10.11.2022 12:26
Qarabağda atəşkəsin elan olunduğu 1994-cü ilin may ayından sonrakı dövrdə ölkəmiz müvəqqəti itirilmiş torpaqlarının geri qaytarmağı bir an belə yaddan çıxarmadı. Əksinə, 1994-cü ildən həm ordu quruculuğunu, həm də Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasını qarşıya məqsəd qoydu, bu yolda çox böyük işlər gördü. Erməni faşistləri 2020-ci ildə də heç bir beynəlxalq norma və qaydaya əməl etmədən Azərbaycan ərazisinə növbəti dəfə təcavüz edib, vandalizm və barbarlıq aktları törətdilər. Tovuz hadisələrini buna misal göstərmək olar. Ermənistan ordusu 2020-ci il iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Erməni ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz qəhrəmancasına şəhid oldular.
Bunu AZƏRTAC-a açıqlamasında Tarix İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin elmi işçisi Tamara Rüstəmova deyib. Bildirib ki, Polad Həşimov kimi generalı itirmək Azərbaycan Ordusu üçün çox böyük zərbə idi. Azərbaycanın mərd, cəsur, əzmkar ordusu bu qanın cavabını elə həmin il düşmənə çox ağır şəkildə verdi.
“Vətən müharibəsi başlandığı gündən hərbi komissarlıqların qarşısından keçmək mümkün deyildi. Böyükdən kiçiyə hər kəs müharibəyə yollanmaq, Polad Həşimovun qanını almaq istəyirdi. Budur Azərbaycanın qələbəsi! Budur Ali Baş Komandanın çağırışı! Prezident İlham Əliyevin məqsədyönlü, daimi qayğısı sayəsində rəşadətli ordumuz getdikcə təkmilləşdi, inkişaf etdi, müasir hərbi texnika və yüksəkixtisaslı kadrlarla təchiz olundu. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu işdə qardaş Türkiyə Respublikası hərbçilərinin köməyi də çox böyük oldu. Onlar bizə hərbi dəstək olmaqla yanaşı həm də mediada yetəri qədər Azərbaycan xalqının yanında oldular.
Ən dəhşətlisi isə o idi ki, bu terror aktı dinc əhaliyə qarşı gecə saatlarında törədilirdi. Gəncə terroru gəncəlilərin həyatında silinməz dərin iz qoydu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırımı aktı” adlandırıb.
Müharibədən sonra Rusiya kanallarının birində erməni əsgərinin həyəcanlı çıxışının şahidi oldum. Azərbaycan adı çəkiləndə anında müxbirə dedi ki, onlar insan deyil. Çox həyəcanlı şəkildə dəfələrlə eyni cümləni təkrar etdi. Müxbir səbəbini soruşanda cavabı belə oldu: “Biz onları vururduq, onlar yıxılırdı, beş dəqiqə sonra yenidən dururdular ayağa və üstümüzə gəlirdilər. Sanki onlarda ölməz bir can var idi. Onların öldüyünü biz anlaya bilmirdik. Ona görə geri qaçmağa qərar verirdik”.
Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan ordusu döyüşə hazır deyildi. Çünki buna dövlətin həm maddi durumu, həm də əsgərlərin igidliyi imkan verməli idi. Ermənistanın da durumu uzun illərdir ki, bütün dövlətlərin gözü önündədir. İgidlikdən də heç bir söz gedə bilməzdi, çünki onlarda olan fərarilik dünya mediasının gözündən yan keçməmişdi. Təbii ki, onlar da kimlərəsə güvənərək Azərbaycan kimi dövləti özlərinə düşmən seçiblər, lakin güvəndikləri sonda onların arxasında durmadı. Çünki artıq Azərbaycan 90-cı illərdəki zəif Azərbaycan deyildi. Həm silahına güvənən, həm ordusuna güvənən, həm də xalqına güvənən bir dövlət yetişmişdi artıq.
Beləliklə, başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla 2020-ci ilin sentyabr ayının iyirmi yeddisindən başlayan Vətən müharibəsi şanlı tarixi Qələbə ilə başa çatdı”.