AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Milli Kitabxanada “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

03.11.2022 10:47

Noyabrın 1-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin ildönümünə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabda hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunduğunu, kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində nəşr edildiyini, həmçinin digər xarici dillərdə də çap edilməsinin qərara alındığını söyləyib. Natiq kitabın ərsəyə gəlməsinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, il ərzində Mədəniyyət Nazirliyi ilə birgə beynəlxalq sərgilərdə təbliğat məqsədilə bu kitabın da nümayiş etdiriləcəyini, kitabxananın ehtiyat fondu vasitəsilə, həmçinin elektron versiyasının isə tam mətninin sayt vasitəsilə dünya oxucusuna çatdırılacağını diqqətə çatdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri Eldar Əzizov bildirib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biridir. Kitab müharibənin əvvəlindən bu günədək olan bütün mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki qələbə kitabın hazırlanması prosesində iştirakçılar tərəfindən ətraflı araşdırılıb.

Eldar Əzizov proses iştirakçılarının özləri tərəfindən birbaşa yazılan bu kitabın şüarsız, emosiyasız reallığı oxuculara çatdırdığını, elmi-populyar xarakterli əsərin ingilis dili versiyasının da artıq hazır olduğunu söyləyib.

Natiq Vətən müharibəsində qazanılan Şanlı Qələbənin ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunduğunu qeyd edib.

“Biz bu dövrün müasirləri olaraq müharibə həqiqətlərini təhlil etməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının hazırlanması ideyası meydana gəldi və bu gün həmin kitab geniş ictimaiyyətə təqdim olunur”, - deyə o bildirib.

O deyib ki, geniş auditoriya üçün nəzərdə tutulan kitab dövlət qurumları, ali və orta təhsil müəssisələrinə, kitabxanalara, Azərbaycanın aparıcı informasiya vasitələrinə təqdim olunub. Yəqin ki, bu ölkələrdə yaşayan ermənilər də bu kitab vasitəsilə İkinci Qarabağ müharibəsi həqiqətlərini öyrənəcəklər.

AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxışında Qarabağ Zəfərinin analoqunun olmadığını, Prezidentin bu tarixi Zəfərlə Azərbaycan tarixinə adını yazdırdığını söyləyib, zəfərin xalqımız üçün milli qürur mənbəyi olduğunu bildirib, qələbənin tam qiymətini verən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. O, kitabı 44 günlük müharibəni əks etdirən birinci monoqrafik tədqiqat əsəri adlandıraraq nəşrdə müharibəyə sadəcə müharibə kimi baxılmadığını, həmçinin müharibənin ermənilərin ərazi iddiaları fonunda qiymətləndirildiyini vurğulayıb. Natiq qeyd edib ki, Qarabağ zəfəri haqqında birinci elmi salnamə olan bu kitabda Ulu Öndərin Qarabağ probleminin həlli üçün qurduğu strategiya, ordu quruculuğu qiymətləndirilib, kitabın müəlliflərinin ölkə başçısının fəaliyyətinə analitik yanaşması, şəkillər və sənədlərlə hadisə və proseslər elmi şəkildə mükəmməl açılıb, xalqın birliyi sayəsində müharibənin qələbə ilə nəticələnməsi məsələsi əsaslandırılaraq verilib. O, A.A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçı alimlərinə böyük minnətdarlığını bildirib, kitabın gələcəkdə yaranacaq yeni əsərlər üçün əsaslı mənbə rolu oynayacağını vurğulayıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli nazirlik tərəfindən vətənpərvərlik mövzusunda müsabiqələrin təşkil edildiyini, yeni əsərlərin meydana gəldiyini, habelə müzakirəsi keçirilən bu kitabın çoxdilli nəşrinin onun təbliği baxımından əhəmiyyətli olduğunu söyləyib, ilin sonunda Türkiyədə keçiriləcək beynəlxalq sərgidə və digər beynəlxalq sərgilərdə nümayiş olunacağını bildirib, əməyi keçənlərə qiymətli əsərə görə təşəkkür edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Musa Qasımlı dövlət başçımızın uzaqgörənliyi sayəsində qazanılan qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.

Kitabın elmi redaktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov layihə rəhbərinin öz çıxışında kitabın konsepsiyasını obyektiv şəkildə şərh etdiyini söyləyib, 44 günlük müharibəni Azərbaycan hərb sənətinin təntənəsi adlandırıb, fundamental konsepsiya əsasında qurulan əsərin baş qəhrəmanı və əsas müəllifinin həm dövlət başçısı, həm də baş komandanımız Prezident İlham Əliyev olduğunu bildirib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu, kitabın geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında çap olunun yeni əsərin vacibliyini vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov bu kitabın tələbələr və gənclər üçün xüsusi əhəmiyyətini qeyd edərək, nəşrin gələcək nəsillər üçün bir örnək kimi qiymətli olmasına diqqəti çəkib, universitet tələbələri arasında onun daha geniş təbliği məqsədilə tədbirlərin görülməsini vacib hesab edib.

Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü Şanlı Tariximizdir” (http://anl.az/el/emb/Zefer_gunu/index.html) adlı Elektron məlumat bazası iştirakçılara təqdim olunub. Bildirilib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin davamında Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, BDU-nun tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və digərləri çıxış ediblər.

Çıxışlarda kitabın Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağı vurğulanıb.

        

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: