AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

26.12.2022 15:33

26 dekabr 2022-ci il tarixində AMEA-nın Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin təşkilatçılığı ilə “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda respublikanın müxtəlif elmi müəssisə və universitetlərindən qədim dövr tarixi ilə məşğul olan mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilmişdir. Konfransı giriş sözü ilə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq bildirdi ki, belə bir konfransın keçirilməsi gününüzün şərtidir. Azərbaycan tarixinin daha ciddi tədqiqatlara ehtiyacı olan sahələrindən biri kimi atropatenaşünaslığa öz töhfəsini vermək, bu sahədəki boşluqları müəyyən etmək üçün Tarix İnstitutu belə bir konfransı təşkil etdi. Kərim Şükürov qeyd etdi ki, bu Tarix İnstitutu üçün çox böyük bir hadisədir və yaxın gələcək üçün institutun elmi tədqiqat istiqamətləri içərisində ən mühüm qollardan birini təşkil etməli,atropatenaşünaslıqda yeni səhifələr açmalıyıq.

Daha sonra tarix elmləri doktoru Həsən Həsənovun “Atropat və Makedoniyalı İsgəndər” adlı, institutun Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevin “Karibtu-Kerefto: Atropatenada Heraklın kult mərkəzi” və “Makedoniyalı İsgəndərin müasiri olan iki Atropat: şəxsiyyətin indentifikasiyası ilə bağlı problemlər”, tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Cənubi Azərbaycan III-IX əsrlərdə (Suriya mənbələri əsasında)” mövzu üzrə məruzələri dinlənildi. Eyni zamanda arxeoloq alimlərdən tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun “Atropatena tarixinin öyrənilməsində Naxçıvan arxeoloji abidələrinin rolu”, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurivun “Arpaçay vadisinin Atropatena dövrü abidələri”, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin “Atropatenanın dəfn formaları (Piboz nekropolu tədqiqatları əsasında)” adlı məruzələri dinlənildi. İnstitutun gənc əməkdaşlarından Ramin Əlizadənin “Zəngəzur e.ə. IV - b.e. III əsrlərində”, Aysel Kərimovanın "Atropatena Polibi və Strabonun qeydlərində”, İradə Səfərovanın “Flavi Arrian Atropat haqqında” adlı məruzələri də konfransda səsləndirilən tezislərdən idi. Sonda mövzu ətrafında müzakirələr və məruzəçilərə verilən suallar əsasında elmi diskussiya aparıldı. Məruzə materialları və müzakirə olunan məsələlər çap olunduqdan sonra ictimaiyyətə təqdim olunacaqdır.

                          

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: