AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu 2022-ci il üzrə hesabatını təqdim etdi.

14.12.2022 16:11

14 dekabr 2022-ci il tarixində Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının hesabat iclası keçirilmişdir. İclası institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq Tarix İnstitutunun 2022-ci il üçün öhdəliklərindən və gələcək 2023-cü il üçün perspektivlərdən danışmışdır. O, mövcud problemləri sadalamaqla yanaşı, Tarix İnstitutunun 2023-cü il üçün fəaliyyət planında müasir elmi çağırışlara cavab verən, eyni zamanda, ölkə əhəmiyyətli elmi-tədqiqatların aparılmasının vacibliyini vurğulamışdır. Tarix İnstitutunun 2022-ci ildə baş plan üzrə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin yekun hesabatının dinlənildiyi iclasda AMEA İctimai Elmlər bölməsinin Elmi şurasının üzvü, akademik Nailə Vəlixanlı, AMEA Rəyasət Heyətinin əməkdaşı Ruslan Qasımov da iştirak etmişdir.

Hesabatı institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova təqdim etmişdir. O, ilk növbədə hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, Tarix İnstitutu Şuşa ili ilə bağlı 18 fevral 2022-ci ildə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə birgə “Şuşa-270: arxeologiyasi, tarixi, etnoqrafiya və antropologiyasi” adlı respublika elmi konfransı, 5-6 dekabr 2022-ci il tarixləridə “Şuşa-270: Dünya mədəniyyət mərkəzləri kontekstində” adlı beynəlxalq elmi konfrans keçirmişdir. Konfranslarda Şuşa ilə bağlı Azərbaycan,Türkiyə, Ukrayna, Polşa, Albaniya və s. ölkələrdən olan alimlərin ümumilikdə 80-dən çox elmi məruzəsi dinlənilmişdir. Həmçinin Şuşa ilə bağlı 1 monoqrafiya və 1 sənədlər toplusu da çap edilmişdir.

Ellada Bəkirova bildirmişdir ki, Tarix İnstitutunun 2022-ci il üçün ən mühüm elmi nəticələrindən biri İrəvan tarixi ilə bağlı hazırlanan “İrəvan necə varsa: keçmişdən bu günə” adlı əsər olmuşdur. Əsərdə ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunmuş, şəhərinin coğrafiyası, tarixinin əsas dövrləri, Ermənistanın İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, şəhərin toponomiyası, epiqrafik abidələri, dialekti və başqa məsələlər geniş şəkildə təhlil olunmuşdur.

Ümumilikdə hesabat ilində Tarix İnstitutunda baş elmi-tədqiqat planına uyğun olaraq “Azər¬baycan tarixinin tədqiqi” və “Ümumi tarix” elmi istiqamətləri üzrə tədqiqat işləri aparılmış, “Azərbaycan tarixinə dair ümumiləşdirici tədqiqatlar”, “Tarixşünaslıq və mənbəşünaslıq tədqiqatları”, Əliyevşünaslıq tədqiqatları”, “Azərbaycanın siyasi tarixi”, “Sosial-dini tarix”, “Şəhərlərin tarixi”, “Azərbaycanın tarixi bölgələrinin tədqiqi”, “Beynəlxalq münasibətlər tarixi”, “Cənubi Qafqazın siyasi tarixi” 9 problem üzrə işlər yerinə yetirilmişdir. İnstitut 2022-ci il ərzində 1 beynəlxalq elmi konfrans, 3 respublika konfransı, 7 dəyirmi masa, 2 elmi sessiya, 4 elmi seminar, 1 kitab təqdimatı keçirmişdir.

2022-ci ildə institutun əməkdaşları tərəfindən 285 əsər, o cümlədən 45 kitab, onlardan 24 monoqrafiya, 1 dərslik və 2 elmi-kütləvi nəşr, 108 məqalə, 150-yəyaxın məruzə və tezis, beynəlxaq elmi bazalara (“Web of Scinece”, “Scopus” və s.) daxil olan jurnallarda 25 məqalə olmaqla bütövlükdə xaricdə 40 əsər çap olunmuşdur. İl ərzində institutun əməkdaşları xaricdə keçirilmiş 33 beynəlxalq elmi konfransda əyani və onlayn oalraq iştirak etmişlər.

Ellada Bəkirova məlumat vermişdir ki, cari il ərzində institutda elmi kadrların hazırlanması prosesi davam etmiş, 4 fərqli ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru istiqamətlərində doktorant və dissertantlar qəbul olunmuşdur. Hazırda institutda 16 nəfər doktorant (fəlsəfə doktorluğu üzrə),16 nəfər dissertant (fəlsəfə doktorluğu üzrə), 10 nəfər doktorant (elmlər doktorluğu üzrə), 30 nəfər dissertant (elmlər doktorluğu üzrə) təhsil alır. İnstitutun magistraturasında isə 4 ixtisas üzə ümumilikdə 15 nəfər magistrant təhsil alır. Hesabat ili ərzində institutuda 6 nəfərin (3 nəfər Tarix İnstitutundan olmaqla) elmlər doktoru və 20 nəfərin (8 nəfər Tarix İnstitutundan olmaqla) fəlsəfə doktoru dissertasiyasının da müdafiələri keçirilmişdir.

İclasda akademik Nailə Vəlixanlı, Tarix İnstitutunun Elmi şurasının üzvləri çıxış edərək hesabata münasibətlərini bildirmiş, təklif və tövsiyələrini səsləndirmişlər.

      

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: