29.06.2022 15:31
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutmuşdur.
Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.
Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri olan 67 adda kitab müxtəlif nominasiyalar üzrə mükafat üçün təqdim olunmuşdur.
Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanmışdır. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilmiş və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparmışlar.
Müsabiqədə “Elm və təhsil” nominasiyası üzrə I yerin qalibi “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar” (Bakı: “Elm”, 2020) adlı kitabı ilə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov olmuşdur.
Ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Bu dəfə keçirilən müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdur.
Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.