AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Fransa Prezidentinin Qarabağla bağlı son bəyanatı bu ölkənin xarici siyasətində ikili standartların mövcudluğunu göstərir

28.10.2022 12:29

Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan Türkiyə, Rumıniya və Pakistan kimi dövlətlər arasında Fransa da olsa da, müəyyən vaxtlarda Paris rəsmilərinin bu ölkədəki erməni lobbisinin təsiri altında hərəkət edərək, münasibətlərimizə kölgə salan addımlar atdığını qeyd etməliyik. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan və Qarabağın işğaldan azad olunması ilə bağlı danışıqlar prosesində əsas vasitəçilərdən biri olan Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti bu və ya digər formada, açıq şəkildə olmasa da, həmişə birtərəfli və qərəzli olub və onun xarici siyasi xəttində ikili standartların mövcudluğu özünü aşkar göstərir. O cümlədən qondarma “erməni soyqırımı” ilə əlaqədar Fransada qanunun qəbul olunması bu siyasətin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 12-də “France-2” telekanalına müsahibəsində səsləndirdiyi absurd fikirlərə və irəli sürdüyü əsassız ittihamlara münasibət bildirən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələri tarixi şöbəsinin müdiri professor Tofiq Mustafazadə söyləyib.

Professor bildirib ki, əvvəlki Fransa prezidentləri də ermənipərəst siyasət yürüdürdülər. Emmanuel Makron hakimiyyətə gələndən sonra isə ermənilərə hər cür dəstək daha da artıb. İşğalçı Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı müharibə zamanı Fransa öz qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirdi. Müharibə dönəmində qondarma “Dağlıq Qarabağın” müstəqilliyinin tanınması ilə bağlı sənəd əvvəlcə Senatda, sonra isə Milli Assambleyada qəbul olundu. İkinci Qarabağ müharibəsi başlayan gün və daha sonra Makron Azərbaycan Prezidenti İlham Əliyevə iki dəfə zəng edərək, hərbi əməliyyatları dayandırmağı tələb etmişdi. O, həm də əsassız yerə Azərbaycanı guya muzdluları öz tərəfindən vuruşmaq üçün çağırmaqda ittiham etməkdən çəkinməmişdi. Makron bununla yanaşı, dünyanın müxtəlif ölkələrində ictimaiyyət qarşısında məsuliyyətsiz çıxışlar edərək Azərbaycanı təcavüzkar, Ermənistanı isə təcavüzün qurbanı kimi qələmə verməyə çalışırdı.

İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə bitəndən sonra Emmanuel Makron Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpaqları olduğunu etiraf etdi. Belə ki, o, 2020-ci il noyabrın 21-də Parisdəki “Hayastan” panerməni fondunun nümayəndələri ilə görüşü zamanı Qarabağ münaqişəsi ilə bağlı suala cavab olaraq Qarabağ bölgəsinin illərdir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi olduğunu etiraf etmişdi. Gözləmək olardı ki, Fransa Prezidenti bir daha yanlış addım atmayacaq. Lakin belə olmadı. 2022-сi il oktyabrın 12-də “France-2” telekanalına təxminən bir saat davam edən müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və Rusiyadan gələn təhlükə barədə danışan Makron yenə də həddini aşdı. Fransanın Ermənistanla xüsusi münasibətlərinin olmasını guya Ermənistanın hər zaman regionda sülh və firavanlıq uğrunda mübarizə aparması ilə “əsaslandıran” Makron deyib ki, iki il əvvəl “Ermənistan Dağlıq Qarabağ adlanan, beynəlxalq səviyyədə tanınmayan, Azərbaycanda yerləşən mübahisəli ərazidə idi. Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və bu ərazini tutdu”. Bir sıra ölkələrdə soyqırımı gerçəkləşdirən, müsəlmanlara qarşı ayrı-seçkilik aparan, antitürkiyə siyasəti yürüdən bir ölkənin başçısının tolerantlıq meyarı olan Azərbaycana qarşı belə əsassız ittihamlar irəli sürməsi absurddur, deyilmi?

Makron bu ilin sentyabrında Ermənistanla Azərbaycan arasında silahlı toqquşmadan bəhs edərkən Azərbaycanı guya güman ki, digər ərazisi ilə arasında dəhliz açmaq üçün sərhəddə bir neçə hücum əməliyyatı keçirməkdə ittiham edib. Görəsən Makron bilmir ki, Ermənistanın 1992-1994-cü illərdə həyata keçirdiy işğallar nəticəsində iki ölkə arasında sərhəd xətti dəqiqləşməyib? Azərbaycan bu ilin sentyabrında təmas xəttində düşmənin təxribatlarının qarşısını almaq üçün haqlı olaraq əməliyyat keçirib, hücuma hazırlaşan Ermənistan ordusunun mövqelərini darmadağın edib. Azərbaycan istəsəydi əməliyyatın miqyasını genişləndirərək Ermənistan ərazisinə doğru irəliləyərdi. Ancaq ordumuz Ermənistanın heç bir yaşayış məntəqəsinə daxil olmadı.

Müsahibədə Makron son aylarda Moskvanı “gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla” məşğul olmaqda da ittiham edib. Guya rusların bir neçə yüzillik münaqişədən istifadə edərək, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları Ermənistanı zəiflətmək üçün geri döndüyünü iddia edib. Makron guya anlamır ki, Rusiya öz forpostunu zəiflətməz?

Təbii ki, Azərbaycanın rəsmi reaksiyası sərt oldu. Azərbaycan Prezidenti İlham Əliyev Emmanuel Makronun müsahibəsindən cəmi iki gün sonra - oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Sammitində çıxış edərək bu bəyanatı qətiyyətlə pislədi. Makronun sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” adlandıraraq qeyd etdi ki, Fransa Prezidenti “manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib”. Praqadakı görüşdən bir həftə keçməmiş Azərbaycanın ünvanına bu cür ittihamların səsləndirilməsi anlaşılan deyil. Azərbaycan Prezidenti çıxışında dedi: “Belə bəyanatları qəti surətdə pisləyir və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının mümkünlüyünü görmürük”.

Prezident İlham Əliyevin sözlərinə görə, əvvəlki Fransa prezidentləri ilə sıx ünsiyyəti olub və onlarla münasibətlər “kifayət qədər ölçülüb-biçilmış, kifayət qədər mehriban idi.

Dövlətimizin başçısı qeyd etdi ki, Fransa parlamentində Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Prezident İlham Əliyev Fransadakı Azərbaycan səfirliyinə edilmiş hücumları da qətiyyətlə pisləyərək bəyan etdi: “Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.

Sağlam düşünən obyektiv fransızlar da Makronun bu bəyanatını pisləyirlər. Fransada fəaliyyət göstərən Vicdan Azadlığı Uğrunda Koordinasiya Mərkəzinin rəhbəri Tyeri Vale açıq müraciətində Makronu son bəyanatına görə sərt tənqid edərək deyib ki, o, bu bəyanatla Cənubi Qafqazda həssas sülhü təhlükə altına atıb. Vale sonuncu Praqa görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması kimi vacib addım fonunda, Makronun “Qarabağı Ermənistanın ürəyi” adlandırmasını beynəlxalq normalara hörmətsizlik kimi qiymətləndirərək, bu razılığa zərbə vurduğunu qeyd edib. O, Makronu ikiüzlülükdə ittiham edərək Xocalı faciəsini törətmiş Ermənistanın “tolerantlıq uğrunda mübarizə” aparması iddiası ilə bir araya sığmadığını bildirib.

                                                                                                                                                                                                                                                                       İctimaiyyətlə əlaqələr şöbəsi,

                                                                                                                                                                                                                                                                      info.tarixinstitutu@gmail.com

                                                                                                                                                                                                                                                                                                     (070)2537593

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

 

 

Paylaş: