07.10.2022 16:43
Oktyabrın 7-də AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Əlövsət Quliyevin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli alimin həyat və fəaliyyəti haqqında sərgi ilə tanış olublar.
Elmi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konfransa moderatorluq edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva tarixçi-alim Əlövsət Quliyevin həyatı və elmi fəaliyyətindən danışıb. Bildirib ki, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etdirilməsi professor Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bağlıdır. O, 3 cildlik “Azərbaycan tarixi” kitabının müəllifi olub. Bu kitablara Azərbaycan tarixinin bütün dövrlərinə aid məsələlər və faktlar daxil edilib. Üçüncü cild iki hissədən ibarətdir. Həmin kitablarda qoyulan məsələlər indi də aktualdır.
Akademik Gövhər Baxşəliyeva görkəmli tarixçi alimin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu diqqətə çatdırıb. Bildirib ki, Əlövsət Quliyevin əsas fəaliyyəti AMEA ilə bağlı olub. O, iki dəfə Tarix İnstitutuna rəhbərlik edib. İnstitutun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi müəssisələrindən biri kimi tanınması məhz Əlövsət Quliyevin adı ilə bağlı olub. Azərbaycan tarixinin aktual problemlərinə işıq salan Əlövsət Quliyev 80-dək elmi əsərin müəllifidir.
G.Baxşəliyeva görkəmli alimin əsərlərinin külliyat halında çap olunması təklifini irəli sürüb.
Konfransda A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovun “Əlövsət Quliyev: dövrü və elmi fəaliyyətinin prioritetləri” məruzəsi dinlənilib. Məruzədə Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılmasının, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etməsinin Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlı olduğu diqqətə çatdırılıb. Alimin öz elmi və təşkilati fəaliyyəti ilə institutda silinməz iz qoyduğu vurğulanıb.
Professor K.Şükürov görkəmli tarixçi alimin həyat və fəaliyyətinin fərqli istiqamətləri haqqında məlumat verib, institutda Ə.Quliyevin fəaliyyətini əks etdirən fondun yaradılmasının zəruriliyinə toxunub.
Bildirilib ki, Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar olan Ə.Quliyevin formalaşmasında böyüyüb boya-başa çatdığı mühitin də böyük təsiri olub. O, stalinizm, poststalinizm və durğunluq dövrlərində yaşayıb-fəaliyyət göstərməsinə baxmayaraq, elmi yaradıcılığında cəsarətli mövqe nümayiş etdirib.
K.Şükürov Ə.Quliyevdən öncə Azərbaycan tarix elminin yanlış istiqamətdə inkişaf etdiyini deyərək, qəlibləşmiş müddəaları nəzərdən keçirmək və Azərbaycan tarixinə yenidən baxmağın yüksək elmi təfəkkür tələb etdiyini və bu sahədə alimin əvəzsiz xidmətlərini vurğulayıb.
Tədbirdə tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Əlövsət Quliyev elmi rəhbər kimi” mövzusunda məruzəsi dinlənilib. “Mən 1961-ci ildə ADU-nu (indiki BDU) bitirib, Tarix İnstitutuna işə qəbul olundum. Əlövsət müəllim çox böyük təşkilatçı idi. O, biz gənclərə mənbələrlə işləməyi öyrətdi. Mövzu seçimi çox böyük məna daşıyır. Bu baxımdan professor Əlövsət Quliyevin seçdiyi mövzular Azərbaycanın nüfuzunu dünyaya qaldırırdı.
Əlövsət müəllimin mənə təklif etdiyi mövzu azərbaycanlı deputatların – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1906, 1907, 1907-1912 və 1912-1917-ci illərdə çar Rusiyası Dövlət Dumasındakı fəaliyyətlərinin tarixinə aid idi. Təbii ki, o zaman mövzu Azərbaycan burjua nümayəndələrinin fəaliyyəti kimi təsdiq olunmuşdu. Belə bir mövzunun verilməsi heç də təsadüfi deyildi. Dissertasiya işimin elmi rəhbəri olan Əlövsət Quliyev bu dahi şəxsiyyətlərin fəaliyyətlərindən xəbərdar idi və bilirdi ki, gün gələcək Azərbaycan xalqı onların əsl kimliyini biləcək. Bu, Əlövsət Quliyevin uzaqgörənliyi idi və mən buna görə ona həmişə minnətdaram”.
Qeyd edək ki, bu mövzunu işləməklə Dilarə Seyidzadə ilk dəfə Azərbaycan milli tarixşünaslığına yenilik gətirmiş oldu və onun 1994-cü ildə rus dilində nəşr olunmuş “Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında” və 2004-cü ildə Azərbaycan, türk, rus və ingilis dillərində çap olunan “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol” monoqrafiyaları bu fikrin sübutudur.
Tarix elminin, tarixi bilməyin çox vacib olduğunu deyən professor Dilarə Seyidzadə bu sahənin inkişafına ulu öndər Heydər Əliyevin xüsusi diqqətlə yanaşdığını, Prezident İlham Əliyevin bu gün çıxışlarında tarixə istinad etdiyini diqqətə çatdırıb.
Elmi konfransda Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Azərbaycan milli tarix elminin təşkilatçısı” mövzusunda məruzəsi dinlənilib. Alimin elmi fəaliyyətinə diqqət çəkən C.Bəhramov qeyd edib ki, 1948-ci ildə Əlövsət Quliyev tarix üzrə namizədlik dissertasiyası müdafiə edib və universitetin Tarix fakültəsinin dekanı təyin edilib. Gənc alimin işgüzarlığı və tələbkarlığı respublika rəhbərliyinin diqqətindən yayınmayıb. Mircəfər Bağırov 1948-ci ilin payızında onu Mərkəzi Komitəyə dəvət edib. Görüşdə onun istedadlı, işgüzar və tələbkar olmasını bildiyini söyləyib. Həmçinin ona “nə üçün ermənilər və gürcülər yalan-doğru tarixlərini yazıblar, amma bizim bu qədər qədim və zəngin tariximiz olmasına baxmayaraq onu biz hələ yazmamışıq, səbəbi nədir?”, – deyə sual verib. Eyni zamanda, “Azərbaycan tarixi yazılmalıdır. Əsərin redaksiya heyətini və strukturunu özün tərtib et, kimləri istəyirsən dəvət et və qollarınızı çırmayıb işə başlayın. Bu işin məsuliyyətini sənin üzərinə qoyuram, get işə başla”, – deyə onu yola salıb.
Əlövsət Quliyev 1948-ci ilin sonuna yaxın elmi bilik və güclərinə inandığı mütəxəssisləri dəvət edərək əsərin redaksiya heyətini yaradıb. Onun rəhbərliyi ilə ikicildlik “Azərbaycan tarixi”nin rus dilində maketi hazırlanıb. Bu əsər, sovet totalitar rejiminin tüğyan etdiyi bir dövrdə öz strukturuna və buraya daxil edilən məsələlərin vacibliyinə görə seçilir. Belə ki, bu əsər Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq 1952-ci ilin sonuna qədər olan dövrü əhatə edir. 16 fəsildən ibarət I cild ən qədim zamanlardan başlayaraq 1917-ci ilə qədər olan dövrü, 31 fəsildən ibarət II cild isə 1952-ci ilin sonuna qədər olan dövrü əhatə edir. Bu əsərin hər iki cildinə Azərbaycan tarixinin bütün dövrlərinə aid elə məsələlər və faktlar daxil edilib ki, sonradan Azərbaycan tarixinə dair nəşr edilən əsərlərdə bu faktlara rast gəlinmir. Əsərin bir başqa fərqi odur ki, burada bütün Azərbaycan tarixi – həm Şimali, həm də Cənubi Azərbaycan tarixi məsələləri öz əksini tapıb. 1954-cü ildə maket şəklində çap olunan bu əsər DTK tərəfindən qadağan edilib.
Vurğulanıb ki, on beş il ərzində Əlövsət Quliyevin rəhbərliyi altında çox böyük səylər və əmək sərf edilən bu möhtəşəm əsər onun həyata keçirdiyi tədbirlər nəticəsində 1958-1963-cü illərdə Azərbaycan və rus dillərində dörd kitabdan ibarət üçcildlik “Azərbaycan tarixi” nəşr olundu. Ən qədim zamanlardan XX əsrin 60-cı illərinin əvvəlinədək olan dövrü əhatə edən üçcildlik “Azərbaycan tarixi” sovet rejiminin mülayimləşdiyi bir dövrdə çap olunmasına və mövcud ideologiyanın müəyyən etdiyi prinsiplər əsasında yazılmasına baxmayaraq, milli tariximizin tədqiq olunması işində ən uğurlu elmi nəticə kimi qiymətləndirilməlidir.
Cəbi Bəhramov, həmçinin Əlövsət Quliyevin dostu olmuş, instituta 1978-2004-cü illərddə rəhbərlik etmiş İqrar Əliyevin bu sözlərini də xatırladıb: “Əlövsətin biliyi, məharəti, hər şeyi anlayan həssas qəlbi qısa müddətdə onu, sözün tam mənasında, bizim liderimizə çevirmişdi”.
Elmi konfransda Tarix İnstitutunun şöbə müdirləri - tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənovun “Əlövsət Quliyev və Azərbaycanın yeni tarixinin problemləri”, tarix elmləri doktoru, professor İradə Bağırovanın “XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycanda fəhlə hərəkatının öyrənilməsində Əlövsət Quliyevin rolu”, habelə tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarovanın “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan sənayesinin tarixi Əlövsət Quliyevin tədqiqatlarında” mövzularında məruzələri dinlənilib.
Vurğulanıb ki, Əlövsət Quliyevin rəhbərliyi ilə Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir nəsli yetişib. O, Azərbaycan tarixinin elmi konsepsiyasını işləyib.
Diqqətə çatdırılıb ki, professor Əlövsət Quliyev ensiklopedik biliyə malik insan idi. XX əsrin 60-cı illərində Andronik haqqında arayışı da ilk dəfə o hazırlayaraq rəhbərliyə təqdim edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə professor Əlövsət Quliyevi Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, müasir Azərbaycan tarix elminin ən parlaq yaradıcılarından biri kimi səciyyəndirib.
Ailə üzvləri adından çıxış edən Təlatüm Quliyev atasının xatirəsinə göstərilən ehtirama görə konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir