AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

16.12.2022 14:26

Dekabrın 15-də AMEA-da “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Tarix İnstitutu tərəfindən 2021-2022-ci illər ərzində çap olunmuş kitablar, monoqrafiyalar və broşürlər nümayiş etdirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları - Zahid Oruc, Tural Gəncəliyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Türkiyədən olan qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində mütləq Zəfərlə başa çatan Vətən müharibəsinin ölkəmizin çoxəsrlik tarixinin ən nadir və parlaq səhifələrindən biri olduğunu deyib. Qeyd edib ki, Qarabağda qazanılmış tarixi Qələbə ilə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Dövlət başçısının rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinin aparıldığını deyən akademik İsa Həbibbəyli bu istiqamətdə qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Azərbaycan tarixinin ən böyük dövlət proqramlarından birincisi olduğunu söyləyib. Həmçinin Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində atdığı addımların Azərbaycanın Avrasiya məkanında rolunu və mövqeyini gücləndirəcəyini bildirib.

Sonra Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Şuşa - siyasi mərkəzdən mədəniyyət paytaxtına (tarixi yolun əsas mərhələləri)” mövzusunda məruzə ilə çıxış edib.

O, bildirib ki: XIII əsrin əvvəllərində Atabəylər, Şirvanşahlar dövründə Azərbaycanda 70 yaxın şəhər var idi. Həmin şəhərlərdə 1 milyon yarım əhali yaşayıb. Bu gün biz Azərbaycan Respublikasının ərazisinə baxsaq görərik ki, şəhər və kənd əhalisi təxminən bərabərdir. O dövrdə şəhər əhalisi kənd əhalisindən çox idi Azərbaycanın şəhərlər ailəsində olan hər bir şəhərin öz hekayəti vardır. Amma Şuşa şəhəri yaranması və fəaliyyəti ilə Azərbaycanın şəhərlər ailəsində çox unikal bir səhifə açıb. Bu şəhər necə salındı? Bunun əsas siyasi məsələlərindən biri buna uyğundur. Bu şəhərin salınması Azərbaycan memarlıq, şəhərsalma sənədinin tərkib hissəsi olmaqla bərabər, Azərbaycanın ən görkəmli dövlət xadimlərindən biri olan Pənah xanın siyasi iradənin, siyasi təfəkkürünun və siyasi perspektivliyi görmək baxımından irəli gəlir.

1918-1920-ci illər Şuşa siyasi arenada özünə çox mühüm yer tuturdu. 1919-cu ilin yanvarında Qarabağ quberniyası yaradılıb və Şuşa onun mərkəzi olub. Bu gün tarixi faktlar əsasında söyləyə bilərik ki, əgər Cümhuriyyət dövründə Şuşanın ətrafında birləşən vətənpərvər qüvvələr olmasaydı Bakı istisna olmaqla Azərbaycanın o bölgələrində çox böyük faciələr yaşaya bilərdik və bu günlərdə Şuşanın tarixi taleyinin müəyyənləşməsində o dövrün çox böyük rolu olmuşdur, ancaq sovet dövründə çox ciddi dəyişikliklər baş verdi.1923-cü il Şuşanın Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilməsi Azərbaycan xalqına qarşı çox böyük bir cinayət faktıdır. 1945-ci ilin noyabrında erməni kommunist partiyasının birinci katibi Stalinə müraciət edir ki, Dağlıq Qarabağ Ermənistana verilsin. Ona görə də Şuşanın Dağlıq Qarabağ vilayətinin tərkibinə daxil edilməsi gələcəkdə böyük prablemlərin əsasını qoydu. Bu siyasi hadisələrdən necə olur ki, Şuşanın mədəniyyət paytaxtına çevrilməsi meydana gəlir? Əgər Şuşanın siyasi paytaxt kimi banisi Pənahəli xandırsa, mədəniyyət paytaxtı kimi banisi Ulu Öndər Heydər Əliyevdir. Bu iki məsələnin bir yerdə Şuşanın tarixinin öyrənilməsində çox böyük rolu olub. Ulu Öndər o zaman sovet rejimi şəraitində Şuşanın inkişafını, dirçəlişini və bu gün bizim Şuşada gördüklərimizin mövcud olması üçün həmin siyasəti həyata keçirib.

Mənim həyatımda eşitdiyim ən gözəl söz Azərbaycan Prezidentinin Şəhidlər xiyabanında Şuşa şəhərinə müraciəti idi. “Şuşa sən azadsan, Şuşa biz qayıtdıq, Şuşa biz səni dirçəldəcəyik”. Mənə elə gəlir ki, Şuşa bəyannaməsi ilə Azərbaycan Respublikasının prezidentinin diplomatik siyasəti gələcəkdə xüsusi tədqiqatların predmeti olmalıdır deyə K.Şükürov qeyd edib.

Daha sonra Tarix İnstitutunun baş direktoru Kərim Şükürova AMEA-nın Fəxri fərman təqdim olunub.

      

Paylaş: