19.12.2017 16:29
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən dekabrın 19-da “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib.
Elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur.
Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfrans iştirakçılarını salamlayıb.
İ.Həbibbəyli qeyd edib ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.
Konfransda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb: “Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni 1923-cü ildə yaradılıb”.
İnstitut direktoru qeyd edib ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirib. Xatırladaq ki, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.
Çıxış edən tarixçi-alimlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Konfransda qeyd olunub ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.