10.11.2022 12:30
Bu gün biz 8 Noyabr - Zəfər Gününü milli birlik və həmrəylik içərisində qeyd edirik. Ulu öndər Heydər Əliyev dediyi kimi, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, hərc-mərcliyindən, iqtisadi böhranından xilas etməklə yanaşı, yeganə problemimiz olan torpaqlarımızın işğaldan azad olunması üçün diplomatik müstəvidə möhkəm baza yaratdı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağın tarix boyu xalqımıza məxsus olduğunu bəyan edir, bu münaqişənin ilk növbədə danışıqlar və dialoqlar vasitəsilə həllinə tərəfdar olduğunu, sülh yolu ilə tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə qələbəyə nail olmaq variantının da qaçılmaz olduğunu daim diqqətə çatdırırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib. O bildirib ki, Heydər Əliyev siyasətini daha da inkişaf etdirərək milli inkişafın yeni modelini yaradan Prezident İlham Əliyev qısa zaman kəsiyində dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə yönələn həyati vacib addımlar atıb: “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyən Prezident İlham Əliyev bu prinsipi özünün idarəçilik fəlsəfəsinin təməl müddəalarından birinə çevirib. İqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq reytinq hesabatlarında öncül yerləri tutur.
Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən yeganə dövlətdir ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqda müqavilə imzalayıb və eyni zamanda, ən nüfuzlu iqtisadi təşkilat olan Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşına çevrilib. İqtisadi sahədəki nailiyyətlərimiz siyasi müstəqilliyimizi təmin edən amillər olmaqla yanaşı, ordumuzun da ən müasir silah-sursatla təchiz olunmasına şərait yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Cənubi Qafqazın ən güclü ordusuna sahibdir.
Siyasi-diplomatik və informasiya müstəvisində görülən işlər Prezident İlham Əliyevin uzaqgörən diplomatik baxışlarının daha bir nümunəsi idi. Əvvəllər münaqişə ilə bağlı istinad edə biləcəyimiz yeganə sənəd BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri idisə, Prezident İlham Əliyevin hakimiyyəti illərində, demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, eyni zamanda, haqlı mövqeyini təsdiqləyən sənədlər qəbul etdilər. Ermənistanın mənfur siyasəti beynəlxalq müstəvidə ifşa olundu, işğalçı öz adı ilə çağırılmağa məhkum edildi”.
Günel Aslanlı qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olaraq ölkəmizin apardığı informasiya siyasəti olduqca səmərəli nəticələrə gətirib çıxarıb: “Bu nəhəng təşkilat bütün toplantılarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdi və BMT Təhlükəsizlik Şurasında Vətən müharibəsi dövründə Azərbaycanın maraqlarına qətiyyən cavab verməyən ədalətsiz bir sənədin qəbul edilməsinə icazə vermədi.
2020-ci il sentyabrın 27-dən başlayaraq Böyük Zəfərə gedən yol cəmi 44 gün davam etdi və Ermənistanın işğal siyasətinə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin qlobal informasiya məkanındakı vəziyyəti dövlətimizin xeyrinə dəyişdirə bilməsinin, əvvəlcədən mükəmməl formalaşdırdığı strategiyasının nəticəsi idi ki, bu müharibənin hərbi mərhələsi Zəfərlə başa çatdı. Vətən savaşında siyasi əqidəsindən, dini baxışlarından, etnik mənsubiyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar ölkənin bu çətin günlərində bir yumruq kimi dövlətimizin başçısının ətrafında cəm oldular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Bu gün Azərbaycan ərazi bütövlüyü bərpa edilmiş dövlətdir. 44 günlük Vətən savaşı Azərbaycan xalqının mübarizlik əzminin simvoluna çevrildi”.