05.12.2022 16:50
Birinci iclas: Şuşanın tarixi. Sosial-siyasi və dini həyatı
Sədr: Tofiq Mustafazadə, tarix elmləri doktoru, professor
Katib: Aygün Əzimova, böyük elmi işçi
İlk olaraq AMEA Tarix institutu, şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə "Qarabağ xanlığının təşəkkülü tarixindən" mövzusunda məruzəsi dinlənilib.O,qeyd edib ki,1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində qətlə yetirildikdən sonra xalqların və tayfaların azadlıq mübarizəsi nəticəsində onun nəhəng imperiyası çoxsaylı kiçik dövlətlərə parçalanmışdı. Azərbaycan ərazisində XIX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyası və Qacarlar İranı arasında bölüşdürülənə kimi mövcud olmuş 20-yə yaxın xanlıq adlanan kiçik dövlət qurumları yaranmışdı. Onların arasında ərazisinin böyüklüyünə, əhalisinin çoxluğuna və hərbi qüdrətinə görə Qarabağ xanlığı fərqlənirdi. Qarabağ xanlığının banisi Pənahəli xanın Sarıcalı oymağından çıxmış sələfləri Qarabağın qədim sakinləri idilər. Bu oymaq “Otuz ikilər” adlı tayfa ittifaqının tərkibinə daxil olan Cavanşir tayfasına mənsub idi.
İsmayıl Hacıyev: “Şuşa: Azərbaycanın mədəniyyət paytaxtı” adlı məruzədən
Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Əbəs yerə dünya ictimaiyyəti onu “Şərqin konservatoriyası” adlandırmayıb. Şuşa şəhəri həm də öz məşhur yetirmələri – bəstəkarları, musiqişünasları, yazıçı və şairləri, sənət adamları, ziyalıları ilə məşhurdur. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42 müəllim və s. olmuşdur. Bu ziyalılar Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.
Nərgiz Axundova: “Şuşanın məhəllələri” adlı məruzədən
Şuşanın məhəllə adlarının öyrənilməsi Azərbaycan tarixinin az tədqiq olunmuş sahələrindən biridir. Həmin adlar tarixi – onomaloji leksikamızın çox dəyərli nümunələridir. Şuşanın məhəllə adları sadəcə toponimlər deyildir, onların çoxu etnotoponimlərdir. Onlar yalnız Azərbaycanda yox, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Volqa Bulqarıstanında, Ukraynada, İraqın şımalında Kərkük yurdunda da mövcud olmuşlar və indi də mövcuddurlar.
İkram Ağasiyev: “Şuşada Bazel lüteran missionerlərin fəaliyyəti, ermənilərin lüteranlıqdan yararlanma cəhdləri və onun nəticələri” adlı məruzədən
Şimali Azərbaycanda xristianlığı yaymaq məqsədilə 1821–ci ildə çar hökuməti Bazel missionerlər cəmiyyətinin üzvlərini dəvət etdi və onlar hökumətin tövsiyyəsi ilə Şuşa şəhərində dini məktəb açdılar.Alman mənşəli missionerlərin müsəlman gəncləri dini məktəbə cəlb etmək cəhdləri uğur gətirmədi, amma erməni gənclər məktəbə həvəs göstərməyə başladılar. Missionerlər ermənilərin də dini maariflənməsini zəruri hesab etdilər, çünki onların fikrincə, erməni əhalisi dini cəhətdən çox savadsız idi və “xristianlıqdan uzaq düşmüşdü”. Ancaq çar hökuməti müsəlman türklərin xristianlığa cəlb olunmasında daha maraqlı idi.Missinerlər dini məktəbə maraq göstərməyən müsəlmanlar arasında Bibliyanın və sair xristian ədəbiyyatın yayılması üsulunu keçdilər. Qısa bir zamanda Şuşada tipoqrafiya təşkil edildi və Bibliya Azərbaycan dilinə tərcümə edilərək Qarabağ, Şəki, Şirvan və sair əyalətlərdə əhali arasında paylandı.Bu işdə missionerlərin ən yaxın köməkçiləri Erməni qriqoryan kilsəsinin katolikosu Yefrem, erməni din xadimləri və sadə ermənilər idi.
Nazir Əhmədli: 1832-1833-cü il tarixli Qarabağ əyalətinin kameral təsvirinə görə Şuşa şəhəri adlı məruzədən
Rusiya imperatorluğunda “dövlətşünaslıq elmi” adlandırılan kameral təsvir Qarabağda ilk dəfə 1832-1833-cü illərdə titulyar müşavir Suşko tərəfindən tərtib edilmişdir. Bu kameral təsvirdə Şuşa şəhəri haqqında da ətraflı bilgilər yer almışdır. Ermənistan Milli Arxivində F.93, s.1, s.v. 49, 50 və 51 şifrələri ilə saxlanılan kameral təsvirdə vergi mükəlləfiyyətli əhali “dövlət kəndliləri” və “xan ailəsinin idarəsi altında yaşayan kəndlilər” olmaqla ayrı-ayrılıqda siyahıya alınmışdır. Xan ailəsinin idarəsi altında 204 müsəlman və 75 erməni ailəsi yaşayırdı. Bu kateoriya üzrə müsəlmanlarda 619 kişi, ermənilərdə isə 234 kişi və 173 qadın qeydə alınmışdır. Əksəriyyəti müsəlman bəyləri, ruhaniləri olan imtiyazlı ailələr ayrıca kameral təsvirdə yazıldığına görə, hesab edirik ki, Şuşa şəhərinin müsəlman əhalisi daha çox üstünlük təşkil etmişdir.
Ramil Niftəliyev: XIX əsrin Şuşa şəhərinin cümə məscidləri və onlarin vəqfləri haqqinda adlı məruzədən
Mənbələrə görə Şuşa şəhərində birinci məscid Pənahəli xan tərəfindən qala divarları inşa edilən zaman tikilmişdir. Bu məscid şuşalılar tərəfindən ikiqapılı məscid adlandırılırdı. Sonralar 1182-ci ildə (1768/1769-ci ildə) İbrahimxəlil xan həmin məscidin yerində daşdan yeni Camaat (cümə) məscidi inşa etdirdi. “Məscid-ül-aksa” adı iləməşhur olan bu bina şəhər meydanın qarşısında yerləşirdi. Şuşalılar çox vaxt həmin məscidə yuxarı məscid də deyirdilər. Bu məscid 1805-ci ilin iyunun 17-də İbrahimxəlil xan tərəfindən qızı Gövhər ağanın vəqf səlahiyyətinə verilmişdi. 1920-ci ilin martında şəhərdə baş vermis qırğınlar zamanı, bir neçə gün ərzində 7 minədək yaşayış evləri yandırılmışdı. Şəhərin 17 məscidindən yalnız biri salamat qalmışdı.
Nataliya Zub: “Şuşa XX əsrin əvvəllərinin informasiya məkanında” adlı məruzədən
Ukraynanın Kiyev şəhəri Cənubi Qafqazda Azərbaycan Şuşasından kifayət qədər uzaqda yerləşir. Ancaq XX əsrin əvvəllərində. artıq onlar arasında sabit informasiya mübadiləsi, mətbuat vasitəsilə ünsiyyət mövcud idi. O dövrün kütləvi informasiya vasitələrində nəşrlər rəsmi xarakter daşıyır, etibarlılıq statusu ilə əsas xəbər mənbələrindən biri kimi çıxış edirdi. Gündəlik "Kievlyanin" qəzeti Kiyevdə (1864 - 1919) nəşr olunurdu. Kiyevlyanin qəzetinin Qafqazda öz müxbiri yox idi və ona görə də imperiyanın hər yerindən gələn xəbərlərin çoxunu Peterburq Teleqraf Agentliyindən alırdı. Qəzetin xəbərləri arasında Şuşa ilə bağlı xəbərlər də yer alırdı. Baxmayaraq ki, onun nəşrlərinin istiqaməti mühafizəkar monarxist xarakter daşıyırdı hələ 1906-cı ildə Şuşa və ətraf rayonlarda baş vermiş fəlakət, faciə şəklini almış hadisələrin obyektiv mənzərəsini oxucuya təqdim etməyə çalışırdı.
Aygün Əzimova: 1917-ci ildə Şuşa şəhərində ictimai-siyasi və milli
təşkilatlanmaya dair adlı məruzədən
İnqilabdan sonra Şuşada Rusiya Müvəqqəti Hökumətinin yerli orqanı kimi İctimai Təhlükəsizlik Komitəsi yaradıldı. Bu komitə həm də “Qarabağ İcraiyyə Komitəsi” (İK) adlanırdı. Qarabağ İK ilə paralel Qarabağ ərazisində ilk sovet olan Şuşa Əsgər və Fəhlə Deputatları Soveti də təşkil edildi. Yaradılarkən Qarabağ İK-NIN tərkibinə şəhər əhalisinin 12 azərbaycanlı, 12 erməni, şəhər özünüidarəsinin 6, yerli qarnizonun 9, şəhər ittifaqının 1 məmurların 3 nümayəndəsi daxil idi. Bir qədər sonra oradakı müsəlman nümayəndələrin sayının artırılması məsələsi ortaya çıxdı. Tezliklə azərbaycanlı və erməni əhali arasında təşkilatlanma prosesinin gedişində fərqlər özünü göstərməyə başladı.
Allahverdi Əlimirzəyev: “Şuşa bölgəsinin toponomikası Parfiya dövründə” adlı məruzədən
Parfiyanın ilk paytaxt Mitridatkert (və ya Mihrdatkert) çaxır anbarlarından arami şrifti ilə parf dilində yazılmış 2800 dən artıq hesabat sənədi aşkara çıxarılmışdır. Bu sənədlərdə xatırlanan toponimlər, o cümlədən 17 malikanə və 20 kənd (bəziləri istehkam tipli olmuşdur) Mihrdatkertin inzibati idarəetmə strukturuna daxil idi. Lakinsənədlərin yazıldığı dövrdə imperiyaya çevrilən Parfiyanın hüdudları qərbdə Fəratın sahillərinədək uzanırdı və təbiidir ki, dövlətin mərkəzi anbarlarına digər bölgələrdən də mal və məhsullar daxil olurdu. Fonetik bənzərliyə əsasən Nisa sənədlərində xatırlanan bəzi toponimləri indiki Azərbaycan Respublikasının ərazisində də lokalizə etmək olar. Məsələn, Mrw (=Muro) – Murov, Skn (=Sakān). Göyçə gölü ilə Qərbi Zəngəzur arasında yerləşən tarixi vilayət. Sənədlərin yeddisində (№ 79 IX sətirdi, № 170 VI sətirdi, № 207 VI sətirdə və s.) Krkyšn (digər variantı Krkšn) yer adı qeydə alınıb. Fonetik baxımdan Krkyšn (və ya Krkšn) toponimini Kərkicahanın (Şuşanın yaxınlığında, Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə) adı ilə müqayisə etmək olar.
Vəfa Mahmudova: “S. Aşurbəyli İlk Şuşa Ekspedisiyasının müəllifidir” adlı məruzədən
Sara Aşurbəylinin ekspedisiyası Şuşa şəhərinin özündə ilk dəfə aparılan ekspedisiya olmuşdur. Bu, eyni zamanda, Azərbaycanın rəsmi elmi orqanı tərəfindən göndərilən ilk ekspedisiya idi. 1934-cü ilin 5 sentyabrından 5 oktyabr tarixlərində tədqiqatlar aparan ekspedisiya S.Aşurbəyli (ekspedisiyanın rəhbəri),
M.Dilbazi (Dövlət muzeyinin Ədəbiyyat şöbəsinin əməkdaşı) və O.M.İsayevdən (mühəndis-memar) ibarət təşkil olunmuşdur. Ekspedisiya qazıntı və ya şurf qoymasa da, təyinatı üzrə bütün abidələrin təsnifatını vermiş, təsvir etmiş və imkan olduqca, abidələrlə bağlı etnoqrafik materialları da toplamışdır. Bir ay davam edən ekspedisiya zamanı Xanqızı sarayı (həmin vaxt pioner düşərgəsi kimi istifadə olunurdu), Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri, Seyidli məscidi, qabağındakı hamam, üzərində 1318-ci il yazılmış su kəməri, Xanın oğlunun evi, Vaqifin qəbirüstü mavzoleyi, köhnə saray darvazaları qeydə alınmış, geniş təsvirləri verilmişdir.
Tofiq Həsənov: “1905-1906-ci illərdə erməni-müsəlman davası dövründə Şuşa şəhərinin siyası vəziyyəti” adlı məruzədən
1905-ci ildə erməni və türk-müsəlmanlar arasında gərgin döyüşlər Yelizavetpol quberniyasının Şuşa və Gəncə şəhərlərində olmuşdur. Şuşa və Gəncə erməniləri Qarabağ , Tiflis, İrəvan və Bakı ermənilərindənkömək aldılar.1905-ci il avqust ayının 16- da erməni silahlı dəstələri üç istiqamətdə Şuşaya hücuma keçdilər.Birinci dəstə Yuxarı Xəlfəli, ikinci dəstə Meydanı, üçüncü dəstə Köçərli məhəlləsinə. Şuşanın türk- müsəlman əhalisi daha mütəşəkkil hərəkət edib erməniləri Şuşadan qovub çıxartdı.
Zakir Kərimov: Şuşanın dini və xeyriyyə yönümlü abidələrinə qarşı vandalizm adlı məruzədən
Erməni işğalı dövründə Qarabağda bütün maddi-mənəvi abidələrimiz olduğu kimi xeyriyyə yönümlü abidələrimiz də yerlə-yeksan edilmişdir..O, 24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında Azərbaycan Respublikasının prezidenti cənab ilham Əliyev bildirmişdir ki,təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış,bütün mədəni və dini abidələri yerlə-yeksan etmiş ,onları urbisid və kultursid-mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir.Azərbaycanın 9 şəhərini,yüzlərlə kəndini Ermənistan yer üzündən silib. Bu ərazilərdə azərbaycanlıların tarixi izləri yox edilib. Şuşa şəhəri daxil ermənilər işğal altindakı yayış məntəqələrində 67 məscidən 65-ni məhv ediblər, donuz və inək tövləsi kimi istifadə olunub. Şuşa rayonu ərazisində Azərbaycan dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olmuşdur. 1992-ci il mayın 8-də Şuşanın işğalından sonra onların çoxu erməni işğalçıları tərəfindən dağıdılmışdır.
Nigar Camalova: Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyəti adlı məruzədən
Ermənistan hökuməti 1918-1920-ci illər ərzində Azərbaycanı ələ keçirmək, ərazilərini tarixi türk torpaqları hesabına genişləndirmək məqsədilə Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdi. Bunun üçün ermənilər terror, dinc əhaliyə qarşı silahlı hücum, iqtisadi sıxışdırma, hədə-qorxu gələrək əhalini çıxıb getməyə məcbur etmək metodlarından istifadə etdilər. Nəticədə, yerli azərbaycanlı əhalinin sayı kəskin azaldı, İrəvan və Qərbi Zəngəzur bölgəsi erməni hakimiyyətinin əlinə keçdi, bu gün regionda sülhə və təhlükəsizliyə təhdid olan Ermənistanın düşmənçilik siyasətinin əsası qoyuldu
Faiq İsmayılov: Şuşa ili-270: şəhərinin məhv edilmiş tarix və mədəniyyət abidələri adlı məruzədən
Müharibədən dərhal sonra Şuşada tarix və mədəniyyət abidələrinin vəziyyətini yoxlamaq üçün moritorinq keçirildi. Monitorinq zamanı Şuşa şəhərində 350 hektarlıq qoruq zonası, 870 m uzunluğunda qala divarları 217 Dövlət qeydiyyatında olan və 340 qeydiyyatda olmayan yaşayış evləri eləcədə 1 son tunc və ilk dəmir dövrünə aid daş qutulu qəbirlər olan arxeoloji abidə yararsız hala salınmış, 291 tarixi əhəmiyyətli yaşayış evləri isə tamamilə dağıdılıb yox edildiyi aşkar edildi.
Zümrüd Hüseynova: Davamlı inkişafın təmin edilməsində Şuşa şəhərinin mədəni, iqtisadi, ekoloji problemlərinin təhlili adlı məruzədən
Şuşa Vətən müharibəsindən sonra bərpa, yenidənqurma mərhələsinə qədəm qoydu. Bu mərhələ onun davamlı inkişaf dövrünə keçidinin təminatı idi. Təkcə Şuşada deyil, Azərbaycan Respublikasında da həyata keçirilən davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Yerinə yetirilən işlərdən sonra Azərbaycan BMT-nin 2022-ci ilDavamlı İnkişaf Hesabatında 73,5 bal toplayaraq “SDI” indeksinə görə dünyanın 163 ölkəsi arasında 50-ci yerdə qərarlaşıb.
Hakan yılmaz akademik tarih ve düşünce dergisinden "Şuşa'da Türk kültür kodları ve Şuşa'nın Türk Yurdu Olmasının Tarihsel Dinamikleri"məruzəsi ilə çıxış edib.
Qeyd edək ki, konfrans öz işini Dekabrın 6-sı davam edəcək.