yunan və roma mədəniyyətinə bağlı olmayıb, parlaq islam mədəniyyətindən öz kökünü alıb.

İndi bir az da elmin müxtəlif sahələrindən bəhs edərək, sözümüzü tibb elmi ilə başlamaq istərdim. Professor Risler bu barədə belə yazır: “Müsəlmanlar tibdə ən yüksək mövqe və məqamı əldə edib, 500 il dünya tibbinin zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad edilən 300 hədis var. Bu hədislərin çoxu yeməkdə etidal və imsaq etmək, sağlıq, sanitar-gigiyenik üsullara riayət etməyə aiddir. Məsələn, “Taunun olduğu yerə girməyin, orda olsanız, oradan çıxmayın” tapşırığı bugünkü  epidemiya Coviq-19-la karantin anlayışının əsasını təşkil etməkdədir. Rislerin dediyinə görə, müsəlmanlar Hippokrat və Calinusun tibbini tərcümə edib öyrəndikdən sonra kifayətlənməyib, şəxsi müşahidə və klinik təcrübələrini diaqnoz və dərman üçün əsas qərar verdilər. O zamandan bəri tibb təcrübi elm mahiyyətini qazandı.”

Vil Dorantın yazdığına görə, ilk islami xəstəxana miladi 704-cü ildə “bimaristan” və ya “daruş-şifa” adı ilə Şamda qurulub və 978-ci ildə bu xəstəxananın 24 həkimi var idi. Tibb dərsləri xəstəxanada keçirilirdi. İmtahan vermədən və diplom almadan həkimlik etmək qadağan idi. Harun ər-Rəşid zamanında Bağdadda ilk xəstəxana quruldu, X əsrdə orada daha 5 xəstəxana yaradıldı. Bu xəstəxanaların bərpa edilməsində Cindi Şapurdakı universitet xəstəxanasından faydalanıblar.

Professor Jorj Rivar “İslamın siması” adlı kitabında deyir ki, müsəlman həkimləri ən çox cərrahlıqda məharət qazandılar. İslam cərrahları XI əsrdə katarakt, məsanə daşı, kotrizasyon (dağlamaq) əməliyyatlarını bilir, uyutmaq (anesteziya) və uyuşdurmaq (lokal anesteziya) üçün “İvraie təlxə”, buğda və xaşxaş işlədirdilər. Farmokoloji və tibbdə işlənən maddələrin elmi tədqiqi də islamda başlanıb. V.Doranta görə, İbn Sina ən böyük müəllim, Razi ən böyük həkim, İmam Cəfər Sadiqin (ə) tələbəsi Cabir ibn Həyyan qədim zamanın ən böyük kimyaçısı sayılır. İbn Sina və Razinin əsərləri bugünkü tibbin əsasını təşkil edib, əsrlər boyu qərb tibb məktəblərində tədris olunub.

Qotiyerin “Müsəlmanların əxlaq və ədabı” adlı kitabında yazılıb ki, orta əsrlər və renessans dövründə Avropa Boqrat və Calinusdan çox islam həkimlərini izləyiblər. Razi (850-932) əlli il Bağdadda həkimlik edib, onun əsərləri XVI-XVIII əsrlərdə dəfələrlə latın dilinə tərcümə edilib.

İbn Sina tibb sultanı hesab olunur və dəyəri Razidən də artıqdır. Onun “əl-Qanun fit-tibb” adlı tibb kitabı Avropanın bir çox dillərinə tərcümə edilib. Bu iki həkimin kitabları XVII əsrə qədər tibb tədrisatının əsasını təşkil edib. “Əl-Qanun fit-tibb” əsrlər boyu Avropanın dərslik kitabı və həkimliyin müqəddəs kitabı olub. Razinin çiçək və qızılca haqqında kitabları xəstələrin klinik müşahidəsi və təhlili ilə yazılıb. Bu kitablar yoluxucu xəstəliklər haqqında yazılan ilk elmi əsərlərdir. Bu iki əsərin ingiliscə tərcümələri XV-XIX əsrlərdə 40 dəfə nəşr edilib.

Tibb elmi və həkimlik islam məktəblərindən İtaliyada Salerin və Fransada Montpelier tibb məktəblərinə keçmişdi. Salerin məktəbi IX əsrdə Şarl Mayn tərəfindən quruldu və üç əsr Avropanın tibb mərkəzi oldu.

Riyaziyyatın da tibb kimi islami kökü vardır. Riyaziyyat və hesab elminin əsasları əşari rəqəmlər və sıfır üzərində qoyulub. Avropada XIII əsrin ortasına qədər riyazi ədədlərin yerinə latın hərflərindən istifadə edilirdi. Risler, Sedilot  və Vil Dorantın düşüncələrinə görə, əşari rəqəmlər və sıfır müsəlmanların kəşfidir. İlk dəfə IX əsrdə işlənib, yanlış olaraq hindi rəqəmlər adlanıb. İbn Əhmədin 976-cı ildə “Məfatihul ulum” kitabında təklif etdiyinə görə, əşarat (onluqlar) cədvəlində (xanə) bir ədəd olmasa, tərtibi qorumaq üçün kiçik bir dairə qoyulmalıdır. Bu dairəyə ərəbcə sıfır (boş) deyildi, latınca, italyanca tərcümələrində isə zero (zero) adlandı. Ədəd mənasına gələn şifrə (shiffre) sözü də buradan çıxdı. Qotiyerə görə, qərblilərin riyaziyyat müəllimi də müsəlmanlar olublar.

XIX əsrdə müqayisəli riyaziyyat tarixi mütəxəssisi olan professor Sedillot öz kitabında yazır ki, müsəlmanlar astronomiya elmində işlədikləri üçün onların riyaziyyata əlaqələri çox təbii olub, bu sahədə çox çalışıblar, belə ki, onları öz müəllimlərimiz saya bilərik. Onlar yalnız hesab, həndəsə və cəbrdə yox, optika və mexanikada mühüm nailiyyətlər əldə etdilər.

Artur İlqren “Dünyada islam” adlı kitabında belə yazır: orta əsrlərdəki Məsihi alimlər riyaziyyatı müsəlmanlardan öyrəndilər, amma çox keçmədən öz müəllimlərindən qabağa keçdilər.

Məşhur müsəlman riyaziyyatçıları sırasında Məhəmməd ibn Musa əl-Xarəzmini (m. 780-850), Məhəmməd əd-Bəttanini (v. 972) və Abbas ibn Fiynası qeyd edə bilərik.

Vil Dorant əl-Xarəzmi haqqında deyir ki, onun beş elm sahəsinin inkişafında böyük xidmətləri olub. Əvvəldən ərəb və hind rəqəmlərini tədqiq edib, kosmoqrafiya cədvəli hazırlayıb.

Ən əski triqonometr cədvəlləri onun əsəridir. 69 alimin həmkarlığı ilə coğrafiya ensiklopediyasını xəlifə Məmun üçün yazıb. İkinci dərəcə maddələrin yəni tənliklərin təhlil və həndəsi həll etmə yollarını öz cəbr və müqabilə kitablarında göstərib. Bu kitabın ərəbcə mətninin itməyinə baxmayaraq, onun latınca tərcüməsi XII-XVI əsrlərdə Avropa universitetlərində dərslik kitabı və mənbə sayılırdı. Beləliklə, cəbr kəlməsi aljebr şəklində Avropa kitablarına daxil olub. Cəbrin həndəsəyə tətbiqi də IX-X əsrdə Qaraoğlu Sabit tərəfindən aparılıb. Professor Qotiyer deyir ki, islam mədəniyyətinin inkişafı dayandıqdan sonra biz avropalılar islam mədəniyyətinin verdiyi məlumat və gətirdiyi vasitələrdən faydalanaraq yeni mədəniyyəti qurmağa başladıq. Bu da bizə qədim yunanlarda (olimpiya yarışı) müqəddəs məşəlin əldən-ələ keçməyini yada salır. Vil Dorant triqonometri (məsəlləsat) haqqında yazır ki, Bəttani Ptolemeyin mürəbbe həll yolu yerinə məsəlləsi həll yolunu təklif etdi və vətən (hipark) yerinə cieybi (sinus zaviyəsi) qoydu və bu gün əldə olan nisbətləri təqdim etdi.

Astronomiya elmində də müsəlmanlar tədqiqatlarında baxaraq müşahidə və təcrübəni əsas qəbul etdilər, böyük nailiyyətlər qazandılar. Astronomiya elmi müsəlman alimlərinin diqqətini cəlb edən ilk elm sahəsi olub. Bağdad və Əndəlüs xəlifələri, Səlcuqlu sultanları, Elxanilər və Teymurilər astronomiyaya xüsusi maraq göstəriblər: böyük şəhərlərin çoxunda rəsədxanalar qurublar. Bunların ən məşhuru Bağdad, Qahirə, Kordova, Tolido, Səmərqənd və Marağa rəsədxanaları olub. Vil Dorant bu barədə deyir ki, xəlifə Məmun bir astronomiya alimini rəsədxana tikməyə məmur etdi ki, Ptolemeyin kəşflərini və Günəşdəki ləkələri tədqiq etsinlər. Bu alimlər yerin kürə şəklində olduğuna inanırdılar. Onlar Günəşin vəziyyətini Palmir (Suriyada) və Səncar (Əlcəzairdə) da eyni zamanda qeyd edib, ərz zaviyəsini ölçdülər. Əldə etdikləri nəticəyə görə yerin mühiti 35 min kilometr oldu. Bu alimlər tamamilə elmi çalışırdılar və təcrübəylə sübut olmayan şeyi qəbul etmirdilər. 860-cı ildə Əbülfərqani tərəfindən tərif edilən astronomiya kitabı Avropa və Qərbi Asiyada 700 il elmi məxəz olub.

Vil Dorant Əbu Reyhan Biruni haqqında belə yazır: “Bu alim Yerin yuvarlaq olduğuna inanırdı, Yerin cazibəsini kəşf və sübut etdi. Onun fikrinə görə, astronomiya elminin əsasını Yer kürəsinin vəzi və dövranı hərəkəti, yəni Günəşin dövrəsinə dolaşmağına əsaslanmaqla və ya əksinə izah və tərcih etmək olar.

Rislerə görə, üsturlab (fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən cihaz) müsəlmanlar tərəfindən ixtira edilib və düzəldilib, X əsrdə Avropaya gətirilib, XVII əsrə qədər dənizçilər tərəfindən işlədilib.

İslam alimlərinin kitabları İspaniyada ərəbcədən latın dilinə tərcümə edilərək əsrlərcə avropalıların dərslik kitabları olmuşdur.

Musiqi də İslamın qızıl dövründə inkişaf etdi və riyaziyyatın bir şöbəsi kimi tədqiq edildi. Avropa müəlliflərinin çoxları İslam musiqisinin qaynağını qədim Türküstan musiqisi və qaraçıların musiqisi bilirlər.

V əsrdə V Bəhramın dəvəti ilə bir çox qaraçılar Hindistandan indiki İrana gəldilər, bu şəkildə qaraçı musiqisi İrana gəldi, IX əsrdə əsli Mosul kürdlərindən olan məşhur müsəlman musiqişünası Zəryab bu musiqini Kadovaya apardı. X əsrdə əsli türk (oğuz) olan böyük islam filosofu və musiqişünası Əbun-Nasir Məhəmməd bin Tarxan bin Özluq Fərabi bu məqamları elmi şəkildə tədvin etdi. Fərabi “Əl-musiqi” kitabında Pifaqorun yanlış olan musiqinin asimanı mənşəyini rədd edir və musiqi səslərinin icadını havanın titrəməyinə və bu titrəmələrin dalğa uzunluğuna bağlayır. Təcrübəyə əsaslanan bu kəşfin nəticəsində musiqi alətlərinin hazırlanmasında ehtiyac olan qaydaların sübutuna müvəffəq olur. Bu nailiyyətlərin nəticəsində müsəlman İspaniya və Portuqaliyada musiqi inkişaf etdi.

Vil Dorantın yazdığına görə, müsəlmanlar VII əsrdən sonra qaydaya dayanan musiqi əsərləri yazmağa başladılar, səslərin ucalıq və uzunluğunu da sübut etdilər. Belə əsərlər XII əsrin sonuna qədər Avropada tanınmamışdır. Ona görə də Avropa musiqisi XII əsrdən sonra islam musiqisi təsiri altında yaranıb.

Ədəbiyyat barədə də vəziyyət eynidir. İngilis müəllifi Şarl Miller “Məhəmmədin (s) tarixi” kitabında belə yazır: “Ədəbiyyat İtaliya və İspaniya yoluyla Avropada yayıldı. İspaniyada əski romanlar tamamilə islami fikirlər təsirilə yazılıb. Fransız xalq şeirindəki eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik, adət və ənənələrin əfsanəvi incəliyi və qadınların səciyyəvi xüsusiyyətləri şərq şeirindəkinin eynidir. Qafiyə də islami şeirlərlə Qərbə gəlib. Şovalye dastanlarında da islam qəhrəmanlarından ilham alınıb”. J.Barru 1842-də çıxan “Müsəlman millətlərin tarixi” adlı kitabında yazır ki, islam mərdlik ruhunu din ilə birləşdirdi, bu mərdlik ruhu bütün müsəlman millətlərin ədəbiyyatında təcəlli etdi, onların vasitəsilə avropalılara aşılandı.

Risler bu barədə deyir ki, Əndəlüsdə şeir ümumi bir adət kimi yayılmışdı, hətta hakim və əmirlər də şeir söyləyirdilər. VIII əsrdən sonra platonik eşq və duyğu ərəb şeirinin əsas temalarını təşkil edib. XI əsrin sonlarından bu temalar Fransanın cənubundan Avropaya gəldi. Fransız xalq şairləri kardovalı müğənniləri təqlid edirdilər.

İspaniya həmasi romanları və Don Kixot dastanının da mənşəyi islamidir. Servantesin fikrinə görə, dastanın əsli ərəbcə yazılıb. Dante də “İlahi komediya”sındakı bir çox gözəl səhnələri yazıb-yaradarkən ilhamını islam filosof və mütəsəvvifi İbn Ərəbidən alıb. Bu ədəbi mənzumədə əfsanəvi behişt və cəhənnəm parçaları islami ədəbi obrazlarla doludur.

Memarlıqda da qərb islama borcludur. Məscid ilk islami sənətin nümunəsidir. Məscidin ilk nümunəsini Peyğəmbər (s) Mədinədə verib. Səadət məscidi peyğəmbərin nəzarəti ilə 50 metr kvadratlıq bir yerdə tikildi. Memarlıq sənəti məscid və başqa binaların islam ölkə və şəhərlərində tikilməsilə inkişaf etdi.

Professor J.P.Ru (Raux) “Qərbdə islam” adlı kitabında islam memarlığının böyük kilsələrdə izləri barədə belə yazır: “İspaniyada Toledo şəhərində tikilən Santa-Mariya Blanka kilsəsinin binasında islam memarlıq şəkilləri işlənib. Bu ölkə də islam memarlığını təqlid edərkən kilsə və tarixi binaların tikilməyində müsəlman əsirlərdən də istifadə edilib. Məscidlərin minarələrindən kilsələrin zəng bürclərini düzəltmək üçün istifadə olunub. Buna əsasən deyə bilərik ki, Avropanın əsgəri memarlığı da islami əsgəri memarlığın təsiri ilə vücuda gəlib. Səlib müharibələrin bu işdə böyük rolu olub. Məsələn, Oqumurt istehkamı Misirdə tikilən Dimat istehkamından ilham alınaraq tikilib. Şəhər memarlığında da avropalılar müsəlmanlardan çox şeylər öyrəniblər, məsələn, çoxmərtəbəli binaların tikilməyində, evlərdə sərin hava və sulama sistemini qurmaq işlərində müsəlmanlar örnək olublar.

Geyim və zahiri qiyafət işində də qərblilər Şərqdən bir çox şeylər alıblar. Əski yunanlılar və romalıların geyimi Şimali Afrikada olduğu kimi uzun köynəkdən ibarət olmuşdur. Şalvar, çəkmə, botun, börk Orta Asiyadan Avropaya gedib. Bu tarixi həqiqət XIX əsrdə Türküstanda qazıntı işləri aparan ingilis, fransız və alman alimləri tərəfindən kəşf edilib. Türküstandakı əski məbədlərin divarlarındakı şəkillər (nəqqaşlıq) bu gün Avropada qadın və kişilərin geyimlərinin bütün xüsusiyyətlərini göstərməkdədir. Professor Fon Lecoke (Lökok) bu şəkillərin nümunələrindən rəngli atlas düzəldərək 1925-ci Berlində nəşr etdirib.

Davamlı təmas və mədəni münasibətlər nəticəsində Qərb dillərinə islami dillərdən bir çox sözlər və terimlər keçmişdir ki, alkol, əl-cəbr və digərlərini qeyd edə bilərik. Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti əski yunan və roma mədəniyyətinin oyanışı və ya tamamilə şəxsi təşəbbüsləri olmayıb, bəlkə daha çox islam mədəniyyətinin davamı olub. Əcdadlarımızın Quran və İslamdan ilham alaraq qurduğu mədəniyyət Avropaya gedib, orada işlənib, inkişaf edib və nəhayət bugünkü mərtəbəyə yüksəlib.

 

 Tarix İnstitutunun "Orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifovov 

Paylaş: