27.05.2022 10:34
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda Gənc Alim və Müətəxəssislər Şurasının təşkilatçılığı ilə “28 MAY – Müstəqillik Günü”nə həsr olunan tədbir keçirilib.
Cümhuriyyət qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra GAMŞ sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Natiq XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın şərəfli tarixinin önəmli səhifələrindən biri olduğunu vurğulayıb. Daha sonra A.A.Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Müsəlman şərqindəki ilk cümhuriyyətin varisləri” adlı məruzə ilə çıxış edərək müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasından, ölkəmizdə cümhuriyyət tarixinin hərtərəfli tədqiqindən və qurucu liderlərə olan hörmət və sayqıdan söz açıb.
Tədbirdə Nigar Camalova “Ermənistanın ərazi iddialarına qarşı AXC hökumətinin diplomatik mübarizəsi”, Quliyeva Aytən “İstiqlalımıza işıq saçan günəş”, Yaqut Məmmədova “AXC-nin xarici siyasəti və diplomatiyası”, Ləman Əsədzadə “AXC-nin mədəni quruluculuq tədbirləri”, Nigar Mustafayeva “İstiqlala aparan tarix- İstiqlal muzeyi” adlı məruzələrlə çıxış ediblər. Məruzələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda gənc alimlər mövzu ilə bağlı müzakirələri davam etdiriblər.