AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” adlı beynəlxalq konfrans – II gün

06.12.2022 17:12

 

Tarix İnstitutunun təşkil etdiyi “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” adlı beynəlxalq konfrans bu gün də öz işini uğurla davam etdirmişdir. “Şuşanın mədəni həyatı”, “Şuşa beynəlxalq aləmdə.Qardaşlaşmış şəhərlər” və “Şuşa Bəyannaməsi” bölmələri üzrə gün ərzində 20-dən çox məruzə dinlənilmişdir.

    

Günün birinci yarısında tarix elmləri doktoru, professor İradə Hüseynovanın moderatorluğu ilə “Şuşanın mədəni həyatı” bölməsinin məruzəçiləri öz tezislərini səsləndirmişlər.

İradə Hüseynova: “Şuşa Qafqazin incisi, türk dünyasinin mədəniyyət paytaxtıdır” adlı məruzədən

Lakin ayrı-ayrı illərdə (1905-1907, 1918-1920, o cümlədən 1992-ci illərdə) erməni qəsbkarları tərəfindən Azərbaycanın mədəni paytaxtı olan Şuşa dəfələrlə dağıntılara məruz qalmışdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə var idi. Hələ 1970-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədi ilə böyük tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul etmişdir. Belə ki, buna əsasən həmin dövrdə erməni vandalizminə məruz qalmış şəhərin tikililəri, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış, inzibati binalar, böyük mehmanxana kompleksləri inşa etdilmiş, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yüksəlir, azərbaycanlıların milli ruhu güclənirdi.

Salidə Şərifova: “Azərbaycan nəzm və nəsrində şuşanin bədii təsviri” adlı məruzədən

Azərbaycan ədəbiyyatında mədəniyyətimizin beşiyi olan Şuşa müxtəlif ədəbi növ və janrlarda tərənnüm və təsvir edilir. Müasir dövrümüzdə Şuşa obrazı klassik şeir janrlarında, aşıq yaradıcılığının janrlarında, sərbəst şeir şəklində, qarışıq janr nümunələri olan dastan və poemalarda və s. təqdim edilir. Müasir Azərbaycan ədəbiyyatında klassik Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından olan qəzəl janrında Şuşanın vəsf edilməsi təqdirəlayiqdir. Azərbaycan poeziyasında şairlərimizin tez-tez müraciət etdikləri vəznlərdən biri də sərbəst şeir şəklidir. Müəlliflərin sərbəst şeir şəklində qələmə aldıqları şeirlərdə hisslərin tərənnümü, poetik fikrin emosional təsviri özünü əks etdirir. Bu bədii nümunələrdə Şuşa qəhrəmanlıq, yenilməzlik rəmzi kimi tərənnüm edilir.

Pavel Stavarz (Polşa): “Şuşa - işğal və azadlığı, tarixi saxtalaşdırmaq cəhdinin və qonşu dövlətin mədəni irsinə qarşı mübarizənin uğursuz bir nümunəsi kimi” adlı məruzədən

Ermənilərin Şuşanın qeyri-qanuni işğalı zamanı müşahidə edilən və işğaldan azad edildikdən sonra üzə çıxan tarixi-mədəni irsə qarşı hərəkətləri əyalətin tamamilə məhv edilməsinə yönəlib. Şuşanın əsrlər boyu Azərbaycanın mədəniyyət paytaxtı olması faktının ermənilər tərəfindən inkar edilməsinə baxmayaraq, Şuşanın qanunsuz işğalı zamanı ermənilərin buradakı maddi-mədəni irsə qarşı sistemli və düşünülmüş şəkildə həyata keçirdikləri dağıdıcı fəaliyyətlər sübut edir. Ermənilərin indiyədək təkcə Şuşaya deyil, Azərbaycan ərazisinin qeyri-qanuni olaraq işğal olunmuş digər hissələrinə də münasibətdə əsas məqsədlərindən biri də beynəlxalq rəyi yalançı şəkildə inandırmaq olub.

Aneta Strzemzalska (Polşa): “Azərbaycanda muğam ifaçılığı məktəbinin yaranmasında Cabbar Qaryağdıoğlunun rolu” adlı məruzədən

Müasir Azərbaycanın milli mədəniyyətində musiqi mühüm rol oynayır. Müasir Azərbaycan xanəndəlik məktəbinin xüsusiyyətlərinə xüsusi təsir göstərmiş şəxslərdən biri də Azərbaycan musiqisinin solisti və bilicisi Cabbar Qaryağdıoğlu olmuşdur. Qaryağdıoğlu ənənəvi folklorşünas xanəndələr mühitində böyüsə də, konsert salonlarının lövhələrində muğamları yeni, teatrlaşdırılmış formada ifa edirdi. Muğam ifalarının yerinin və formasının dəyişməsi Azərbaycanın müasir milli musiqisinin əsas janrının - muğam operasının yaranmasına imkan verdi.

Fuad Tağıyev: “XVIII əsr Azərbaycan Şuşası Dağıstan aydınlarının əsərlərinin yazılması yeri kimi” adlı məruzədən

Azərbaycan və Dağıstan xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi tarixinin öyrənilməsi baxımından Dağıstan müəlliflərinin əsərlərinin yazılması yeri və tarixi xüsusi maraq kəsb edir. Bu mənada tanınmış avar alimi – Dibir-qazı kimi tanınan – Mirzə Məhəmmədşəfi əl-Avari (1742-1817) yaradıcılığının Şuşa dövrünü xüsusi qeyd etmək lazımdır. Təhsilini Şuşa şəhərində alim Maqsud Çələbi əl-Pənahabadinin yanında tamamlamış, ondan Azərbaycan və fars dillərini öyrənmişdir. Dibir-qazının Şuşada qələmə aldığı əlyazmalarına Dağıstanda lüğətçiliyin elm olaraq əsasını qoymuş bir neçə leksikoqrafik əsəri – türk (oxu, Azərbaycan) dilinə hərfi tərcümə edilməklə ərəb-fars lüğəti; fars dilinə tərcümə edilməklə ərəb sözləri və ifadələri lüğəti; ərəb, fars, türk və avar dillərinin lüğəti; fars, ərəb və avar dillərinə hərfi tərcümə olunmuş türk dili lüğəti, habelə onun əli ilə köçürülmüş fars dilinə hərfi tərcümə ilə Quran surələri və fars dilini öyrənmək üçün Sədi Şirazinin “Gülüstan”nından beytlər daxildir.

Sevda Abdullayeva: “Şuşa -Azərbaycanın incisi, Qafqazın mədəniyyət mərkəzi” adlı məruzədən

Azərbaycanın tarixi-mədəni mərkəzi olan Şuşa bir vaxtlar “Kiçik Paris”, “Qafqaz İncəsənət Məbədi”, “Azərbaycan Musiqisinin Beşiyi” və “Şərq Konservatoriyası” adlanırdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. yaşayıb yaratmışdır.Şuşa şəhərinin mədəniyyət mərkəzinə çevrilməsində, elmin və mədəniyyətin inkişafında bu ziyalıların böyük rolu olmuşdur. Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi Azərbaycanın tanınmış ziyalıları və sənətkarları əslən Şuşalıdır.

Bəxtiyar Həsənov: “Şuşa şəhərində fəaliyyət göstərən ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” adlı məruzədən

XIX əsrdə şəhərin istər poeziya məclisləri olsun, istərsədə musiqi yığıncaqları Şuşanın ədəbi-mədəni mühitinin inkişafına təsir etmişdir. Bu ədəbi məclislərdən biri Məclisi-üns” (“Dostluq məclisi”) olmuşdur. Şuşalı şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə 1864-cü ildə fəaliyyətə başlamışdır. Dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunan söz sənəti məclisi bir müddət sonra Hacı Abbas Agahın evində fəaliyyətini davam etdirib. 1872-ci ildən isə görkəmli şairə Xurşidbanu Natəvanın himayəsi və rəhbərliyi ilə onun evində fəaliyyətini davam etdirən “Məclisi-üns”ün məclisləri daha da genişlənmişdir. Otuzdan çox tanınmış şuşalı şair məclisin daimi üzvləri olublar. “Məclisi-üns”ün fəaliyyəti Xan qızı Natəvanın vəfatına qədər yəni 1897-ci ilədək davam etmişdir.

Nəzakət İsmayılova, Azadə Əliyeva: “Şuşa -milli mədəniyyətimizin beşiyi, Azərbaycanın incisi, Qarabağın mirvarisidir” adlı məruzədən

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, S.S.Axundov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

Jalə Əhmədova: “Şuşada fəaliyyət göstərmiş muzeylər haqqında” adlı məruzədən

Şuşanı “muzeylər şəhəri” adlandırmışlar. Qarabağ ərazisi ermənilər tərəfindən işğal olunanadək bu bölgədə 34 muzey fəaliyyət göstərirdi ki, bunların 10-u Şuşada yerləşirdi. Bu muzeylərdən 29-u rəsmi statusla, 5-i ictimai əsaslarla fəaliyyət göstərmişdi. Şuşa Tarix-diyarşünaslıq Muzeyi, Şuşa Xalça Muzeyi, Şuşa Daş sənətkarlığı Muzeyi, Bülbülün ev Muzeyi, Şuşa Dövlət Rəsm qalereyası, Şuşa dərman bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin ev Muzeyi, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi Şuşada fəaliyyət göstərmiş muzeylərdəndir. Şuşanın işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı ev Muzeyinin eksponatları və Rəsm Qalareyasının eksponatları çıxarılıb.

Aysel Kərimova: “Şuşa rayonunun alban məbədləri” adlı məruzədən

Azərbaycan ərazisində alban tayfalarına aid yüzlərlə tarixi abidə mövcuddur. Bunların sırasına alban məbədlərini də əlavə etmək olar. Qarabağın elə bir rayonu, kəndi yoxdur ki, orada alban xristian məbədi olmasın. Kəlbəcər, Laçın, Xocavənd, Xocalı, Ağdam, Tərtər, Cəbrayıl, Qubadlı, Zəngilanla yanaşı Şuşa rayonunda da alban kilsələri var. Alban məbədlərinə Şuşanın Qeybalı (Qayıbaylı) (XIX əsr) və Daşaltı (XIX əsr) kəndlərindəki alban abidələri daxildir. Qeybalı kəndi Xalfalı çayının sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir. Hal-hazırda mövcud olan kəndi vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybalı (Qayıbalı) kəndindən köçüb gələn əhali salmışdır. Burada yerləşən alban məbədi (İNV № 5059) XIX əsrə məxsusdur. Məbəd son orta əsrlərdə tikilmiş alban abidələrinin bütün xüsusiyyətlərinə malikdir.

Çimnaz Abdullayeva: “Mədəniyətin beşiyi Şuşadan inkişaf impulsları” adlı məruzədən

Şuşanın tarixi mərkəzində 549 qədim bina ( bunların 72 – si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləri , 17 məhəllə , 17 məscid , 6 karvansara , 3 türbə , 2 mədrəsə 2 qəsr və qala divarları erməni vandalları tərəfindən məhvə düçar olmuşdur. Bu abidələrin əksəriyyəti XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

Türkan Qasımova: “Şuşa Qafqazın tarixi gerçəkliklərinin açarı-Azərbaycanın kimliyidir” adlı məruzədən

Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır və şəhərdə tarixi izlər dağıntılara məruz qalmışdır. Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.

Günün ikinci yarısı isə Qafqaz Avropaşünaslıq Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimovun moderatorluğu ilə “Şuşa beynəlxalq aləmdə.Qardaşlaşmış şəhərlər” və tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarovun moderatorluğu ilə “Şuşa Bəyannaməsi” adlı bölmələrin məruzləri dinlənildi.

Nərgiz Axundova: “Şuşanın işğalı zamanı Azərbaycan ətrafında beynəlxalq vəziyyət” adlı məruzədən

Azərbaycan üçün tarixi, strateji və mədəni dəyəri olan Şuşa şəhəri qədim zamanlardan bu ölkənin siyasi tarixində mühüm rol oynamışdır. 1980-1990-cı illərin sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətinə əsaslı təsir göstərmişdir. Bu hadisələr sırasında Şuşanın işğalı ölkənin vəziyyətinə xüsusilə ağır təsir göstərmişdir. 1918-1920-ci il vəziyyətində olduğu kimi, Azərbaycan da öz ərazi bütövlüyünü tanımaq üçün ikiqat diplomatik iş görməli, erməni qəsbkarları və bir milyona yaxın qaçqın tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının total şəkildə pozulması haqqında həqiqəti söyləmək hüququ uğrunda mübarizə aparmalı oldu. Beynəlxalq aləmdə müəyyən dövlətlər tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün təşəbbüs göstərməyə bir sıra cəhdlər olmuşdur.

Mətanət Bəhramova: “Şuşanın qardaş şəhərləri: Ərzurum, Kayseri və Türkistan” adlı məruzədən

Türkiyə Cumhuriyyətinin şəhərləri ilə Şuşa şəhəri arasında Qardaşlaşmaq haqqında protokollar imzalanmışdır. 2022-ci ilin 21 sentyabrında Şuşa şəhəri Dövlət Qoruğu İradəsi ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında Protokol imzalanıb. Protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur. Şuşa ilə qardaşlaşmış bir digər şəhər Kayseridir. 14 oktyabr tarixində Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanmışdır.

Rəhim Rəhimov: “Şuşa və Zalsburq: Çağırış və cavab paradiqmasından baxış” adlı məruzədən

Azərbaycanın Şuşa və Avstriyanın Zalsburq şəhərləri əsas etibarı ilə müvafiq olaraq məxsus olduqları ölkələrin və aid olduqları daha geniş regionun mühüm mədəniyyət mərkəzi kimi identikliyə malikdirlər. Hər iki şəhər məşhur musiqiçilərin, yazıçıların, alimlərin və digər ictimai xadimlərin doğulduğu yerdir. Zalsburq şəhəri Avstriyanın mədəniyyət və musiqi paytaxtı, eyni zamanda Avropanın mədəniyyət paytaxtı kimi tanınır. Şuşa şəhəri 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eləcə də, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - Türksoy tərəfindən 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib. Beynəlxalq və milli mədəniyyət mərkəzi kimi tanınan hər iki şəhərin tarixin gedişində müharibə edən ordular arasında döyüş meydanına çevrildiyi zamanlar olub.

 

Emin Şıxəliyev: “Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti və Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ” adlı məruzədən

8 noyabr 2020-ci il tarixli Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Qeyd etmək lazımdır ki, Azərbaycan bu müharibə ilə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar da formalaşdırdı. Artıq regionun siyasi mənzərəsi dəyişir, Yeni Dünya Nizamının qurulması kontekstində regionda təsir gücü ola biləcək çox aktual məqamlar müşahidə olunur, Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində yeni ruh verilir. Məhz bu baxımdan Türkiyə ilə Azərbaycan arasında dünyada heç bir dövlətdə rast gəlinməyən qardaşlıq, sıx əməkdaşlıq və yaxınlığın nəticəsi olaraq ortaya çıxan, yeni müttəfiqlik formatına yol açan tarixi sənəd kimi Şuşa Bəyannaməsinin imzalanması da həmin aktual məqamlardan biridir.

Rəna Mirzəzadə: “Şuşa Bəyannaməsi: siyasi-hüquqi və hərbi-geostrateji təhlükəsizlik paradiqmaları” adlı məruzədən

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bir çox siyasi-tarixi və hüquqi-hərbi paradiqmalarla şərtlənir. Məlumdur ki, 1921-cil il Qars anlaşması ilə Türkiyəyə Naxçıvanda zəmanətçi, qoruyucu ölkə statusu verilmişdi. 1994-cü ildə “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalanmış, əlaqələrin siyasi-hüquqi zəmini formalaşdırılmışdı. 2010-cu ildə “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin imzalanması da Şuşa Bəyannaməsinə aparan yolun komponentidir. Bəyannamə strateji və hərbi-təhlükəsizlik mətnində siyasi-tarixi əhəmiyyət daşıyır.

İradə Zərqanayeva: “Şuşa Bəyannaməsi” beynəlxalq münasibətlərdə sülh və ədalət nümunəsidir” adlı məruzədən

“Şuşa bəyannamə”si Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərpası, region dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və sülhün təmin edilməsi məqsədi daşıyır. İki ölkə arasındakı müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan müttəfiqlik münasibətləri Qafqaz regionunun digər ölkələri üçün də geniş perspektivlər açır.

Mübariz Ağalarlı: “Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsində “Şuşa Bəyannaməsi”nın rolu” adlı məruzədən

2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamışlar. “Bəyannamə”nin Preambula hissəsində Tərəflər, “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bəyan edərək” bu müqaviləsinin siyasi əhəmiyyətini önə çəkmişlər.

Paylaş: