17.10.2022 09:38
Oktyabrın 13-də Lənkəran şəhərində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun və Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Vahid xalq, güclü dövlət və qalibiyyətli ordu" mövzusunda konfrans keçirilib. Konfransdan məqsəd xalqımızın və ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi zəfərinindən sonra Ermənistanın, dünya erməniliyinin, onların havadarlarının, eləcə də, "erməni kartından" istifadə edən maraqlı böyük güclərin, bir sıra ölkələrdə onlara xidmət edən təxribatçı şəxslərin və qurumların ölkəmizə qarşı fəaliyyətini, xalqımızın monolitliyini, xalq-dövlət birliyini pozmaq cəhdlərini ifşa etməkdən ibarət olub. Eyni zamanda konfrans Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm dünya miqyasında, həm də regionumuzda məqsədyönlü şəkildə apardığı sülh və əməkdaşlıq diplomatiyasına, işğaldan azad edilmiş bölgələrimizdə həyata keçirdiyi nəhəng dirçəliş və quruculuq işlərinə bütün xalqımızın, o cümlədən, Vətən müharibəsində ölkəmizin yüksək vətənpərvərlik və şücaət göstərən cənub bölgəsinin əhalisinin dəstəyinin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyini vurğulamaq məqsədi daşıyıb.
Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və AMEA nümayəndələri ulu öndər Heydər Əliyevin əzəmətli heykəli önünə gül dəstələri qoyublar. Sonra şəhər ictimaiyyətin nümayəndələrinin iştirakı ilə konfrans öz işinə başlayıb. Giriş sözü ilə konfransı açan icra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə Lənkəranda cənab Prezident İlham Əliyevin qayğısı ilə həyata keçirilən geniş quruculuq işləri, elm, təhsil, mədəniyyət, hərbi-vətənpərvərlik tərbiyəsi və digər məsələlər barəsində geniş məlumat verərək konfransın məruzəçilərini təqdim edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin "Dünya erməniliyinin Azərbaycan Respublikasına qarşı təxribatları və böyük güclərin erməni kartından istifadə etməsi", həmin institutun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Vətən Müharibəsi iştirakçısı Radif Mustafayevin "Azərbaycan xalqının birliyi Vətən müharibəsində qələbəmizin əsas amilidir", Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəflinin "Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım haqqında (1918-1920) məruzələri maraqla qarşılanıb. Həmin institutun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Nəcəflinin "Azərbaycançılıq məfkurəsində ölkəmizin cənub bölgəsinin yeri", Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Emin Məlikovun "Ulu öndər Heydər Əliyevin dövründə ölkəmizin cənub bölgəsinin sosial-iqtisadi-mədəni inkisafına dair" mövzularında məruzələri də maraq doğurub. Ölkəmizin elmi ictimaiyyətinin nümayəndələri ilə belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Heydər Əliyev Mərkəzinə və Lənkəran Dövlət Universitetinin kitabxanasına AMEA Fəlsəfə - Sosiologiya və Tarix İnstitutlarının nəşr etdirdiyi kitablar və jurnallar təqdim edilib.