26.12.2022 15:05
Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilib.
“Qarabağ Azərbaycandır!” şüarı altında təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin müdafiə nazirləri, Silahlı Qüvvələrinin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın və AMEA-nın Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun çıxışları dinlənilib.
Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini, Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ Zəfərini əks etdirən film nümayiş olunub.
Mərasim zəngin bədii proqramla davam edib.
Qeyd edək ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.
Azərbaycanda böyük maraqla qarşılanan kitabın ölkəmizdən kənarda başqa dillərdə yayılması prosesi davam edir. Türk, rus dillərindən sonra kitab ingilis dilində nəşrə hazırdır. Eyni zamanda, fars dilinə tərcümə işlərinə başlanılıb.
Oxuculara türk dilində təqdim olunan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi ilə bağlı söylədiyi müdrik ifadələrlə başlanır. Nəfis tərtibat, yüksək poliqrafiya ilə çap edilən kitabdakı məlumatlar və fotolar Azərbaycanın müstəqillik tarixinə dair mühüm vəsaitdir.