AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alim: 18 Oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir

19.10.2022 09:58

Möhkəm özüllər üzərində və könüllülük prinsipləri ilə qurulmayan Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin əvvəlində 20 Yanvar hadisələrinə Moskvada öz kəskin etirazını bildirərək Bakıya gəldi. Lakin burada onu istəməyən oyunbaz, hakimiyyət hərislərinin əks münasibətini görərək Naxçıvana getməli oldu. Bütün məhdudiyyətlərə rəğmən Ümummilli Lider Naxçıvanda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını qaldırıb, Naxçıvan SSR Muxtar Respublikası adından “SSR” sözünü götürdü. Sovetlər Birliyinin hakimiyyətdə olduğu ən sərt zamanlarda Ulu Öndərin bu addımı Bakıda hələ də şübhə ilə qarşılanırdı. Mərkəz müstəqillik haqqında qərarı bir ilə yaxın gecikdirdi. Lakin sonda ölkə ictimaiyyətinin böyük təsiri, ziyalıların müdaxiləsi və Ulu Öndər faktoru nəticəsində 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə səs verdi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru dosent Alı Balayev 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü haqqında danışarkən deyib. Onun sözlərinə görə, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpa olunması ilə bağlı qəbul olunan o qərarın özündə belə dəqiqlik yox idi. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edildi. O bildirib ki, 1991-ci ildə bu qərarı verənlərin Prezident Fərmanı ilə onu təsdiq etməyə sanki cəsarətləri çatmamışdı: “Şübhəsiz, müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Ancaq müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifahının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməyib. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə – sosializmə "nostalgiya" hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu.

Son günlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə parlamentinə təqdim etdiyi və qəbul olunmuş qanun layihəsinə edilmiş dəyişikliklə bağlı dövlət başçısına dəstək xarakterli müzakirələr aparılmaqdadır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla, ilk növbədə, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. Bu, müsəlman Şərqində ilk demokratik respublika idi. Amma, eyni zamanda, Azərbaycan sözünün siyasi termin kimi istifadə olunduğu ilk müstəqil dövlətimizdir. Biz Cümhuriyyətçi babalarımızın 103 illik müstəqillik mirasına sahib çıxaraq onu tarixi torpaqlarının üzərində bərpa edərək dövlətçiliyimizi davam etdiririk. Belə olduğu təqdirdə, Azərbaycan adında bir siyasi quruluşun 103 yaşı var ikən biz nə üçün cəmi 30 illik tarixə əsaslanmalıyıq. Hətta 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Bütün bu faktların əsasında biz dövlətçilik ənənələrimizin tarixini mühafizə və müdafiə edərək öz keçmişimizə sahib çıxmalıyıq. Bu qədər güclü arqumentlərlə razılaşmayanlar və 18 Oktyabr tarixini müstəqillik günü kimi qəbul edənlər özləri də məsələnin mahiyyətinə varmadan 103 illik müstəqillik tariximizi otuz ilə endirərək xalqımızın şanlı keçmişini unudurlar.

Alimin fikrincə, bu məsələnin məhz Prezident tərəfindən qaldırılması daxilimizdə olan bu mənfur ünsürlərə verilən ən gözəl cavabdır: “Özlərinin dağıdıcı missiyaları sayəsində ulu öndər Heydər Əliyevə qədər hakimiyyəti paylaşan bu qüvvələr 18 Oktyabrın bayram günü kimi qeyd olunmadığını iddia edirdilər. Qəbul olunmuş yeni qanunla artıq biz hər iki tarixi hadisəni bayram kimi qeyd edəcəyik.

28 May – Respublika Gününün Müstəqillik, 18 Oktyabr – Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. Bugünkü reallıqlar və əldə etdiyimiz rəşadətli Zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. 44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox layihələr icra olunacaq, kitablar yazılacaq. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq. Müstəqilliyin bərpasının 30 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Prezident İlham Əliyev, rəşadətli Ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tariximiz bizim qürur mənbəyimizdir. Prezidentin də xüsusi vurğuladığı kimi, “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz! Yaşasın Azərbaycan!”

Paylaş: