AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tbilisidə Azərbaycan və Gürcüstan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

26.07.2022 11:51

İyulun 22-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan - Gürcüstan: əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə AMEA Tarix İnstitutunun baş direktoru,professor Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru,dosent Rəşad Mustafa iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze və Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi köklərə malik olduğunu, iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini qeyd ediblər.

Daha sonra AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov və Qafqaz Beynəlxalq Universitetinin rektoru professor Ketevan Şoşiaşvilinin həmsədrliyi ilə keçirilən akademik panel müzakirələrində azərbaycanlı və gürcü alimlər qarşılıqlı münasibətlərin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın XX əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlığı, həmçinin xalqlarımızın qarşılıqlı mədəni əlaqələri haqqında məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuənin nəşri məqsədilə işçi qrup yaradılıb.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

 

 

 

 

Paylaş: