16.06.2022 09:08
Milli Qurtuluş Günü böyük ictimai-siyasi, tarixi əhəmiyyətə malik bir hadisə olmaqla dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Bu şanlı səhifəni yaradan isə xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyev olub. Məhz 15 iyunda Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində dövlətçiliyimiz məhv olmaq, yox olmaq təhlükəsindən xilas edilib. Milli Qurtuluş Gününün fəlsəfəsinə gəldikdə bu, sözün geniş mənasında Azərbaycanın mövcudluğunun, onun XX əsrdə ikinci dəfə əldə etdiyi ən böyük tarixi nailiyyəti olan müstəqilliyinin təmin edilməsi idi.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov deyib.
O vurğulayıb ki, bu günün dövlətçiliyimiz tarixində yerinin və rolunun əhəmiyyətini daha dərindən anlamaq üçün həmin günlərdə baş verən hadisə və proseslərə nəzər salmaq kifayətdir: “1993-cü ilin iyun ayında ölkəmiz dərin böhran, iqtisadi hərbi-siyasi tənəzzül içərisində parçalanıb məhv olmaq ərəfəsində idi. Siyasi hakimiyyət boşluğu, başıpozuqluq, xaos, anarxiya baş alıb gedirdi. Həmin günlərdə milli tariximizin ən ağır səhifələri yazılırdı. Çünki Azərbaycan xalqı öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan vətəndaş müharibəsinin, ayrı-ayrı regionlara parçalanmanın bir addımlığında idi. İqtidar daxilində yaranan qruplaşmalar hakimiyyəti ələ keçirmək iddiası ilə açıq mübarizəyə başlamışdı. Belə bir vaxtda daha bir iddiaçı AXC-nin yetirməsi Surət Hüseynov peyda olmuşdu. Ordunun yarısı onun nəzarətində idi. O, Bakını ələ keçirmək, hakimiyyətə yiyələnmək barədə düşünürdü. Ozamankı bacarıqsız hökumət rəhbərliyinin S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə əlaqədar həyata keçirdiyi əməliyyatın uğursuzluqla nəticələnməsi, AXC-iqtidarının onsuz da sarsılan mövqelərini darmadağın etdi. Məhz iqtidarın atdığı bu səhv addım nəticəsində hər iki tərəf itki verdi, Azərbaycanda qardaş qanı axıdıldı, ölkəmiz vətəndaş müharibəsinə sürükləndi. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı”.
Ölkənin qabaqcıl ziyalıları böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Belə bir vaxtda xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş Hərəkatı meydana gəldi və sürətlə genişləndi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında formalaşırdı: “1992-ci il oktyabrın 16-da bir qrup qabaqcıl ziyalının Heydər Əliyevin böyük siyasətə qayıtması haqqında müraciəti cavabsız qalmadı. 1992-ci ildə Naxçıvanda YAP-ın yaradılması, Heydər Əliyevin partiyanın sədri seçilməsi, Azərbaycanın düşdüyü hərbi-siyasi, ənənəvi böhrandan çıxarılması istiqamətində atılan ilk və mühüm addımlardan biri oldu. Qısa zaman kəsiyində ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrilən YAP mövcud xaos və özbaşınalıqların və müvəffəqiyyətsizliklərin yeganə alternativinə çevrildi. Heydər Əliyev təkcə YAP-ın deyil, bütöv Azərbaycan xalqının lideri idi. O, öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət AXC-Müsavat iqtidarı bu məsləhətlərə məhəl qoymayıb öz səriştəsiz fəaliyyətləri ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirdi. Başlanmış bu təhlükəli proseslərin, milli fəlakətin qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Belə bir vəziyyətdə Azərbaycan xalqı da onu vətəni, milləti xilas etməyə Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa dəvət etdi”.
Tarixçi alim Ədalət Qasımov vurğulayıb ki, Heydər Əliyev hakimiyyət tərəfindən Bakıya dəvət olunsa da bunu yaranmış tarixi şərait, Azərbaycan xalqının iradəsi tələb edirdi. Ümummilli Lider öz növbəsində xalqımızın düşdüyü ağır vəziyyətə biganə qalmayaraq onun səsinə səs verdi. 1993-cü il iyunun 9-da Azərbaycan xalqının xilaskarı Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bakıda 4 gün qaldıqdan sonra iyunun 13-də Heydər Əliyev Gəncəyə S.Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Heydər Əliyev ağıllı, düşünülmüş, siyasi manevrlər edərək Gəncədə danışıqlar aparıb hərbi-müxalifəti neytrallaşdırdı və ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.
1993-cü ilin iyun ayından etibarən Ulu Öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı. Yaranmış böhranlı vəziyyətin nə qədər ağır olduğunu görən Heydər Əliyev xalqı gözlənilən fəlakətdən qurtarmaq üçün mövcud iqtidarla birgə işləməyə razılıq verdi. İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. 1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş imzalandı, ölkənin yeni neft strategiyası hazırlandı, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. 1994-1995-ci illərdə o, ölkədə çevriliş cəhdlərinin qarşısını aldı və ölkədə tam sabitlik yarandı.
“Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında əsaslı dönüş yarandı, hakimiyyətsizlik, anarxiya quruculuq mərhələsi ilə əvəzləndi. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Hakimiyyətə qeyri-qanuni, zor işlətməklə gəlmək ənənəsinə son qoyuldu. Azərbaycan dövlətçiliyi qorunub-saxlanıldı, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində yaradılan sabit, ictimai-siyasi vəziyyət, sağlam mənəvi psixoloji şərait Azərbaycan Respublikasının gələcək milli inkişaf strategiyasını müəyyənləşdirməyə imkan verdi. Demokratik dövlət quruculuğu istiqamətində atılan addımlar, ardıcıl və məqsədyönlü tədbirlərin, o cümlədən yeni konstitusiyanın qəbulu çoxpartiyalılıq əsasında demokratik parlament və prezident seçkilərinin keçirilməsi bir sıra mühüm qanun və qərarların qəbulu respublikada sivil vətəndaş hakimiyyətinin formalaşmasına gətirib çıxardı. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı”, - deyə Ədalət Qasımov qeyd edib.