17.10.2022 16:12
14 – 16 oktyabr 2022-ci il tarixlərində “Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində institutun “Atropatena - Albaniya (Qafqaz) tarixi” və “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin əməkdaşları (t.ü.f.d. E.A.Bəkirova, t.ü.f.d., dos. R.Ə.Mustafa, L.A.Babazadə, İ.X.Səfərova) Balakən-Zaqatala rayonları ərazisində elmi ezamiyyətdə olmuşlar. Səfərin başlıca məqsədi bölgədəki alban dövrü abidələri ilə tanış olmaq idi. Ezamiyyətin ilk günü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının (t.ü.f.d. A.Məmmədli, R.R.Həsənov, Q.Ağabalayev) müşaiyəti ilə Balakəndə olan Aşağı Qullar, Arılıqbinə, Nurkilsə, Dəvəboynu, Tülü məbədlərinə, həmçinin Zaqatala səddinə baxış həyata keçirilmiş, bu abidələrin hazırki vəziyyəti, hansı dövrə aid olması, quruluşu və xarakterik cəhətləri barədə fikir mübadiləsi aparılmış, abidələrin fotoları çəkilmişdir. Ezamiyyətin ikinci günü isə Balakən rayonu ərazisində Yuxarı Qullar, Poştbinə və Cicixana məbədləri, Zaqatala rayonu ərazisindəki Mamrux məbədi, Qax rayonu ərazisindəki Qum bazilikası və Yeddi kilsə məbədi ilə tanışlıq olmuşdur.
Səfərin müddəti qısa olduğu üçün əsasən Balakən rayonu ərazisindəki rayon mərkəzinə yaxın ərazidə yerləşən abidələrlə tanış olmaq mümkün olmuş, həmçinin, yolüstü qonşu Zaqatala, Qax və Qəbələ rayonlarında olan bəzi abidələrə də baxış həyata keçirilmişdir. Ezamiyyətdə olan qrupun rəhbəri t.ü.f.d. Ellada Bəkirovanın verdiyi məlumata görə tanış olduqları abidələrdən bir çoxunun üzərində dövlət reyestri barədə məlumatlarda yanlışlıqlar var və bəzən abidənin məlumat lövhəsində onun yaşı, təyinatı ilə bağlı doğru olmayan informasiyalar yerləşdirilmişdir. Həmçinin, bəzi abidələrin üzərində dövlət tərəfindən qorunduğu barədə məlumat lövhəsi olmadığı üçün onların dağılıb məhv olması an məsələsidir. Ellada Bəkirovanın verdiyi məlumata görə bölgə
tarixi turizmə çox münasib olsa da, abidələrin bir hissəsi (xüsusilə Balakən rayonu ərazisində yerləşən abidələr) əhalinin şəxsi təsərrüfatlarının ərazisində yerləşdiyi üçün onlardan turizm məqsədli istifadə etmək demək olar ki, mümkün deyil, həmçinin elmi tədqiqatların aparılması zamanı da müəyyən çətinliklər yaranır və bu məsələ aidiyyəti
olan dövlət qurumlarının diqqətində olmalıdır.
Qeyd etmək lazımdır ki, bu layihə ilin sonuna qədər davam etdiriləcək və alban dövrü ilə məşğul olan əməkdaşlar ölkənin digər bölgələrində olan abidələrlə də tanış olmaq üçün ezam ediləcəklər.